10 iyul 2020 11:00
379

“İki sahil” qəzeti milli maraqlara əsaslanan səmərəli və məqsədyönlü fəaliyyəti ilə böyük rəğbət qazanıb

Müstəqil Azərbaycanın mətbuat tarixində özünəməxsus yeri və rolu olan “İki sahil” qəzetinin yaranmasından 29 il ötür. Qəzet ötən müddət ərzində milli maraqlara əsaslanan səmərəli və məqsədyönlü fəaliyyəti, həmçinin rasionallığı, obyektivliyi, hadisələri düzgün işıqlandırması, qərəzsiz informasiyanın yayılması, jurnalistikanın etik prinsiplərinə və davranış qaydalarına sadiqliyi ilə böyük təqdir və rəğbət qazanıb. Qəzet, həmçinin ölkəmizdə baş verən ictimai-siyasi proseslərin, taleyüklü məsələlərin işıqlandırılmasında, ictimaiyyətə çatdırılmasında da yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək etibarlı nəşrlərdən biri olmağı bacarıb.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin təbliği istiqamətində fəaliyyətini uğurla davam etdirən “İki sahil” qəzeti etibarlı analitik informasiya mənbəyi və nüfuzlu nəşr kimi çox geniş oxucu auditoriyası qazanmağa nail olub.

Bu gün milli maraqlara, müasir çağırışlara və qlobal trendlərə uyğun fəaliyyətini davam etdirən “İki sahil” qəzeti, eyni zamanda, maraqlı təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə fərqlənir. Qəzetin müxtəlif saylarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər, analitik yazılar və rəylər əksini tapır.

“İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadəni, qəzetin kollektivini nəşrin fəaliyyətə başlamasının 29-cu ildönümü münasibətilə təbrik edir, kollektivə gələcəkdə daha böyük uğurlar arzu edirəm.

Hikmət Babaoğlu,
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru,
Milli Məclisin deputatı