Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
15 oktyabr 2020 17:32
481

İnformasiya təhlükəsizliyinin qorunması hər kəsin vətəndaşlıq borcudur

Müdafiə sirlərinin qorunması üçün hərbi hissələrin dislokasiyası ilə bağlı məlumatların verilməsində milli və dövlətçilik maraqlarına diqqətlə yanaşılması daha vacibdir

Müasir dövr informasiya müharibəsi dövrüdür. Ölkə Prezidenti İlham Əliyevin  vurğuladığı kimi, saxta,  “feyk nyus” adlandırılan xəbərlər əfsuslar olsun ki, geniş vüsət alır.  Ölkəmizin uğurlu inkişafını, müstəqil siyasətini həzm etməyən dairələr daim əks-təbliğat kampaniyası həyata keçirir, onların inhisarında olan beynəlxalq hüquq müdafiə təşkilatları həqiqətləri inkar edərək Azərbaycanı reallıqla tamamilə təzad təşkil edən bir formada təqdim edirlər.

2020-ci il bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirusla mübarizə ili kimi  tarixə yazıldığı bir dövrdə Ermənistan silahlı qüvvələrinin davamlı təxribatlarının qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması nəticəsində bir sıra işğal altında olan torpaqlarımızın, strateji yüksəkliklərimizin işğaldan azad edilməsi ümumilikdə bütün ərazilərimizlə bağlı bu sevinci yaşayacağımıza əminliyi artırdı. Azərbaycan Ordusu qürurverici tarix yazmaqla,  kimliyindən, siyasi əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəsi bir yumruq kimi birləşməyə çağırdı və bu birlik, həmrəylik qələbələrimizin davamlılığında özünü qabarıq şəkildə nümayiş etdirir.

Məsələnin digər tərəfi hazırkı dövrdə ermənilərin və havadarlarının, bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarının cəbhə bölgəsində yaşananlarla bağlı yanlış informasiyalar yaymaları, beynəlxalq rəyi çaşdırmaq cəhdləridir. Bu gün «Amnesty İnternational» kimi qərəzi fəaliyyətinin əsası kimi qəbul edən təşkilatlar ermənipərəst mövqelərini ortaya qoyaraq törədilən təxribatlarda, edilən hücumlarda yalnız və yalnız Azərbaycan tərəfini günahlandırırlar.

Dövlətimizin başçısı İlham Əliyev   “CNN International” televiziya kanalının “Connect the World” verilişində yayımlanan müsahibəsində  «Mən “Amnesty International”ın yeni hesabatı ilə bağlı münasibətinizi öyrənmək istəyirəm. Hesabatda iddia edilir ki, onlar Azərbaycan qüvvələrinin İsrail istehsalı olan M095 DPICM kasetli mərmiləri atdığını müəyyən ediblər. CNN nə bu iddiaları, nə də partlayışların videosunu müstəqil olaraq yoxlaya bilməz. “Amnesty”nin iddialarına necə cavab verərdiniz» sualına cavabını bir daha xatırlatmaq istərdik: «Mən deyərdim ki, ermənipərəst və anti-Azərbaycan mövqeyinə görə sizin adını çəkdiyiniz təşkilatla bizim heç bir təmasımız yoxdur. Birincisi, bu, səhvdir, yanlışdır. İkincisi, mən onlara tövsiyə edərdim ki, kasetli bombaların bizim mülki şəxslərimizə qarşı necə istifadə olunduğuna baxsınlar. Onların “Smerç”dən, “Elbrus”dan, “Toçka U”dan, ballistik raketlərdən bizim şəhərlərimizə qarşı necə istifadə etdiyinə baxsınlar - Gəncə, Goranboy, Naftalan, Yevlax və digər şəhərlər Ermənistanın bombardmanı altındadır. Niyə “Amnesty International” yalnız bir tərəfi görür və ya görmək istəyir? Niyə onlar digər tərəfi görmürlər? Sual budur.»

Son yanaşmalar gündəmə gətirilən hesabatların, rəylərin hansı əsasda hazırlandığını, dövriyyəyə buraxıldığını əsaslı şəkildə açıqlayır. Reallıq budur ki, Azərbaycanın müstəqil siyasəti, Dağlıq Qarabağ probleminin həllində dəyişməz mövqeyi bəzi qüvvələr tərəfindən həzm edilmir, nə yolla olursa-olsun ölkəmizin haqqında mənfi rəy yaratmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu kimi ədalətdən uzaq, əsassız təbliğatlara biganə yanaşmalar isə dünyanın ikili siyasətinin təqdimatıdır ki, Azərbaycan bunu istər demokratik inkişafa, istərsə də yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə aydın şəkildə görür.

