25 sentyabr 2019 20:10
293

İntellektual potensial, bilik, savad, səriştə, təcrübə

Dövlətimizin başçısı İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə bir daha bildirmişdir ki, iqtisadiyyatın elmi əsaslar üzərində qurulması davamlı inkişaf üçün əsasdır

Zəngin təbii resurslara və əlverişli coğrafi məkana malik olan Azərbaycanın iqtisadi sahədə əməkdaşlığına geniş imkan yaradan amillərdən biri təbii ki, elmi, intellektual potensialıdır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev bugünkü uğurlarımızda elmin rolunu xüsusi vurğulayaraq bildirmişdir ki, tarixi ənənələrlə müasirliyin ahəngdar vəhdətində davamlı yeniləşən ölkəmizdə elmin prioritetləri dünya elminin hazırkı inkişaf tendensiyalarına uyğun olub, milli strateji maraqların konseptual şəkildə həllinə yönəlmişdir.

Qloballaşmanın böyük vüsət aldığı müasir dövrdə elmin əhəmiyyətinin gündən-günə artması və yüksək texnologiya sahələrinin sürətlə genişlənməsi çevik innovasiya fəallığı və yeni yanaşmalar tələb edir. Bir sözlə, mövcud şərait düşünən və araşdıran gəncliyin intellektual potensialının tam üzə çıxarılması üçün əlverişli zəmin hazırlanmasını ön palana çıxarır. Bir sözlə, inkişafın kadr siyasəti ilə tamamlanması yeni-yeni hədəflərə yol açır. Dövlətimizin başçısı İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən təntənəli mərasimdə də bu məsələyə xüsusi diqqət yönəltmişdir: “Əsrin kontraktı”nın ölkəmiz üçün, xalqımız üçün çoxşaxəli faydası var. Ancaq onlardan biri də kadr hazırlığıdır. Xatırlayıram, 1994-cü ildə kontraktın üzərində iş aparılarkən xüsusi qeyd edirdik ki, biz istəyirik kontraktda Azərbaycan vətəndaşlarının işə cəlb olunması məsələsi göstərilsin. Biz istəyirdik ki, bu, bir öhdəlik kimi konsorsiumun şirkətləri üzərinə qoyulsun ki, Azərbaycan mütəxəssisləri tədricən bütün əsas vəzifələrdə işləsinlər və belə də oldu. Əlbəttə ki, birinci illərdə xarici mütəxəssislər çoxluq təşkil edirdi. Ancaq xarici şirkətlər və Azərbaycan tərəfindən aparılmış təlim kursları çox güclü kadr potensialı yaratdı. Mənə verilən məlumata görə, bu gün bu təlimlərdən keçmiş mütəxəssislər BP şirkətinin nəinki Azərbaycanda, bir çox ölkələrdə önəmli layihələrində iştirak edirlər, önəmli vəzifələrdə çalışırlar. Bu gün “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsində çalışanların 90 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır, yəni, bunu biz təmin etdik. Bu, çox böyük sərvətdir. Neft, qaz tükənən sərvətlərdir. İntellektual potensial, bilik, savad, səriştə, təcrübə isə dəyişməz sərvətdir. Bu təlimlərdən keçmiş Azərbaycan vətəndaşları, mütəxəssisləri bu gün çox böyük işlər görürlər, ölkəmizin inkişafına böyük töhfə verirlər.”

Son 16 ildə ölkə Prezidenti İlham Əliyevin təhsilin, elmin və yeni texnologiyaların vəhdətinin yaradılması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Məqsəd təhsilin inkişafını dünya standartlarına uyğunlaşdırmaq, elmi araşdırmaların miqyasını genişləndirmək, yeni texnologiyaların tətbiqinə səy göstərmək, ən əsası iqtisadiyyatın və elmin zəncirvari bağlılığı şəraitində dayanıqlı inkişafa nail olmaqdır. Son illərdə atılan addımlara diqqət yetirsək, məktəb tikintisinin və yenidən bərpasının geniş miqyas alması ilə yanaşı, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, “hər şagirdə bir kompyuter” prinsipinə uyğun olaraq yeni texnologiyaların tətbiqinə geniş yer verilməsi diqqətdən kənarda qalmır. Cari ildə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər sırasında xüsusi yer tutan XXXI Beynəlxalq İnformatika Olimpiadası da bu kimi məqamlara işıq salmışdır. Ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi bu tədbir istər yeni texnologiyaların inkişafı, istərsə də gənclərimizin təhsili, elmin nailiyyətlərinə dərindən yiyələnmələri, bacarıqlarını ortaya qoymaları üçün mövcud imkanların təqdimatında əhəmiyyətli rol oynadı.

