26 aprel 2019 10:03
111

İnam Kərimov Qəbələdə fermerlərlə görüşüb

Qəbələ Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri və bu rayonda kənd təsərrüfatının müxtəlif sahələrində çalışan fermerlər iştirak edib.

“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, ölkədə kənd təsərrüfatının inkişafına geniş dövlət dəstəyi mövcuddur. Səbuhi Abdullayev vurğulayıb ki, məhz dövlətin diqqət və qayğısı nəticəsində son illərdə rayonda taxılçılıq, meyvəçilik, baramaçılıq və heyvandarlıq daha da inkişaf edib.

Kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Nazir bildirib ki, ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib: “Aqrar sahənin daha da inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq,  şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiya verilir. O cümlədən, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Biz fəaliyyətimizdə kəndli və fermerlərə yaxınlıq, düzgün və səmərəli idarəçilik, innovasiyaların tətbiqi prinsiplərini əsas götürürük. Bu görüşün keçirilməsində məqsəd fermerlərin qayğı və problemlərini dinləmək, təxirəsalınmaz tədbirlər görməkdir.”

Nazir Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı mövcud vəziyyət, qarşıda duran vəzifələr və həyata keçiriləcək tədbirlər barədə məlumat verib.

Görüşdə fermerlər məşğul olduqları sahə ilə bağlı fikirlərini bölüşüblər. Tədbirdə mineral gübrələr, dərmanlar, herbisid və pesdisitlər, o cümlədən texnika ilə təminat ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb, sualları cavablandırılıb. 

Görüşdə ölkədə aqrar sahənin inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, bu cür müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb.