KÖŞƏ

Zahid Rza

İqtisadi islahatlar davamlı xarakter daşıyır

14 sentyabr 2020 18:18
1521

Azərbaycanda uğurla reallaşdırılan genişmiqyaslı islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qarşılanır.  Prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan kompleks islahatlar nəticəsində beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin irəliləməsi ölkənin investisiya cəlbediciliyini artırmaqla, qeyri-neft sektoruna sərmayə qoyuluşunu asanlaşdırır. Ölkəmizin artan iqtisadi gücü, potensialı, bu potensiala uyğun olaraq atdığı addımlar, həyata keçirdiyi islahatlar ölkəmizin təkcə Cənubi Qafqaz regionunda deyil, eləcə də beynəlxalq aləmdə mövqeyini hər gün möhkəmləndirir.

Bu gün ölkə iqtisadiyyatının postpandemiya dövründə daha sürətli inkişafının təmin edilməsi, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək məqsədilə mühüm addımlar atılır, islahatlar gündən-günə dərinləşir. Bu baxımdan ölkə başçısının Fərmanı ilə İqtisadi Şuranın yaradılması mühüm əhəmiyyətə malikdir.

 İqtisadi Şura yeni bir platforma olaraq dünya və milli iqtisadiyyat üçün mürəkkəb bir dövrdə ən çətin tapşırıqları kollegial şəkildə müzakirə etmək, ortaq məxrəcə gəlmək üçün əlverişli institutdur. Ölkə başçısının tapşırığına əsasən, Şura iqtisadi siyasətin çərçivələrinə dair Proqram hazırlamalıdır. Dövlət investisiyalarına paralel olaraq özəl yerli və xarici investisiyaların cəlbi yeni dövr iqtisadi siyasətinin əsas istiqaməti olmalı, özəl sektorun aparıcı rolu təmin edilməli, investisiya mühitinin yaxşılaşdırılması üçün ciddi və radikal addımlar atılmalıdır. Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavabın verilməsini təmin etmək məqsədilə ölkə başçısı tərəfindən qarşıya yeni vəzifələr qoyulmuşdur.  Bunlar makroiqtisadi və maliyyə sabitliyinin qorunması, iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün yeni mexanizmlərinin formalaşdırılması, daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılması, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlb olunması, qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi, investisiya mühitinin radikal yaxşılaşdırılması, ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi, sosial-iqtisadi rifah səviyyəsinin yüksəldilməsi və digər strateji vəzifələrdən ibarətdir. Həmçinin iqtisadi Şuranın hazırlayacağı model xarici investorların Azərbaycana cəlb edilməsinə münbit şərait yaratmalıdır. İqtisadi Şura hər altı aydan bir görülmüş işlər barədə Prezidentə məruzə edəcək.

Ekspertlər qeyd edirlər ki, İqtisadi Şura təkcə pandemiya dövründə dəyən iqtisadi ziyan və xarici maliyyə şoklarının minimallaşdırılması deyil, eyni zamanda, fərqli sektorlarda qiymətləndirmənin aparılması və bu istiqamətdə proqram və layihələrin həyata keçirilməsini təmin edəcək. Bundan əlavə, İqtisadi Şura ölkədə investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı təkrar paket hazırlayacaq. Xarici sərmayənin cəlb edilməsi üçün mövcud imkanların inkişaf etdirilməsinə, biznesin dəstəklənməsinə də töhfələr verəcək. Burada diqqət çəkən məqamlardan biri də Şura tərəfindən fərqli sektorların mövcud vəziyyətinin qiymətləndirilməsindən sonra təkliflərin hazırlanmasıdır.

Bütün bunlara əsaslanaraq əminliklə demək olar ki, iqtisadi islahatların daha effektiv icrasına nail olmaq məqsədi ilə yaradılan İqtisadi Şura qısa bir zamanda ölkə iqtisadiyyatının yenidən dirçəlməsinə və vətəndaşların sosial rifahının artmasına böyük töhfələr verəcək, respublikamızın iqtisadiyyatının müasir dövrün çağırışlarına uyğunlaşdırılmasına imkan verəcək, məsələlərin çevik həllinə şərait yaradacaq.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?