10 may 2019 10:24
230

İnsanların ümid yeri, mədəniyyətimizin və tarixi irsimizin hamisi

Bu günlərdə yaradılmasının 15 illiyi tamam olan Heydər Əliyev Fondu 10 may 2004-cü ildə qeyri-hökumət  və qeyri-kommersiya təşkilatı kimi fəaliyyətə başlasa da, qısa müddət ərzində bütövlükdə  ölkə həyatının demək olar ki, bütün sferalarını əhatə edən çox önəmli bir quruma çevrilməyi bacardı.

Heydər Əliyev Fondu tariximizə müstəqil Azərbaycanın memarı  və qurucusu kimi imza atmış ulu öndər Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını və sevgisini ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək təsis edilib.

Ulu Öndərin ideyalarını yaşatmaq missiyası

Heydər Əliyev Fondu respublikanın  Birinci vitse-prezidenti, Azərbaycanın  birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə 15 il ərzində  təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələri gerçəkləşdirməklə yanaşı, yeni cəmiyyətin formalaşmasına,  ölkənin sosial, iqtisadi və mədəni inkişafına əvəzsiz töhfələr bəxş edib və etməkdədir.

Heydər Əliyev Fondunun çoxyönlü məqsədlərinin kökündə bütövlükdə  Ulu Öndərin ideyalarının yaşadılması dayanır.

Bu ideyalar özündə o qədər ali və humanist məqsədləri ehtiva edir ki,  Fondun indiyədək  əldə etdiyi nailiyyətləri və  qazandığı uğurları qələmə alsaq, cild-cild kitablara sığmaz. Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisini, sivil dünya birliyinə inteqrasiyasını özünə başlıca hədəf kimi müəyyənləşdirən Heydər Əliyev Fondu xalqımızın maddi rifahının yaxşılaşması naminə müxtəlif sahələr üzrə saysız-hesabsız  genişmiqyaslı proqram və layihələri uğurla reallaşdırıb.  

Heydər Əliyev Fondu təhsilli gələcəyimizin qarantı rolunda

Fondun uşaqlarla bağlı daha çox həssaslıq nümayiş etdirməsini xüsusilə vurğulamaq lazımdır. Belə ki, Heydər Əliyev Fondu uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirmək, uşaqların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılması, qabiliyyətlərini göstərməsi və inkişaf etdirməsinə yardım etmək, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi istiqamətində  misilsiz xidmət göstərir. Cəmiyyətdə bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ümumilikdə təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı” , “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramlarını, “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək”  layihələrini xatırlatmaq kifayətdir ki, qurumun bu istiqamətdə necə böyük işlər gerçəkləşdirdiyi haqqında aydın təsəvvür yaransın. Digər tərəfdən Fond bəşərilik prinsiplərini rəhbər tutaraq təkcə ölkəmizdə deyil,  ABŞ, Rusiya, Hollandiya, Gürcüstan, Rumıniya, Pakistan, Misir, Bosniya və Herseqovina məktəblərində də mühüm layihələri reallaşdırıb. Təhsil müəssisələrinin dərs vəsaiti və müxtəlif ədəbiyyatla təchizatına xüsusi önəm verən Heydər Əliyev Fondu hər il “Təhsilə dəstək” layihəsi çərçivəsində Qarabağ müharibəsi nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə etməklə yanaşı, Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki məktəblərə, həmçinin Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatlarının  göndərilməsini təşkil edir.

Heydər Əliyev Fondu şəfa təminatçısı kimi

Heydər Əliyev Fondu əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak etməsi ilə də fərqlənir. Fondun reallaşdırdığı layihələr sırasında “Diabetli uşaqlara ən yüksək qayğı”,  “Talassemiyasız həyat naminə” layihələrini,  2009-cu ildə Bakıda müasir avadanlıqla təchiz olunmuş Talassemiya Mərkəzinin  inşasını,  eləcə də həm paytaxtda, həm də bölgələrdə çoxsaylı tibb müəssisələri və sanatoriyaların tikintisini, əsaslı bərpa  və təmirini qeyd etmək olar. Bu sıraya, həmçinin Fondun xarici ölkələrdə, xüsusilə də Pakistanda səhiyyə ilə bağlı atdığı çoxsaylı humanist addımlarını aid etmək olar.

Fondun təşəbbüsü ilə paytaxt və regionlarda mütəmadi olaraq qanvermə aksiyaları, ürək çatışmazlığından, müxtəlif tibbi patologiyalardan əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar, aztəminatlı ailələrdən olan şəxslərin müayinələri və digər tədbirlər həyata keçirilir. Fondun dəstəyi ilə indiyədək on minlərlə  insan yerli klinikalarda müalicə edilib, minlərlə  xəstə respublikanın müxtəlif tibb müəssisələrində cərrahiyyə əməliyyatı olunub, onların bir qismi müayinə və əməliyyat üçün xarici ölkələrə göndərilib.

Heydər Əliyev Fondunun sosial rifahın yaxşılaşdırılmasında yaxından iştirakı

Heydər Əliyev Fondu yerli əhəmiyyətli problemlərin həllində, infrastruktur layihələrinin həyata keçirilməsində, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək edilməsində, sosial rifahın yaxşılaşdırılmasında önəmli rol oynayır.