Qeyd edək ki, 1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın bir çox ölkəsindən olan məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır. Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında iştirak etmək üçün Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qatılmışdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tədbir iştirakçılarına təbrikində bu əminliyi ifadə etmişdir ki, olimpiada informatika sahəsində yeni istedadların üzə çıxarılması, gənclərin informatikaya marağının daha da güclənməsi və təmsilçi ölkələrin sıralarının genişlənməsi işinə öz töhfəsini verəcək. Biliklərə əsaslanan cəmiyyətin formalaşdığı və rəqəmsal bacarıqların son dərəcə zəruri olduğu indiki dövrdə informasiya-kommunikasiya texnologiyaları elmi potensialın vacib göstəricilərindən birinə çevrilib. İnformatika iqtisadiyyatda, elmdə və cəmiyyət həyatında böyük əhəmiyyətə malikdir. Dünya informasiya şəbəkəsinin yaradılması isə kompyuter biliklərinin rolunu xeyli artırmışdır.

Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında  gənclərə bu çağırışları edir ki, əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar yox, məhz biliklər. Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da yüksəlsin. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab verməlidir.

Qeyd edək ki, ölkəmizdə savadlılığın səviyyəsi təxminən 100 faizə yaxındır. Ölkə Prezidenti bildirir: “Təhsillə bağlı olan islahatlar, yeniliklər əlbəttə ki, öz nəticəsini verəcək və verir. Buna müəyyən vaxt, zaman lazımdır. Ancaq biz düzgün yoldayıq və əminəm ki, ölkəmizin uğurlu inkişafını güclü kadr potensialı təmin edəcək. Əsas məqsəd bundan ibarətdir.”

Əvvəldə də qeyd etdiyimiz kimi, gənclərə diqqət və qayğı, onların elmin sirlərinə dərindən yiyələnmələri üçün səylər müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə öndə olub. Azərbaycanın müstəqilliyini düşünən Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə gəncləri keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərirdi. 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra isə gənclərin idarəçilikdə irəli çəkilməsi istiqamətində mühüm addımlar atıldı. Son 16 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi digər istiqamətlər kimi, bu sahədə də özünü qabarıq şəkildə büruzə verir. Təkcə ötən il və cari ilin arxada qalan dövründə imzalanan Fərman və sərəncamlara diqqət yetirməklə təhsilin, elmin inkişafının prioritetliyini daha aydın görə bilərik. Dövlətimizin başçısı İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, həmçinin 23 noyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında sərəncamları uğurlu iqtisadi tərəqqinin kadr hazırlığının beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasından asılı olduğunu bir daha təsdiqlədi. “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə”, “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamlar, “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman da bu silsilədəndir. Ali təhsil sisteminin rəqabətqabiliyyətliliyinin artırılması öz növbəsində beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələb kimi ortaya qoyur. Təcrübə mübadiləsinin genişləndirilməsinin qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa böyük stimul verdiyi əldə olunan nəticələrdən də aydın görünür. Ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramının uğurlu icrası da bu kimi məqsədlərə xidmət etdi. Artıq bu Proqramın icrası müddətində 5 min tələbənin xarici ölkələrdə təhsili təmin edilmişdir. Prezident kimi fəaliyyətə başladığı gündən “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürən və bu istiqamətdə mühüm addımlar atan dövlətimizin başçısı İlham Əliyev hər zaman bildirir ki, hər bir ölkənin inkişafında təhsil, bilik, yeni texnologiyalar əsas yer tutur. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Məhz İKT sektorunda əldə olunan uğurlara söykənərək, bu  fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan bu gün  dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə deyil, həmçinin yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu innovasiyalar ölkəsi kimi tanınır.  “Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər. Azərbaycan da o ölkələrin sırasında olmalıdır” çağırışını edən dövlətimizin başçısı İlham Əliyev bildirir ki,     Avropaya inteqrasiya siyasətini həyata keçirən Azərbaycan dövləti dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə daim  maraq göstərir.

