07 oktyabr 2019 18:27
228

İlham Əliyev: Beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır

Dövlətimizin başçısı  Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibəsində bir daha bəyan etmişdir ki,  BMT-nin Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir, bizə gəldikdə isə qətnamələr 25 ildən artıqdır ki, kağız üzərində qalır

Azərbaycanın iqtisadi uğurları, onların fonunda artan hərbi qüdrəti, ən əsası real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatına söykənən diplomatik mübarizədə qələbəsi yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini daha da yaxınlaşdırır. Daim bəyan edildiyi kimi, problemin həlli üçün möhkəm hüquqi baza mövcuddur.

Beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın ədalətli mövqeyi dəstəklənir, Ermənistanın işğalçılıq siyasəti pislənir, ən əsası erməni işğalçılarının torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasının vacibliyi bəyan edilir. 25 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ikili yanaşmaların yaratdığı problemlər daim önə çəkilir. Baxmayaraq ki, beynəlxalq səviyyədə Azərbaycanın haqlı mövqeyi dəstəklənir, münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur, bəyanatlardan konkret əmələ keçməkdə tərəddüdlər inkaredilməzdir.

Dövlətimizin başçısı İlham Əliyevin Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibəsində də bu günümüzün əsas çağırışı kimi beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqini təmin etməkdə vahid mexanizmin müəyyənləşdirilməsi məsələsi əsas yer tutmuşdur. “Dünyanın quruluşu, Şərqdən baxış. Şərqdən baxdıqda, dünya hansı prinsiplər əsasında qurulmalıdır” sualına cavabında dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, fikrimcə, biz hansı tərəfdən baxsaq da, əsas prinsip beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasıdır. Təəssüf ki, onlar kobud şəkildə pozulur və bu prinsiplərə hörmətin seçim yanaşması mövcuddur: “Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, o cümlədən ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə əlaqədar, əlbəttə ki, bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyinə təkid edir. BMT-nin Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir, bizə gəldikdə isə qətnamələr 25 ildən artıqdır ki, kağız üzərində qalır. Bununla da bu aparıcı dünyəvi təsisat müəyyən dərəcədə nüfuzdan salınır. Buna görə də düşünürəm ki, beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır. Amma gerçəklik belədir ki, bu, baş vermir. Dünyanın qlobal işlərində Azərbaycan kimi ölkədən çox az şey asılıdır. Buna görə də düşünürəm ki, əsas məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür və onlar dünyada sülhün qorunması üçün həmin prinsiplərə riayət etməlidirlər.”

Azərbaycanın bu gün inkişafın hansı mərhələsində olması göz önündədir. Müxtəlif mədəniyyətlərin, dinlərin qovşağında yerləşən Azərbaycan ölkələri, xalqları bir araya gətirən körpü rolunda çıxış edir. Ölkəmizin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlarda əlaqələri yüksələn xətlə inkişaf edir, yeni-yeni dostlar, tərəfdaşlar qazanır. İqtisadi müstəqilliyimizin siyasi müstəqillik üçün əsas olduğunu nəzərə alsaq, bu gün Azərbaycanın iqtisadi imkanlaranın artmasının beynəlxalq münasibətlər sistemində yeri və roluna nə kimi təsir göstərdiyini aydın görürük. İqtisadi qüdrətimizin artması ordu quruculuğu istiqamətində davamlı addımların atılmasını şərtləndirir. Bu gün böyük inamla və fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməyə qadir güclü və qüdrətli ordusu vardır. Bu tezis daim önə çəkilir ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordunun olması əsasdır. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edir ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə işğal altında olan torpaqlarımızı hərb yolu ilə azad edəcəyimiz qaçılmazdır. Azərbaycanın tam haqqı var ki, torpaqlarını istənilən yolla azad etsin.

Dağlıq Qarabağ probleminin həllində bütün beynəlxalq təşkilatların potensial imkanlarından səmərəli istifadə etməyə çalışan Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında, bizimlə dost, qardaş ölkə, daim ölkəmizin yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 74-cü sessiyada BMT qətnamələrinin icrası üçün konkret mexanizmin vacibliyini, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini bəyan etmişdir. Ötən il “Star” neft emalı zavodunun açılışında da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələyə xüsusi diqqət yönlətmişdir. “Türkiyə və Azərbaycanın bölgəmizin təhlükəsizliyinin və sabitliyinin əsas aktorları olduğu artıq hamı tərəfindən qəbul edilməyə başlanıb. Bu iki ölkənin qoşulmadığı, razı olmadığı və dəstək vermədiyi heç bir layihə hədəfinə çata bilməz” söyləyən R.T.Ərdoğan bildirmişdir ki, bununla yanaşı, Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz. Ölkəmizin və Azərbaycanın bu münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüslərə beynəlxalq ictimaiyyət daha səssiz qala bilməz. BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz. Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik.

