28 oktyabr 2019 19:59
414

İkili standartlar siyasətinə son qoyulmalıdır

Dövlətimizin başçısı İlham Əliyev Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə bir daha diqqəti beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqində fərqli yanaşmanın mövcudluğuna yönəldərək bəyan etmişdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzən bir neçə günün içində icra edilir, bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir kağız üzərində qalır

Tamhüquqlu 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı özündə birləşdirən Qoşulmama Hərəkatının iki gün davam edən “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda Zirvə Görüşü müzakirə etdiyi və gündəmə gətirdiyi məsələlər, eyni zamanda, səylərin birləşdirilməsini zərurətə çevirən çağırışlar baxımından ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır.

Qeyd edək ki, məqsədi bəşəri dəyərlərin təbliğinə xidmət və bütün ölkələrin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə sadiqlik nümayiş etdirmək olan Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

Dövlətimizin başçısı İlham Əliyev Zirvə Görüşündəki çıxışında “Azərbaycan müstəqil xarici siyasət yeridir. Bu siyasət milli maraqlara, ədalətə əsaslanır və bizə çoxlu dostlar qazandırmışdır” söyləyərək xarici siyasətimizin dəyişməz olan prinsiplərinin ölkəmizə qazandırdığı uğurları diqqətə çatdırmışdır. 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi buna bariz nümunə kimi qeyd edilmişdir. Azərbaycan Təhlükəsizlik Şurasına üzvlük müddətində beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi keçirilən görüşlərinin ideal məkanı kimi diqqət çəkib. Dünyada 200-ə qədər ölkənin olduğunu nəzərə alsaq, bu görüşlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi yürütdüyü müstəqil xarici siyasətə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əməkdaşlıq əlaqələri qurur və yeni-yeni istiqamətlər üzrə inkişaf etdirir. Dövlətimizin müstəqil siyasəti istər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlarda, istərsə də demokratik inkişafda daha aydın görünür. Bu baxımdandır ki, Azərbaycanın uğurlarını həzm etməyən dairələr ölkəmizə qarşı əsassız təbliğatlar aparanda rəsmi Bakı bunu reallıqlara söykənərək cavablandırır, ən əsası heç bir xarici qüvvənin ölkəmizin daxili işinə müdaxiləsinin yolverilməz olduğunu bəyan edir. Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının, nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə rəsmi ziyafətdə də dövlətimizin başçısı İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycan öz prioritetlərini tarixi Bandunq prinsipləri üzərində quracaq. Məqsəd üzv dövlətlərlə birgə Qoşulmama Hərəkatının beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, dayanıqlı inkişafa və ədalətin təmin olunmasına töhfələr verməkdir. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasəti ilə üst-üstə düşür.

Dövlətimizin başçısının daim çıxışlarında vurğuladığı kimi, bu gün inkişafda olan ölkəmizin təcrübəsi göstərir ki, düşünülmüş siyasət, cəmiyyətdə müsbət meyillər güclü olanda böyük uğurlara imza atmaq mümkündür. Avropa ilə Asiya arasında, qədim İpək Yolu üzərində yerləşən Azərbaycan sivilizasiyalararası dialoqun daha da güclü olmasına səy göstərir. Cari ilin martında Azərbaycanın ev sahibliyi etdiyi VII Qlobal Bakı Forumunda dünyanın yeni xarici siyasətinin müzakirə olunması, Azərbaycan təcrübəsinin təqdir edilməsi bir çox məqamlara işıq saldı. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Forumda müzakirəyə çıxarılan məsələlərə diqqət yetirdikdə günün əsas çağırışları qabarıq şəkildə özünü büruzə verir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan bu gün aktual qlobal məsələlərin müzakirə olunduğu bir məkana çevrilib, beynəlxalq münasibətlər sistemində yeri və rolu günbəgün artır. Təsadüfi deyil ki, ilk Avropa Oyunları, Formula-1 yarışları, IV İslam Həmrəyliyi Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə Toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Cənab İlham Əliyev Zirvə Görüşündəki nitqində də diqqəti gələn ay ölkəmizdə keçiriləcək Dünya Dini Liderlərinin II Sammitinə yönəldərək bildirmişdir ki, Azərbaycan zəngin tolerantlıq, multikulturalizm ənənələrinə malikdir.

