Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
28 oktyabr 2020 01:13
561

“iPhone 12” smartfonunun əsas çatışmazlığı açıqlanıb

"iPhone 12" seriyalı smartfonların ilk icmal müəllifləri avtonom iş vaxtının azalmasını bildiriblər. Bu barədə "The Verge" nəşrinin "iPhone 12 Pro" qurğularının icmalında deyilir.

"İki sahil" ictnews.az-a istinadən bildirir ki, nəşrin baş redaktoru Nilay Patelin sözlərinə görə, "iPhone 12 Pro" modelinin avtonom iş vaxtı "4G" və "5G" şəbəkələrindən istifadə zamanı kəskin fərqlənəcək. Smartfonun avtonomluğunu sınaqdan keçirmək üçün jurnalist stabil beşinci nəsil mobil rabitə şəbəkəsi zonasının mövcud olduğu Nyu-Yorka səfər etməli olub. Nəticələr müəllifi məyus edib: təxminən 2,5 saatdan sonra smartfonun ekranında enerjinin 18 faiz qalması göstərilib.

Baş redaktor ehtimal edib ki, avtonomluqda fərq standart "5G" şəbəkəsi və millimetrlik diapazon şəbəkələrindən (mmWave) istifadədə də böyük olacaq. Bu onunla əlaqədardır ki, "mmWave" standartı daha çox enerji sərf edir. Avtonomluqla bağlı problemlər "Engadget" texnologiyalar bloqunun müəllifləri tərəfindən də təsdiqlənib. Onlar akkumulyatorun iş vaxtının daha çox olması üçün seriyanın kiçik modellərini yox, "iPhone 12 Pro Max" almağı tövsiyə ediblər. ABŞ nəşrlərinin müəllifləri tərəfindən ümumilikdə avtonomluğun azalması yeni smartfonların əsas çatışmazlıqlarından biri kimi göstərilib.

Bundan başqa, "The Verge"nin baş redaktoru avtonom iş vaxtı ilə bağlı məsələni aydınlaşdırmaq üçün "Apple" şirkətinə müraciət edib. Şərhdə bildirilib ki, şirkət akkumulyatorun enerjisinin gün ərzində istifadə üçün yetərli olacağını gözləyir. Sonda jurnalist qeyd edib ki, 2019-cu ildə təqdim edilən "iPhone 11" avtonom iş vaxtına görə aktual qabaqcıl modellərdən daha yaxşı olub.

Yeni nəsil "Apple" smartfonları oktyabrın 13-də təqdim edilib. Seriyaya "OLED" ekran, "Apple A14 Bionic" prosessoru və "5G" dəstəyi ilə təchiz edilən dörd qurğu daxildir.