05 noyabr 2019 19:35
361

İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!

Dövlətimizin başçısı İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən görülən işlərin fonunda bu reallığı böyük əminliklə qeyd etmişdir  ki, Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir və gələcəkdə də şəhərin inkişafı ilə bağlı əlavə addımlar atılacaq

Ölkəmizdə həyata keçirilən inkişaf strategiyasının başlıca məqsədləri  davamlı və yüksək iqtisadi artıma və sosial rifaha nail olmaqdır. Bunun üçün iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin olunması, ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət göstərilməsi kimi başlıca fəaliyyət istiqamətləri reallaşdırılır, genişmiqyaslı işlər görülür. Ölkədə gedən inkişaf hər bir bölgəni, şəhəri, qəsəbəni və kəndi əhatə edir.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadiyyatın şaxələndirilməsinin prioritetliyini irəli sürdü və bu istiqamətdə biri-birindən əhəmiyyətli addımlar atır.  Bakı və Bakıətrafı qəsəbələrin, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının təsdiqlənməsi və uğurlu icrası qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas yaradır. Dövlətimizin başçısının qeyd etdiyi kimi,  Azərbaycan quruculuq meydançasını xatırladır. İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi xoş əhval-ruhiyyənin yaranmasını şərtləndirir.

Hər bir Dövlət Proqramının uğurlu icrası növbəti sənədin qəbulunu zərurətə çevirir və yeni hədəflərin müəyyənləşdirilməsini şərtləndirir.  “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrasının davamı olaraq “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” qəbul olundu və uğurla başa çatdı. Dövlət proqramları çərçivəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Bakı şəhərində  irimiqyaslı infrastruktur layihələrinin gerçəkləşməsinə, sahibkarlıq və investisiya fəaliyyətinin genişlənməsinə, əhaliyə göstərilən xidmətlərin, o cümlədən kommunal və sosial xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşmasına, abadlıq işlərinin sürətlənməsinə şərait yaratdı. Həmin proqramların icrası nəticəsində Bakı şəhəri, onun qəsəbə və kəndləri yeni inkişaf mərhələsinə qədəm qoydu, rəqabətqabiliyyətli və ixracyönümlü ən müasir müəssisələr yaradıldı, yeni iş yerləri açıldı, əhalinin həyat səviyyəsi daha da yüksəldi.

Dövlətimizin başçısı İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən diqqəti  uğurlu nəticələrə, eyni zamanda, hədəflərə  yönəldərək bildirmişdir ki,  şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir.

Təbii ki, müasirliyi və qədimliyi özündə birləşdirən Bakıya gələn qonaqlar yaradılan bu sintezdən heyranlıqlarını gizlətmirlər. Şəhərin ekoloji vəziyyəti yaxşılaşır, bu istiqamətdə mühüm layihələr icra edilir.

Bunlardan biri olaraq  Bibiheybət neft mədənlərində görülən işlərdən bəhs edən ölkə Prezidenti vurğulamışdır ki,  neftlə çirklənmiş yerlər, gölməçələr aradan götürüldü.  Həmin ərazilərdə yaşıllıq zolaqları,  gözəl parklar salınıb və vətəndaşların sərəncamına verilib. Həmçinin  Böyükşor gölü də böyük təhlükə mənbəyi idi. Həmin ərazi də  təmizləndi. Böyükşor gölünün bir hissəsi tam ekoloji standartlara cavab verir.

Bu gün Bakıda yaşıllıq zolaqları daha da genişlənib, Bakı yaşıl parklar, bağlar şəhərinə çevrilib.  Parkların sayına görə paytaxtımız  dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu məqamı xüsusi qeyd etmişdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti  Leyla xanım Əliyevanın və onun təsisçisi olduğu IDEA İctimai Birliyinin səyləri nəticəsində bu gün Bakı şəhərində yeni bir format - məhəllələrarası parklar formatı tətbiq olunub və olunur. Bu ərazilərdəki onlarla binanın fasadları, dam örtükləri, blokları təmir olunub, su təchizatı sistemi yenilənib və bütün yaş kateqoriyaları üçün həm istirahət etmək, həm idmanla məşğul olmaq, həm də asudə vaxtı səmərəli keçirmək üçün şərait yaradılıb. İlin axırınadək daha 15 yeni nümunəvi məhəllə istifadəyə veriləcək.  Yaxın illərdə hələ 743 bu cür layihə icra etmək mümkündür.

“Biz elə etməliyik ki, Bakı şəhərinin hər bir yeri abad olsun və vətəndaşları narahat edən problemlər aradan qaldırılsın” söyləyən dövlətimizin başçısı İlham Əliyev diqqəti tikinti işlərinə yönəldərək bildirmişdir ki, Bakıda şəhərsalma qaydaları tam təmin edilməlidir. Bütün şəhərlərdə bina tikintisi üçün müvafiq əmsallar mövcuddur:

“Xoşagəlməz hallara yol verilməməlidir, vətəndaşlara maksimum diqqət göstərilməlidir, rayon icra hakimiyyətlərinin nümayəndələri kabinetdə oturub kağızlara baxmaq yox, bütün rayonlarda vətəndaşlarla görüşməlidirlər... Həm Bakı Şəhər İcra Hakimiyyəti və bütün rayon icra hakimiyyətləri vətəndaşlara böyük diqqətlə yanaşmalıdırlar. Beləliklə, Bakı şəhəri və Azərbaycanın bütün şəhərləri planlı şəkildə inkişaf etməlidir.”

