18 fevral 2020 20:07
1394

İqtisadi sahədə şəffaflıq təmin edilir

Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bu şəffaflıq hesabına təkcə keçən il bir milyard manatdan çox vəsait dövlət xəzinəsinə daxil edilib ki, bu da vətəndaşların pensiyalarının, əməkhaqlarının artırılmasına yönəldilib

“Sahibkarlığın inkişafı üçün dövlət bu il də kifayət qədər böyük vəsait nəzərdə tutur” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu tələbi də diqqətə çatdırır ki,  hazırda daha çox güzəştli kreditlər portfelində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir. Çünki inkişaf etmiş ölkələrin ümumi daxili məhsulu böyük dərəcədə kiçik və orta sahibkarlıq tərəfindən formalaşır. Biz də bu yolla getməliyik.

Sahibkarlığın inkişafını şərtləndirən əsas amillərdən biri  infrastruktur layihələrinin uğurlu icrasıdır. Ölkə Prezidentinin vurğuladığı kimi,   əgər rayonlarda işıq,  yol olmasaydı, hansı sahibkar orada iş görə bilərdi. Qaz olmasaydı, hansı istixananı işlədə bilərdi. İnfrastrukturun yaradılması ilə yanaşı, sahibkarlara  güzəştli kreditlər verilir. Fermerlər torpaq vergisi istisna olmaqla vergilərdən azaddırlar. Bu diqqət və qayğının qarşılığında sahibkarların qarşısına tələblər qoyulub: Dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər... “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bu məqam xüsusi qeyd olunmuşdur ki,  bölgələrdə sahibkarlıq fəaliyyəti üçün nə qədər əlverişli şərait yaradılırsa, vergitutma bazası bir o qədər genişlənir və sosial-iqtisadi məsələləri həll etmək üçün əlavə maliyyə mənbələri yaranır.

Qeyd etdiyimiz kimi, ölkənin hərtərəfli və dayanıqlı inkişafında regionların sosial-iqtisadi Dövlət proqramları mühüm rol oynayır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildə ilk Dövlət Proqramı qəbul edildi. Artıq IV Dövlət Proqramının icrasının bir ili tamam oldu.  Ötən dövr ərzində bölgələrdə həyata keçirilən işlərə nəzər saldıqda görürük ki, regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilən Dövlət proqramlarının icrası istiqamətində mühüm addımlar atılıb. Həmin proqramların icrası nəticəsində  2004-cü ildən bu günə qədər  2,3 milyondan artıq yeni iş yeri yaradılıb. Təkcə sonuncu IV Dövlət Proqramının icrası sayəsində 98 min  yeni iş yeri açılıb. Yeni iş yerlərinin bir hissəsi regionlarda açılan çoxsaylı istehsal, emal, sənaye, xidmət və sosial obyektlərin payına düşür. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin Kürdəmirə səfəri çərçivəsində də bir sıra sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilmişdir. Hər bir  obyektin açılışı yüzlərlə insanın işlə təminatı, bu isə öz növbəsində onların sosial müdafiəsinin gücləndirilməsi deməkdir.  Son illərdə  regionlarda yeni istehsal, emal və xidmət müəssisələrinin açılması əhalinin paytaxta axınının qarşısını  alıb. Eyni zamanda,  paytaxtdan bölgələrə qayıtma halları da üstünlük təşkil edir.

2019-cu ildə dördüncü  Dövlət Proqramının icrasına uyğun olaraq bölgələrdə sahibkarlığı inkişaf etdirmək məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə önəmli dəstək verməsi sayəsində Qəbələdə, Abşeronda, Füzulidə, Sumqayıtda, Şəkidə, Şamaxıda Kiçik və Orta Biznes  mərkəzləri fəaliyyətə başlayıb. 2019-cu ildə  1573 sahibkarlıq subyektinə 175 milyon manat məbləğində güzəştli kredit verilib.

Ölkədə həyata keçirilən iqtisadi siyasətin bir istiqaməti də sənayeləşmədir. Hədəf həmin siyasətə uyğun olaraq, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və istehsal sahəsində əhalinin məşğulluğunun artırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə imzaladığı  “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında, həmçinin bu günlərdə   “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam da bu məqsədə xidmət edir. Ölkədə əmək ehtiyatlarından səmərəli istifadə, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, layiqli əməyin dəstəklənməsi, işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması və əmək məhsuldarlığının yüksəldilməsi hesabına iqtisadi inkişafın təmin edilməsi Strateji yol xəritələrində başlıca məqsədlər olaraq müəyyən edilib. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün cari ildə də  sənaye parkları və məhəllələrinin tikintisi, onların fəaliyyətə başlaması istiqamətində işlər davam etdiriləcək. Ötən il  Pirallahı Sənaye Parkında illik istehsal gücü 150 milyon birdəfəlik şpris olan “Diamed Co” zavodu istismara verildi.  Sumqayıt Kimya Sənaye Parkında tikilən SOCAR-ın Karbamid zavodu fəaliyyətə başladı.  Müəssisə ildə 650-660 min ton karbamid məhsulu istehsal etməyə qadirdir. Bununla yanaşı, “SOCAR Polymer” MMC-nin yüksək sıxlıqlı polietilen istehsalı zavodu da istifadəyə verilmişdir.  Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 13-ə çatmışdır.

