30 may 2019 14:00
532

İşçilər şirkətdən gedərkən “işin incəliklərini” ​özləri ilə aparırlar

"Biznes prosesləri effektiv şəkildə idarə etmək üçün şirkətlərdə böyük məlumat bazası tələb olunur. İşçilər şirkətdən gedərkən “işin incəliklərini” –nou-hau (know-how) ​ özləri ilə aparırlar. Məhz bu problemlərin qarşısını almaq, işçilərin şirkətə verdikləri töhfələri qoruyub saxlamaq və növbəti illərdə istifadənin təmin edilməsi məqsədilə şirkətlərdə vahid məlumat bazasının yaradılmasına zərurət yaranıb".

"İki sahil" xəbər verir ki, bu barədə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.

X. Məmmədov vurğulayıb ki, böyük təşkilatlarda insan resursları proseslərində effektivlik əldə etmək üçün standartlaşdırılmış qayda və prosedurlara əsaslanan idarəetmə sisteminin qurulması labüddür. Bu mənada standartlaşdırılmış proseslərin şirkətin bütün struktur bölmələrində səmərəli tətbiqi üçün avtomatlaşdırması və rəqəmsal həllər informasiyasın operativ idarə edilməsində əsas uğur faktorudur.

"Xatırlatmağı özümə borc bilirəm ki, neft sənayesində ilk know-how - istehsalat texnologiyasının əsası məhz bizim doğma Bakımızda qoyulmuşdur. 1847-ci ildə Bibiheybətdə neftin sənaye üsulu ilə hasil olunması “Rotşild qardaşları” , “Nobel qardaşları” kimi şirkətlərin, nüfuzlu milyarderlərin Bakıya axını ilə nəticələnmişdir. Bu texnologiya digər ölkələrə ötürüldü və zəhmətkeş Azərbaycan neftçilərinin əməyi qorunub saxlanılmadı. Neftin qazılma texnologiyasının qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi nüansı özü bilik və məlumat bazasının qorunmasına ən bariz nümunədir"-deyə, vitse-prezident qeyd edib.