Dövlətimizin başçısı daim çıxışlarında bildirir ki, biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcək, təhlükəsizlik şəraitində yaşayacaqlar.

Ölkəmizə gələn qonaqlar da Bakının gözəlliyini, müasirliyi və qədimliyi özündə sintez etdiyini xüsusi qeyd edirlər. Azərbaycanın ənənələri olan ölkə kimi  təqdim olunması,  tariximizin, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində atılan addımların təqdir edilməsi həyata keçirilən siyasətin düzgünlüyünün və məqsədyönlülüyünün bariz nümunəsidir. Dövlətimizn başçısı İlham Əliyev qeyd olunan qəbulda da qeyd etmişdir ki, Bakı şəhərinin nadir, özünəməxsus, tarixi memarlıq siması var. Bu, bizim böyük sərvətimizdir. İçərişəhər UNESKO tərəfindən qorunur.

Bu mühüm məqam da xüsusi qeyd edilmişdir ki,  Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil. Bakı və Bakıətrafı qəsəbələrdə, rayonlarda bütün infrastruktur yaradılmalıdır. “Biz şəhərin infrastrukturunu, ilk növbədə, vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq” söyləyən ölkə Prezidenti qeyd etmişdir ki,  ilk növbədə, şəhər sakinlərinin problemlərini həll etməliyik: “Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət - bunlara son qoyulmalıdır.”

Keçirilən hər bir qəbul, eyni zamanda, Nazirlər Kabinetinin  iclasları ələd olunan uğurların təqdimatı ilə yanaşı, prioritetlərin açıqlanmasında və hədəflərə çatmaq üçün mexanizmlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev hər çıxışında dövlət məmurlarını xalqla bir olmağa, onların qayğıları ilə maraqlanmağa və həlli istiqamətində ciddi addımlar atmağa çağırışlar edir.

2013-cü ildə  cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə Prezidenti bu məqamı da xüsusi vurğulamışdır ki, hər bir icra başçısını  vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!

Təbii ki, bu prinsiplərin qorunması, vəhdətliyinin təmin edilməsi  fonunda yüksək nəticələrə nail olmaq mümkündür. Kompleks tədbirlərin həyata keçirilməsi hərtərəfli inkişafa geniş imkanlar açır. Bakı və Bakıətrafı qəsəbələrlə yanaşı, bölgələrin də sosial-iqtisadi inkişafının təmin edilməsi, infrastrukturun yeniləşdirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılması, özünüməşğulluğun təminatı və sair kimi addımlar paytaxt və bölgələr arasında fərqin aradan götürülməsini, həmçinin bölgələrdə şəhərə axının qarşısının alınmasını şərtləndirir. Qeyd edək ki, son 16 ildə  2 milyona yaxın yeni iş yeri yaradılıb ki, bunun da böyük qismi regionların payına düşür. Dövlətimizin başçısı İlham Əliyevin bölgələrə hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. O da məlumdur ki, cənab İlham Əliyevin istər Bakı və Bakıətrafı qəsbələrə, istərsə də bölgələrə hər səfərindən sonra həmin qəsəbələrin,  regionların sosial-iqtisadi inkişafını sürətləndirmək üçün Tədbirlər Planı təsdiqlənir və Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır. Bu gün paytaxt və bölgələrlə vətəndaşların elektrik enerji, su, təbii qazla təminatına xüsusi diqqət yetirilir və bu sahələrdə ciddi problemlər yoxdur. Qazlaşmanın səviyyəsi 96 faizdən çoxdur.

Qısa təhlil Bakının beynəlxalq maliyyə qurumlarının hesabatlarında  tutduğu reytinqlərə bir daha aydınlıq gətirir. Bakının təhlükəsiz ölkə olması beynəlxalq səviyyədə də etiraf olunan reallıqlar sırasındadır. Həmçinin Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqları sırasında yer alır. Təbii ki, dövlətinə, xalqına xidməti fəaliyyətinin əsasında saxlayan,  hər kəsin Prezidenti olduğunu əməli fəaliyyəti ilə təsdiqləyən dövlət başçısına xalqın sevgisi böyük və şəksiz olacaq. Eyni zamanda, gələcəyə böyük hədəflərlə addımlayan cənab İlham Əliyevin daim vurğuladığı kimi, xalqına arxalanan, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi yeni-yeni layihələrə yol açır. Bakı füsunkar gözəlliyi, təhlükəsiz şəhər olması ilə beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunur. Dövlətimizin uğurlu siyasəti qarşıdakı illərdə daha böyük uğurlara imza atacağımıza böyük əminliklər yaradır.

Yeganə Əliyeva, “İki sahil”