Qeyri-neft sektorunun əsas istiqamətlərindən olan  aqrar sahənin inkişafı öz prioritetliyini qorumuş və cari ildə də bu işlərin davam etdiriləcəyi vurğulanır. Dövlət kiçik və orta fermer təsərrüfatlarını dəstəkləməklə yanaşı, iri fermer təsərrüfatlarının və aqroparkların yaradılmasını da stimullaşdırır. Aqrar sektorun inkişafında, regionlarda iqtisadi potensialın artırılmasında və ərzaq təhlükəsizliyinin təmin edilməsində qabaqcıl texnologiyalardan istifadə edən aqrar müəssisələrin yaradılmasına ehtiyac var. Ötən il  ölkə üzrə 33 rayonu əhatə edən  51 aqropark və iri fermer təsərrüfatının yaradılması istiqamətində işlər görülmüşdür.  Bu layihələrin icrası sayəsində bölgələrdə minlərlə  yeni iş yeri yaradılacaq.

Göründüyü kimi, ölkəmizdə  aparılan islahatların, görülən işlərin  miqyası  geniş və çoxşaxəlidir. Bu islahatlar, həyata keçirilən tədbirlər ümumilikdə  ölkənin inkişafını yeni səviyyəyə qaldırmaq, cəmiyyətin inkişafına mane olan, hər bir vətəndaşı narahat edən və ölkənin imicinə xələl gətirən neqativ halları tam aradan qaldırmaq məqsədi daşıyır.

Azərbaycanın brendi kimi dünyaya səs salan “ASAN xidmət”, ABAD, DOST kimi layihələr  ölkəmizin yenilikçi olmasını təsdiqləməklə yanaşı, şəffaflığın təminatında, vətəndaş məmnunluğunun artırılmasında nə qədər maraqlı olduğunu nümayiş etdirir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan, 100-dən çox xidməti özündə  birləşdirən DOST mərkəzlərinin fəaliyyətini dövlətimizin başçısı İlham Əliyev belə dəyərləndirir: “Bizim siyasətimiz, demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək.” DOST mərkəzlərinin ümumi sayı 30-dan çox olacaq.

Cənab İlham Əliyev bu günlərdə  Kürdəmir rayonuna səfəri zamanı  “ASAN xidmət” mərkəzinin açılışında da bu kimi məqamları xüsusi qeyd etmişdir ki, “ASAN xidmət” mərkəzlərində yaranmış bu gözəl ab-hava ölkəmizin digər sahələrinə də müsbət təsir göstərir: “Amma birinci mərkəzlər açılan zaman insanlara elə gəlirdi ki, bu, vətəndaşların rahatlığı üçün sadəcə, bir layihədir, xidmət layihəsidir. O vaxt bir çoxları bəlkə də dərk etmirdilər ki, bu, bir layihə deyil, bu, siyasətdir, hərəkatdır, bu, niyyətdir. Baxın, bu gün Azərbaycanın hər bir sahəsində islahatlar aparılır - siyasi sahədə, iqtisadi sahədə, struktur islahatları, kadr islahatları... İqtisadi sahədə şəffaflıq təmin edilir. Bu şəffaflıq hesabına təkcə keçən il bir milyard manatdan çox vəsait dövlət xəzinəsinə daxil edildi və bu vəsait son qəpiyinə qədər vətəndaşların pensiyalarının, maaşlarının artırılmasına getmişdir. Bu ilin yanvar ayında xəzinəyə proqnozdan əlavə 160 milyon manat daxil edildi. Biz bunu da sosial layihələrə xərcləyəcəyik.” Cari ildə 5 “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur. Beləliklə, ümumi say 21-ə çatacaq.

Məhz Azərbaycanın bütün sahələrdə inkişafına geniş yol açan iqtisadi tərəqqiyə söykənərək  nüfuzlu “News & World Report” mətbu orqanı tərəfindən aparılmış təhlilə əsasən dünyanın ən güclü ölkələrinin siyahısı müəyyən edilib.  Siyahıda cəmi 80 ölkənin adı var və Azərbaycan bu siyahıda güclü ölkələr arasında 45-ci yerdədir. İqtisadi inkişafın templərinə görə isə ölkəmiz dünya miqyasında 35-ci yerdədir. Azərbaycana beynəlxalq baxışın, həmçinin reytinq cədvəllərində mövqeyin yüksək olmasını təsdiqləyən amillərdən biri də son 16 ildə ölkə iqtisadiyyatına 270 milyard dollar vəsaitin qoyulmasıdır. Təkcə ötən il bu rəqəm  13, 5 milyard dollar olub. Valyuta ehtiyatları 6,4 milyard dollar artaraq 51 milyard dollara çatıb. Cari ilin ilk ayında  bir milyard dollar artaraq 52 milyard dollar olub. Böyük həcmdə sərmayə qoyuluşu və valyuta ehtiyatlarının artımı Azərbaycanın öz iqtisadiyyatını düzgün əsaslar üzərində qurmasının göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyevin istər ənənəvi keçirilən Davos Dünya İqtisadi Forumu, istərsə də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşlərdə də Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı addımlar təqdir olunaraq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün əlavə imkanların yaradıldığı xüsusi qeyd olunmuşdur.

Yeganə Əliyeva, “İki sahil”