KÖŞƏ

Taleh Şahsuvarlı
AzNews.az portalının Baş redaktoru

İqtidar “Milli Şura”nın rəzil olacağını bilir və...

17 yanvar 2019 10:01
1101

Dinc aksiyada çəkilən şəkillərlə Avropada sığınacaq almaq olmur...

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) “Milli Şura”nın mitinq keçirilməsi ilə bağlı müraciətinə müsbət cavab verib.

Mitinq “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarına riayət olunmaqla, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) keçiriləcək.

Aksiyanın təşkilatçılarına tövsiyə olunub ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən, ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən, o cümlədən təhqiramiz şüarlardan istifadə olunmamasına ciddi nəzarət etsinlər.

Əslində, etiraz aksiyası keçirmək də, keçirilməsinə şərait yaratmaq da demokratik cəmiyyətlər üçün xasdır. Fərqi yoxdur, o aksiyaya bir nəfər, beş nəfər çıxır, yoxsa onminlər, yüzminlər, başlıcası insanların etiraz hüququnun tanınması və ifadə olunmasıdır.

Demokratikləşmə sürəcindən keçərək çağdaş dünyanın bir parçası olmaq əzmində olan Azərbaycana qarşı bütün iftiraları atmağa hazır olanlar zaman-zaman ölkəmizdə sərbəst toplaşmaq hüququnun əngəllənməsindən danışırlar. Ancaq bir az təfsilatına nəzər salanda məlum olur ki, bu, heç də belə deyil. Azərbaycan hakimiyyəti öz etirazçılarına vaxt da, yer də, meydan da ayırır. Hətta dəfələrlə olub ki, etirazçılar aksiya üçün yaradılmış şəraitin rahatlığından qıcıqlanıblar, yumşaq desək, şuluxluq ediblər, bəzən polisi təxribata çəkməyə də cəhd göstəriblər. Səbəbi məlumdur. Dinc aksiyada çəkilən şəkillərlə Avropada sığınacaq almaq olmur. Nəticədə mühacir biznesi ilə məşğul olan müxalifət liderlərinin nəfi qudurub mayanı yeyir.

Üstəlik, artıq neçənci dəfədir məlum olur ki, Azərbaycan hakimiyyətinin siyasi texnoloqları müxalifətin keçirdiyi mitinqlərdən həm iqtidarın ümumi maraqları, həm də dövlətin mənfəətləri üçün faydalanırlar.

Bu, necə baş verir?

Azərbaycan hakimiyyəti əmindir ki, hazırkı müxalifət onunla xalqın arasına girməyə qadir deyil, eni 45, uzunu 90 metr, başqa sözlə, 4 min kvadratmetrdən azacıq çox olan sahəyə uzaqbaşı elə bu qədər tərəfdar toplaya bilər. Əvvəlki mitinqlərin təcrübəsi hər kəsə agah edib ki, “Milli Şura” adlanan qurumun aksiyalarına, hətta Müsavat Partiyası da dəstək verəndə, ən yaxşı halda, cərimə meydançası dolur. Bu isə təqribən 665 kvadratmetr və təqribən elə o qədər də etirazçı deməkdir. Sahəyə beş adam artıq, üç adam əskik çıxsa belə, son nəticə dəyişmir. Azərbaycanda 5 milyon 192 mindən çox seçici var. Ortalama min nəfərlik etirazçı siyasi fəal bu rəqəmə nisbətdə elektoratın aşağı-yuxarı 0,1 faizini təşkil edir.

Gəlin, məntiqlə və soyuqqanlı yanaşaq

Hansı hakimiyyət istəməz ki, aradabir ümumi elektoratın 0,1 faizlik kəsimindən ibarət etirazçılarına meydan versin, onlar həmin meydanda bir az coşsunlar və bu coşmaqları ilə əslində, cəmiyyətdəki mümkün narazı təbəqələri siyasətdən soyudub depressiyaya salsınlar?

