14 iyun 2019 21:13
457

İnsan amili, insan kapitalı...

Azərbaycan brendi kimi tanınan DOST layihəsi  uğurlu yenilik, təkmil təcrübə kimi dəyərləndirilməklə yanaşı, insan amilinə verilən dəyərə də işıq salır 

“Biz artıq güclü iqtisadi potensial, güclü iqtisadi baza yaratmışıq. Əgər bizim təşəbbüsümüzlə uğurla reallaşan nəqliyyat və enerji layihələrini əlavə etsək, görərik ki, doğrudan da Azərbaycan böyük yol keçmişdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, bildirir ki,  islahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaq.

Bu fakt inkaredilməzdir ki,  Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurması nəticəsində böhrandan az itki ilə çıxan ölkələr sırasında oldu. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlətimizin başçısı İlham Əliyevin bu məqsədə yüksək səviyyədə nail olmaq üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadəyə yol açan regional inkişaf proqramlarını təsdiqləməsi və uğurlu icrasına xüsusi diqqət göstərməsi bugünkü inkişafı şərtləndirən əsas amillərdəndir. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafına dövlət dəstəyi davamlılığı ilə diqqət çəkir. Sahibkarlara verilən güzəştli kreditlərin 68 faizi aqrar sektorun, ümumilikdə isə 75 faizi regionların payına düşür.

Təkmil islahatların şərtləndirdiyi iqtisadi tərəqqi güclü sosial siyasətin həyata keçirilməsini təmin etdi. Minimum əmək haqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir. Şəhid ailələrinin problemlərinin həlli, müavinətlərin artırılması və ödənişlərin verilməsi minlərlə insanı əhatə edir. Problemli kreditlər məsələsinin öz müsbət həllini tapması üçün imzalanan Sərəncam bir daha bu reallığı ortaya qoydu ki, dövlətimizin siyasətinin əsasında vətəndaşların yüksək rifahının təmin olunması dayanır. “Heç bir ölkədə bu dərəcədə sosialyönümlü, vətəndaşın marağını güdən addım olmamışdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev qeyd edir ki, bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha niyyətimizi göstərir.

Son 15 ildən artıq dövrdə ölkəmizdə yoxsulluq və işsizlik 5 faiz səviyyəsindədir. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bu, “qara qızıl”ın insan kapitalına çevrildiyini göstərir: “Onu göstərir ki, bizim siyasətimiz ondan ibarət olmuşdur ki, biz neft-qaz əməliyyatlarından əldə olunan gəlirləri cəmiyyətdə bərabər, ədalətli şəkildə bölək və ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan layihələrə yönəldək.” Cənab İlham Əliyev çıxışlarında bu mühüm məqamı da qeyd edir ki, hər şeyi Azərbaycan vətəndaşı üçün edirik: “Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə?! Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar.”

Dövlətimizin başçısı İlham Əliyevin 2019-cu ilin sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından uğurlu il olacağı ilə bağlı səsləndirdiyi əminliyə əsas verən əsas amillərdən biri də idarəetmə sisteminin təkmilləşdirilməsidir. 2016-cı ilin sentyabrında ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərin bir qismi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edirdisə, digər qismi isə idarəetmə sistemində təkmilləşməyə yönəlib. Vitse-prezidentlik institutunun yaradılması, Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizin davamlı inkişafına xidmət edən mühüm addımlar sırasındandır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən biri məhz əhalinin sosial müdafiəsinin gücləndirilməsidir. Uzun illərdir ölkənin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə ölkənin Birinci vitse-prezidenti təyin olunduqdan sonra qeyd olunan sahələrdə fəaliyyətini davam etdirəcəyini, bundan sonrakı işlərini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətini açıqlayaraq, qısa dövrdə bu istiqamətdə gördüyü işlərin miqyasının genişliyi ilə diqqət çəkir.

“Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biridir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bunu belə əsaslandırır ki, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. Cənab İlham Əliyev, eyni zamanda, bildirir: “Orta təbəqənin maraqlarının qorunması üçün çox ciddi institusional islahatlar aparılır, iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır. Varlı təbəqə isə dövlətdən dotasiya, hansısa yardım gözləməməlidir. Ona görə kommunal tariflərin diferensiasiyası da bax, bu sosial ədalət prinsipini əsas prinsip kimi götürmüşdür və hesab edirəm ki, sosial məsələlərin həlli işində biz əldə edilmiş uğurlarla fəxr edə bilərik.” Uğurlu sosial-iqtisadi göstəriciləri ilə dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyan Azərbaycanda insan amilinə verilən dəyər hər zaman təqdir olunur. Bu məqamı xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdə günün əsas çağırışlarından olan yoxsulluqla mübarizə hər zaman önə çəkilmiş, ölkəmizin bu sahədəki təcrübəsi nümunə göstərilmişdir. Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan seçilməsində də uğurlu, təkmil sosial-iqtisadi islahatlar dayanır. Təkrarən də olsa, beynəlxalq səviyyəli tədbirlərdə səsləndirilən bu fikri bir daha qeyd etmək istərdik ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr var. Azərbaycanda idarəçilik sistemində təkmilləşmə, iqtisadi strategiyanın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirilməsi ölkəmizdə təbəqələşmə prosesinin baş verməməsini şərtləndirib. Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə qorunması mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsinə zəmin yaratmışdır ki, bu da öz növbəsində bu günümüzün əsas çağırışlarından olan yeni hədəflərə inamla irəliləməyə əsas verir. Azərbaycanı qarşıdakı illərdə yüksək gəlirli ölkələr sırasında görmək, ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq əsas hədəflərdəndir.