Fondun təşəbbüsü ilə  davamlı olaraq məcburi köçkün ailələri üçün yaşayış binaları inşa edilir,  Qarabağ müharibəsi veteranları, əlil, aztəminatlı və çoxuşaqlı ailələr, uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün yeni yaşayış massivləri salınır.

Paytaxtda və bölgələrdə yolların çəkilməsi, infrastrukturların yenilənməsi, su təchizatının yaxşılaşdırılması,  parkların salınması da Fondun həyata keçirdiyi mühüm işlər sırasında yer alır.

Valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə Heydər Əliyev Fondu mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir.

Fond Qarabağ müharibəsi qaziləri ilə yanaşı, Böyük Vətən müharibəsi veteranlarını da daim diqqətdə saxlayaraq  mütəmadi olaraq ünvanlı sosial yardımlar təşkil edir, şəhid ailələrinin  mənzil şəraitinin yaxşılaşdırılması və evlə təminatı istiqamətində də müvafiq addımlar atır.

Fondun xətti ilə xarici ölkələrdə həyata keçirilən sosial layihələr, xüsusilə Haitidə, İranda, Türkiyədə, Pakistanda zəlzələnin, Rumıniyada təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına göstərdiyi yardımlar qurumun necə humanist və bəşəri ideallarla fəaliyyət göstərdiyinin sübutudur. 

Fondun ölkəmizdə və xaricdə terror qurbanlarının xatirəsi naminə gördüyü işləri, xüsusilə də Quba Soyqırım Memorial Kompleksinin inşasını, eləcə də müxtəlif  ölkələrdə istifadəyə verilən dostluq körpülərini əslində qurumun  15 illik fəaliyyəti ərzində  dünyada zorakılığa qarşı çıxan və insanları bir-birinə yaxınlaşdıran əsl humaizm və mənəviyyat körpüsü adlandırmaq olar. 

Heydər Əliyev Fondunun vitse - prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə bütün dünyada aparılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirilən çoxsaylı layihələr isə ayrıca yazıların, hətta  kitabların mövzusudur.

Heydər Əliyev Fondu - mədəniyyət hamisi

Fondun prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsləri və səyləri ilə təşkilatın fəaliyyətində  ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının yaradılması, mədəniyyət müəssisələrinin inşası, təmiri və bərpası, Azərbaycanda və xarici ölkələrdə bu istiqamətdə mühüm layihələrin reallaşdırılması əsas yer tutur.  Fondun xarici ölkələrdə tarixi-mədəniyyət abidələrinin bərpası və yeni mədəniyyət obyektlərinin inşası sahəsində fəaliyyətinə  Gürcüstanın Tbilisi şəhərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin - Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələrinin yenidən qurulması və xiyabanın yaradılması,  Parisdə Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, Luvr Muzeyinin bərpası, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası,  Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma katakombalarının bərpası, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti Mirzə Fətəli Axundzadənin abidəsinin ucaldılması, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması , Romada Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmirini  misal göstərmək olar.

Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik olan muğam sənətinin,eləcə də aşıq musiqisinin  inkişafı və təbliği, Azərbaycanın milli musiqi irsinin qorunub saxlanılması, dünya musiqi incilərinin ölkəmizdə tanıdılması Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyət tarixindən  qırmızı xətlə keçir. 

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə mütəmadi olaraq  Bakıda reallaşan Mstislav Rostropoviç adına, “Muğam aləmi”,  Qəbələdə keçirilən  Beynəlxalq Musiqi festivalları, eləcə də müxtəlif mövzulu və beynəlxalq əhəmiyyətli mədəniyyət tədbirləri  ölkəmizin mədəni həyatında özünəməxsus yer tutur. Xaricdə Azərbaycanın mədəni irsinin təbliği məqsədilə baş tutan  müxtəlif sərgilər və silsilə tədbirlər ölkəmizin dünyada tanıdılması işinə əvəzsiz  töhfələr verir.

Bütün bu sadalananlar Heydər Əliyev Fondunun gördüyü işlərin müəyyən qismidir. Fondun  ekologiya, idman, İKT, nəşrlər, tolerantlıq ənənələrinin qorunması, beynəlxalq əlaqələrin qurulması və digər istiqamətlərdə  fəaliyyəti gələcəkdə çoxsaylı  tədqiqatların mövzularıdır.

Ümumiyyətlə, Heydər Əliyev Fondunun 15 illik fəaliyyəti xalqımızın və bəşəriyyətin hərtəfli inkişafına və rifahına sanballı ərməğan olaraq tarixi izini qoyub. 

Azərbaycanın tərəqqisi naminə gərgin fəaliyyət göstərən Heydər Əliyev Fondunun xalqımız üçün həyata keçirdiyi nəhəng  işlərin hamısını sadalamaq mümkünsüz olsa da, bu qurumun missiyasını nəzərə alaraq,  Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi bu möhtəşəm təşkilatı bütövlükdə Xalqa Xidmət Qurumu adlandırmaq olar! 15 ildir məhz bu missiyanı böyük uğurla həyata keçirdiyi üçün Heydər Əliyev Fondu xalqın ümid və güvənc yerinə çevrilib.

Sevinc Abdullayeva, “İki sahil”