Cari ilin oktyarbrın 10-12 tarixlərində keçirilməsi nəzərdə tutulan Təhsil sərgisi də bu kimi məqsədlərə xidmət edir. Hər bir tədbir təbii ki, özəlliyi ilə diqqət çəkir. Onların əhəmiyyətindən bəhs edərkən əhatə etdikləri sahəyə uyğun olaraq hansı uğurlara imza atılacağı geniş təhlil edilir. Bu baxımdan Təhsil sərgisi Azərbaycanda təhsil xidmətlərinin təşviqi üçün ən səmərəli vasitələrdən biridir. Məlumat üçün bildirilir ki, sərgi həm yerli, həm də xarici ali təhsil müəssisələrinə əsas hədəf auditoriyası-şagirdlər və onların valideynləri ilə görüşlərin keçirilməsi, eləcə də işgüzar əlaqələrin qurulması və möhkəmləndirilməsi üçün imkan yaradan unikal platformadır. Xarici iştirakçıların sırasında Almaniya, Belarus Respublikası, Çex Respublikası, İran, İsveç, Qazaxıstan, Latviya, Litva, Macarıstan, Niderland Krallığı, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Türkiyə və Yunanıstanın nümayəndələri yer alır. O da bildirilir ki, Təhsil Nazirliyinin innovativ stendində sərgidə ən son təhsil metodikası barədə, eləcə də uşaqların inkişafı mərkəzinin mütəxəssislərindən uşaqların təhsili haqqında məlumat əldə etmək mümkündür. Sərgidə, həmçinin Avropa Birliyinin stendində müxtəlif Avropa ölkələrinin təhsil müəssisələri, dil kursları, tələbə mübadiləsi proqramları təqdim olunacaq. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, sərgi təhsil sahəsində ən son nailiyyətləri, innovasiyaları, təhsil prosesində yeni texnologiyaların tətbiq mexanizmlərini nümayiş etdirmək üçün interaktiv platformadır.

Göründüyü kimi, dünya təhsil sisteminə inteqrasiya, təcrübə mübadiləsinin genişləndirilməsi, istər Azərbaycan tələbələrinin bu və ya digər ölkələrdə, istərsə də xarici tələbələrin Azərbaycanda təhsilinə geniş imkanların yaradılması fonunda ölkələr arasında ikitərəfli əməkdaşlığa böyük töhfələr verilir. Bu kimi addımlar təhsilin inkişafına geniş imkanlar yaratmaqla yanaşı, eyni zamanda, hər bir ölkənin, o cümlədən Azərbaycanın həqiqətlərinin təbliğində də əhmiyyətli rol oynayır. Xaricdə təhsil alan hər bir gənc ölkəsinin təbliğatçısıdır.

Azərbaycan sürətlə inkişaf edir. Malik olduğu təbii resurslardan səmərəli istifadəyə, həmçinin ölkəmizin davamlı inkişafına xidmət edən yeni-yeni enerji layihələrinin gündəmə gətirilməsi və uğurlu icrası kadr hazırlığını daha da aktuallaşdırır.

Neft strategiyasının uğurlu icrasına davamlı töhfələr verən SOCAR-da gənclər siyasətinə uyğun olaraq gənc mütəxəssislərin hazırlanması, yerləşdirilməsi, karyera yüksəlişi məsələləri daim diqqət mərkəzindədir. Gənclərlə görüşlərin birində SOCAR-ın birinci vitse-prezidenti, akademik X.Yusifzadənin onlara ünvanladığı bu tövsiyəni xatırlamaq istərdik: “Daim üzləşdiyim bu sualı bir daha sizlərin qarşısında təkrar etmək istəyirəm. Mənə sual olunanda ki, sizin bu uğurlarınızın əsasında nə dayanır, buna cavabım birmənalı və dəyişməz olur- zəhmət, yenə də zəhmət. Nə qədər zəhmət çəksəniz, onun müsbət nəticəsini görərsiniz. Öyrənmək, biliklərə yiyələnmək heç zaman gec deyil. Bu günün gəncləri müasir düşüncəyə, geniş dünyagörüşə malikdir. Sizlər  yaşlı nəslin nümayəndələrindən milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, tariximizə bağlılığı öyrənməklə öz biliklərinizi daha da təkmilləşdirməklə irəliyə doğru addımlamalısınız. Görülən işlər, əldə olunan uğurlar daha yeni-yeni vəzifələrin müəyyənləşdirilməsində əsasdır ki, onların icrası da siz gənclərdən asılıdır.”

Gənclərimizə ünvanlanan bu kimi çağırışlara, həmçinin onların öz potensial imkanlarını ortaya qoymaq, təhsilin, elmin dərinliklərinə dərindən yiyələnmək üçün yaradılan şəraitə söykənərək belə bir ümumiləşdirməni apara bilərik ki, sürətli tərəqqi yolunda olan ölkəmizdə təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi yönündə yeni hədəflərin müəyyənləşdirilməsi və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması gənclərin dünya təhsil sisteminə inteqrasiyasının sürətləndirir.

Yeganə Əliyeva, “İki sahil”