Təkmil islahatlar fonunda yeni hədəflərin gündəmə gətirilməsi və həyata keçirilməsi istiqamətində atılan addımlar da davamlı inkişafı şərtləndirən amillər sırasındadır. Bu baxımdan ölkə Prezidenti İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanına uyğun olaraq 12 istiqamət üzrə strateji yol xəritələrinin uğurlu icrasını xüsusi qeyd etməliyik.

Azərbaycan dövlətinin iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirməsi bu faktı da səsləndirməyə əsas verir ki,   dünyada iqtisadi və maliyyə böhranının yaşanması ilə əlaqədar bəzi ölkələrdə sosial ödənişlərin azaldığına baxmayaraq ölkəmizdə  müxtəlif sahələrdə çalışanların əmək haqları, pensiyaları mütəmadi olaraq artırılıb. Uğurlarımız Azərbaycanın dünyanın 10 islahatçı ölkəsi arasında yer tutmasını şərtləndirib. Azərbaycanı ən islahatçı ölkə kimi tanıyan Dünya Bankının hesabatlarında Azərbaycanın yoxsulluqla mübarizə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar yüksək qiymətləndirilərək, əldə olunan uğurlar əsaslı şəkildə qeyd edilir. Sosial mənzillərin inşası, özünüməşğulluğun və şəffaflığın təminatına yönələn “ABAD” və DOST mərkəzlərinin yaradılması, həmçinin ölkə Prezidentinin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı da sosial müdafiənin gücləndirilməsi istiqamətində atılan addımların əsas tərkib hissələrindəndir. Bu günlərdə DOST Agentliyinin yaradılması və ilk DOST Mərkəzinin istifadəyə verilməsi bir daha dövlətimizin sosial xidmətlər sahəsində yeniliklərinə, davamlı innovativ tədbirlərinə işıq saldı. İlk DOST mərkəzinin açılışında dövlətimizin başçısı İlham Əliyev bir daha sosial islahatların dövlət siyasətinin əsasını təşkil etdiyini önə çəkərək, eyniadlı agentliyin yaradılmasını bu istiqamətdə mühüm addım kimi dəyərləndirmişdir. Cənab İlham Əliyev, eyni zamanda, bildirmişdir ki, DOST mərkəzləri müasir Azərbaycanın simasını əks etdirir. 2019-2025-ci illərdə Bakıda və regionlarda 31 DOST mərkəzinin istifadəyə verilməsi hədəflənib. 21 mərkəz “bir pəncərə” prinsipi əsasında  2,8 milyon şəxsə əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə 126 növdə xidmət göstərəcək. Azərbaycan brendi kimi tanınan DOST layihəsi beynəlxalq aləmdə uğurlu yenilik, təkmil bir təcrübə kimi etiraf olunur.

Ölkənin hərtərəfli inkişafına xidmət edən yeni qanunların qəbulu, eyni zamanda, mövcud qanunlarda təkmilləşmə də qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa əsas verir. Ölkə Prezidenti İlham Əliyev 28 May - Respublika Günü münasibətilə rəsmi qəbulda bildirmişdir: “Bundan sonra dayanıqlı inkişafı təmin etmək üçün biz fəal işləməliyik və qəbul olunmuş qərarlar icra edilməlidir. Hesab edirəm ki, bu, qarşıda duran ən vacib məsələlərdən biridir. Çünki bəzi hallarda qərarlar qəbul edilir, sərəncamlar imzalanır, ancaq onların reallaşması yubanır. Ona görə, bundan sonrakı dövrdə mütləq bu sahəyə daha ciddi diqqət göstərilməlidir ki, qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar həyata keçirilsin.”

Qısa təhlil ölkə Prezidenti İlham Əliyevin “İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır” fikrinin davamı olaraq söylədiyi  “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır” tezisinin reallıqlara əsaslandığını təsdiqləyir.

Yeganə Əliyeva, “İki sahil”