Hər bir məsələdə Azərbaycanın yanında olduğunu əməli işi ilə təsdiqləyən rəsmi Ankara daim bütün münaqişəli məsələlərin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini, dünyanın ikili siyasətə son qoymasını bəyan edir. Türkiyənin bu mövqeyi işğalçı dövlət və onun havadarları tərəfindən həmişə narazılıqla qarşılanıb. Hətta münaqişənin həllində Türkiyənin vasitəçiliyi məsələsi gündəmə gətiriləndə Ermənistan hakimiyyəti sərt mövqe ortaya qoyaraq, rəsmi Ankaranı birtərəflilikdə ittiham edir. Ədaləti dəstəkləmək birtərəflilikdimi? Görünür, Ermənistan rəhbərliyi üçün beynəlxalq hüquq normalarına məhəl qoymayıb, qonşu dövlətlərə ərazi iddiaları ilə çıxış etmək, saxta tarix yazıb özlərini yalanlarına inandırmaq ədalət, bu “ədalətə” dəstək olan dövlətlərin, təşkilatların mövqeyi isə birtərəflilik deyil, normaldır. Azərbaycan-Türkiyə birliyi hər addımda özünü təsdiqləyir. Bu böyüklük öz möhkəmliyini və yenilməzliyini xalqların birliyi ilə sübut edir. Türkiyə -Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolun imzalanması, eyni zamanda, ondan sonrakı mərhələdə baş verən hadisələr bütün dünya xalqlarına bəlli etdi ki, Azərbaycan-Türkiyə dostluğu, eyni kökdən qaynaqlanan xalqların əzmi yenilməzdir. “Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqları azad olunmayınca sərhədlərin açılması mümkün deyil” kimi qərarında israrlı olan rəsmi Ankaranın bu gün də eyni mövqe nümayiş etdirməsi bu qardaşlığın digər xalqlara xas olan əlaqələrindən fərqli olduğunu bir daha bəyan etdi. Bakının azad olunmasının 100 illiyi münasibətilə Azərbaycan və türk əsgərlərinin möhtəşəm paradı da bir əsrlik tarixə malik olan Azərbaycan-Türkiyə qardaşlığına, dostluğuna bir daha işıq saldı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dünyaya nümunə olan bu birlik sarsılmazdır, əbədidir, yüksək zirvədədir. Həmin paradda Türkiyə Prezidenti R.T.Ərdoğan bu məqamı bir daha diqqətə çatdırmışdır: “Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir. Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir. Bundan 26 il əvvəl Xocalıda, Dağlıq Qarabağda törədilmiş qətliamlara görə məsuliyyət daşıyanların, qatilləri qəhrəman elan edənlərin bizə verə biləcəyi heç bir tarixi dərs yoxdur. Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik.” Bölgədə sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə birliyi bütün dünyaya nümunə kimi göstərilir. Hər iki dost ölkə təmsil olunduqları beynəlxalq səviyyəli tədbirlərdə dünyanı ədalətə səsləyərək, bütün münaqişəli məsələlərdə beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqinin vacibliyini bildirirlər.

Azərbaycanın möhkəmlənən beynəlxalq mövqeyi, iqtisadi imkanları fonunda güclənən və qüdrətlənən ordusu tezliklə yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamı artırır. Müharibə şəratində yaşayan bir ölkə üçün güclü və qüdrətli ordunun olması əsas şərtdir. Müstəqilliyimizin, ərazi bütövlüyümüzün qarantı olan Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Böyük inamla qeyd edirik ki, diplomatik mübarizədə qələbə qazanan Azərbaycan sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantını seçərsə, qələbəmiz şəksizdir. Ən yüksək tribunalardan bəyan edildiyi kimi, hərbi qüdrətimizin artırılması suveren hüququmuzdur. Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin.

Yeganə Əliyeva, “İki sahil”