16 sentyabr 2019 17:26
180

İlahiyyat İnstitutunda Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək

Sentyabrın 19-20-də Azərbaycan İlahiyyat İnstitutu “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda elmi konfrans keçirəcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfrans Azərbaycan Respublikası Prezidentinin Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinin keçirilməsi haqqında 2019-cu il 10 aprel tarixli Sərəncamından irəli gələn vəzifələr çərçivəsində təşkil ediləcək.

Konfrans Əhməd bəy Ağaoğlunun həyatı və fəaliyyəti, yaradıcılığında türkçülük ideologiyası, multikultural dəyərlərin tərənnümü, qadın azadlığı məsələləri, onun Azərbaycan Xalq Cümhuriyyəti parlamentində fəaliyyəti, Difai təşkilatının yaradılmasında, Türkiyənin ictimai-siyasi həyatında rolu barədə mövzuları əhatə edəcək. Bununla yanaşı, Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışlarının tədqiqi məsələləri də müzakirə olunacaq.

Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Milli Məclisin deputatı Qənirə Paşayeva və digər qonaqlar iştirak edəcəklər.

Konfransın materialları kitab şəklində çap olunacaq.