Əsas diqqət yetirilən sahə sosial şəbəkələrdə yerləşdirilən informasiyaların dəqiqliyi, ən əsası təhlükəsizliyin qorunmasıdır. Bu baxımdan ki,  həyatımızın ayrılmaz parçasına çevrilən sosial şəbəkənin, daim yenilənən xidmət sahələri ilə insanları təəccübləndirən, uzaqları yaxın edən, informasiya məkanında inqilab adlandırılan, cəmiyyətin hər üzvünü hadisələr haqqında məlumatlandıran internetin ictimai rəyin formalaşdırılmasındakı rolu böyükdür. Ona görə internetdən istifadə zamanı informasiya məsuliyyətini dərindən dərk edib, məlumatların ictimaiyyətə çatdırılmasında, auditoriyanın formalaşdırılmasında peşəkarlığı qorumaqdır.

Qərəzli təbliğatlara tutarlı cavab Azərbaycan reallıqlarıdır. Hətta beynəlxalq təşkilatlarda təmsil olunan diplomatlar, siyasətçilər belə  məkrli yanaşmalara iradlarını bildirərək Azərbaycanın mövqeyini dəstəkləyir, işğalçı Ermənistanın yeritdiyi siyasətin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olmadığını bildirirlər. Ermənistanın oktyabrın 9-10-da Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə əldə olunan humanitar atəşkəsi həmin andan kobud şəkildə  pozub Gəncəni raket atəşinə tutması, 10 nəfərin ölümünə və 34 nəfərin yaralanmasına səbəb olan soyqırımı aktını törətməsinə dünyanın böyük dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar göz yumurlarsa, artıq bu, bir siqnaldır ki, informasiya təhlükəsizliyinin qorunmasına bugünkü gündə böyük ehtiyac var. Milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılması yolverilməzdir. Bu baxımdan Prezident İlham Əliyevin imzaladığı “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Fərmanda, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncamda, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” da informasiya təhlükəsizliyi sahəsində vahid dövlət siyasətinin parametrləri əksini tapır. Ölkədə informasiya təhlükəsizliyinin təminatı üçün vacib olan məqamlara aydınlıq gətirilərkən qeyd olunur ki, müharibə şəraitində yaşayan Azərbaycanda  müdafiə sirlərinin qorunması üçün hərbi hissələrin dislokasiyası ilə bağlı məlumatların verilməsində milli və dövlətçilik maraqlarına diqqətlə yanaşılması daha vacibdir.

Qısa təhlil əsasında   bu gün Ermənistanın apardığı  qərəzli  təbliğatın  Azərbaycan həqiqətləri fonunda necə təsirsiz olduğu aydın görünür. Əvvəldə də qeyd etdiyimiz kimi, iyulun 12-də və sentyabrın 27-də  Ermənistan silahlı qüvvələrinin  törətdikləri hərbi  təxribatların  qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı.  Baxmayaraq  ki, işğalçı dövlət ənənələrinə uyğun olaraq gah məğlubiyyətini etiraf,  gah da  itkilərinin azlığını iddia edir. Amma reallıq budur ki,  hərbi təxribatlar zamanı ermənilərin itkiləri böyükdür. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilir. Təqdim edilən videogörüntülər Azərbaycan Ordusu tərəfindən keçirilmiş əməliyyatların cüzi bir hissəsinin təqdimatıdır. Təbii ki, indiki mərhələdə nə mümkünsə, o göstərilir, artıq informasiya vermək düzgün olmaz. Ancaq  videosüjetlər açıq-aydın göstərir ki, düşmənin infrastrukturu, canlı qüvvəsi, səngərləri, postları, dayaq məntəqələri nə qədər dəqiqliklə məhv edilir.

Bu gün bütün sahələrdə olduğu kimi, müharibələrdə də ənənəvi texnologiyalar  yeni texnologiyalarla əvəzlənir. İnformasiyalar hərbi əməliyyatların taleyinə ən güclü silah və texnikalardan  daha çox təsir göstərə bilir. Bu baxımdan əvvəldə də qeyd etdiyimiz kimi,  ictimaiyyətin informasiya tələbatını dolğun şəkildə ödəyən  kütləvi-informasiya vasitələrinin məsuliyyəti  xüsusi əhəmiyyət kəsb edir. İnformasiyanın sərhəd tanımadığı indiki dövrdə informasiya təhlükəsizliyinin təminatı, dövlət maraqlarının qorunması əsasdır.  Bu isə öz növbəsində media nümayəndələrindən daha peşəkar və məsuliyyətli olmağı tələb edir.  Hazırkı dövrdə, cəbhə bölgəsində  hərbi əməliyyatların getdiyi, diplomatik müstəvidə informasiya savaşının  davam etdiyi bir  zamanda hər hansı bir məsələnin çatdırılmasının nə qədər məqsədəuyğun olub-olmadığına diqqət yetirmək lazımdır.  Həmrəyliyimizi daha da möhkəmləndirək, dövlət maraqlarını qoruyaq,   erməni yalanlarını tarixi həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatımızla  susduraq,  informasiya mübarizəsində qələbənin  Dağlıq Qarabağ probleminin həllində rolunun təbliğatçısı kimi  töhfələrimizi artıraq.

Yeganə Əliyeva, «İki sahil»