Hansı hakimiyyət istəməz ki, vaxtaşırı bütün dünyaya göstərsin ki, budur, onun əleyhdarları heç bir ovuc da deyil, məsələn, babat bir futbol klubunun uşaqlı-böyüklü heyəti Azərbaycan müxalifətinin simpatizanlarından daha çoxdur?

Azərbaycan müxalifətinin bu acınacaqlı hala düşməsinin səbəbi isə elə müxaliflərin özünə və onların siyasi sosiallaşma tarixinə bağlıdır. 1988-1993-cü illərdəki siyasi proseslərin yetirməsi olanlar Azərbaycanın genişlənən biznes mühitinin yaratdığı sosial diferensasiyadan bəhrələnə bilməzlər. Fikrimi izah etmək üçün bircə nümunə təqdim edəcəm. “Milli Şura” “Məhsul” stadionunda mitinq keçirərkən yolunuzu “Gənclik Mall”dan salın, yuxarı mərtəbədəki restoran və kafelərin masalarına bir göz gəzdirin. Əmin edirəm sizi, orada daha çox adam görəcəksiniz, nəinki meydanda.

Əgər bir siyasi partiya və onun müttəfiqləri öz iddialı etiraz aksiyasına bir toyxana iştirakçıları qədər tərəfdar toplaya bilmirsə, o partiyanın və o partiyanın rəhbərlərinin müxalifət brendini əlindən verməməsi üçün hakimiyyət əlindən gələni əsirgəməməlidir.

Heç əsirgəmir də!!!

İcazənizlə, məsələyə bir də səmimi müxalifətçilərin prizmasından baxaq. O adamların ki, onlar fərd kimi mühacir biznesindən, çirkli pulların yuyulmasından, qrant maxinasiyalarından kənardadırlar, gerçəkdən vətənpərvər insandırlar və mövzu dövlətin maraqları olanda bütün narazılıqlarını və ambisiyalarını kənara qoymağa hazırdırlar. O adamlar haqlı olaraq soruşa bilərlər ki, bəs, nədən “Milli Şura” və onun rəhbərliyi elektoratın hətta narazı olan kəsiminin maraqlarının ifadəçisi ola bilmir, onları aksiyalarda iştiraka cəlb etməyi bacarmır?

Bu suala cavabı hələ iki il öncə vermişəm və indi onu “copy-paste” edərək bura yazacam. Diqqətinizi ona çəkirəm ki, müxalifət partiyaları ötən iki il ərzində bir rəydə bir kəlimə də olsun dəyişiklik etməyə lüzum yarada bilməyib:

* İnsanlar hər zaman və hər yerdə qələbəyə yaxın, zəfər müjdəsi verən qüvvələrə meyil edir, illərin, on illərin xroniki məğlubiyyət sindromu ilə üzləşmiş tiplərə kimsə güvənməz.

* Uzun zaman hakimiyyətə gələ bilməyən, seçkilərdə iştirak etməkdən qorxan və ya iştirak etdiyi seçkiləri mütəmadi olaraq uduzan siyasətçilər bu yenilgilərini ancaq və ancaq ardıcıl ideoloji xətlə kompensasiya edə bilər. Əlbəttə, Əli Kərimlinin, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin timsalında hakimiyyətin himayəsi ilə deputat olmuş şəxslərdən belə bir idealizm gözləmək əbəsdir. Sadəcə, nəzəri cəhətdən məsələ belədir. Bir yanda metroda öpüşmək ehtirasında, o yanda bütün qadınları çadraya bürümək iddiasında olanlara “göy muncuq” dağıtmaqla ideoloji cazibə mərkəzi olmaq qeyri-mümkündür.

19 yanvara təyin olunmuş aksiyanın motiv və şüarlarına gəlincə, adına el arasında “Xədicənin dəstəsi” deyilən “Milli Şura”nın cəmiyyəti kütləvi etiraza Mehman Hüseynovun həyatı bahasına səsləmək təxribatı da işə yaramadı.

Odur ki, “Milli Şura”nın mitinq tribunasına çıxacaq isimlər kimi, həmin aksiyadakı tələblərin kontenti də artıq heç kimə maraqlı deyil.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...