Azərbaycanın xalqlar, dövlətlər arasında körpü rolunun möhkəmlənməsində iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin rolu da inkaredilməzdir. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüsçüsü və icraçısıdır. Xarici siyasətində iki və çoxtərəfli çərçivədə əməkdaşlığın qurulmasında və müxtəlif istiqamətlər üzrə genişləndirilməsində maraqlı olan Azərbaycanın üçtərəfli formatda birliklərin yaradılmasında təşəbbüskarlığı da regional əməkdaşlığa töhfələrinin tərkib hissəsidir. Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə kimi birliklər deyilənlərin bariz nümunəsidir. Cari ildə İstanbulda Azərbaycan, Türkiyə və İran, eyni zamanda, Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər nazirlərinin bir araya gəlib iki tarixi görüşə imza atmaları istər ölkə, istərsə də dünya mətbuatında geniş müzakirə olunaraq bu birlik regionda təhlükəsizliyin və sabitliyin əsas təminatçısı kimi dəyərləndirildi.

Bu ilin aprelində Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu da Azərbaycanın tranzit imkanlarının təqdimatına, regional və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrə bir daha işıq saldı. “Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Azərbaycanda son 16 ildə 15 min kilometr yol və avtomagistrallar çəkilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir.

Azərbaycanın sərmayə yatırdığı əhəmiyyətli nəqliyyat layihələrindən biri də Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edirlər. Bu baxımdan Azərbaycanın müasir infrastrukturun yaradılmasına yatırdığı investisiyalar yalnız iqtisadi potensialımızın artırılmasına, dost, tərəfdaş və qonşu ölkələrə xidmət göstərməyə kömək etmir, bu, həm də ticarət, turizm, nəqliyyat sahələrində mühüm imkan yaradaraq xalqları, ölkələri birləşdirir. “Müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla biz yalnız ölkəmizi mühüm nəqliyyat mərkəzinə çevirmədik” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verdik. “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir.

Dövlətimizin başçısı İlham Əliyev Qoşulmama Hərakatının XVIII Zirvə Görüşündəki nitqində də bu prioritetləri açıqlamışdır ki, Azərbaycan quruma sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək. Ən əsası üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Ümumilikdə Zirvə Görüşü çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə böyük töhfədir.

Qeyd etdiyimiz kimi, cənab İlham Əliyevin atdığı hər addımında dövlət maraqları öndə saxlanılır, müstəqil siyasət yürüdən Azərbaycan ən yüksək tribunlardan bəyan edir ki, xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərini öndə saxlayaraq heç bir dövlətin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Dövlətimizin başçısı uğurlarımıza söykənərək belə bir əminliyi də ifadə edir ki, ölkəmizin uğurlu inkişafı bundan sonra da təmin ediləcək. Çünki düşünülmüş, Azərbaycan xalqının maraqlarına söykənən siyasət aparırıq. Həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı və Azərbaycan maraqları dayanır. Bu maraqlar hər şeydən üstündür. Beynəlxalq arenada da daim öz maraqlarımızı müdafiə edirik: “Bəlkə də buna görə bəzi hallarda əsassız tənqidə, bəzi hallarda təxribatlara məruz qalırıq. Ancaq bu, bizim siyasətimizə heç bir təsir edə bilməz. Çünki biz öz yolumuzla gedirik və güclü iqtisadiyyat, sabitlik, xalq-iqtidar birliyi Azərbaycanda bu şəraiti yaradıb ki, heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz.”

Dünyanın hazırda hüquq problemini yaşaması inkaredilməzdir. 27 ildən artıqdır ki, ATƏT-in Minsk qrupunun yaradılması və onun vasitəçiliyi əsasında həllini gözləyən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Zirvə Görüşünün əsas müzakirə mövzularından oldu. Təhlükəsizliyin, sülhün, əmin-amanlığın təminatında münaqişəli məsələlərin ədalət prinsipləri çərçivəsində həlli vacib məsələlərdən biridir. Dövlətimizin başçısı İlham Əliyev Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə bu reallığı diqqətə çatdırmışdır ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Təəssüf ki, Təhlükəsizlik Şurasınfın qətnamələri bəzən bir neçə günün içində icra edilir, bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir kağız üzərində qalır. Bu, ikili standartlar siyasətinə son qoyulmalıdır.

Əməkdaşlıq formatlarının tərkibinin genişləndirilməsi ümumilikdə regional sabitliyin, təhlükəsizliyin təmin edilməsinə, ölkələr arasında iqtisadi-ticari əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət etməklə yanaşı, həqiqətlərimizin təbliğinə, yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasına, dünyaya sülh, birlik, həmrəylik, ədalət mesajının ünvanlanmasına geniş imkanlar açır. Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə qəbul edilən yekun sənəddə Azərbaycanın ərazi bütövlüyünə birmənalı şəkildə dəstəyin ifadə olunması da deyilənlərin təsdiqidir.

Yeganə Əliyeva, “İki sahil”