Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
16 oktyabr 2020 18:24
553

İki qardaş ölkənin informasiya təhlükəsizliyini  təmin edən mənəvi silah

Türkiyə-Azərbaycan Media Platforması iki qardaş ölkənin informasiya təhlükəsizliyini  təmin edən mənəvi silahdır

Prezident İlham Əliyevin  Türkiyənin «Haber Global», «Haber Türk»,  «A-Haber», Haber NTV televiziya kanallarına müsahibələri Media Platformasının fəaliyyətdə olduğunu göstərir

Soykökü, tarixi, milli adət-ənənələri oxşar olan Türkiyə- Azərbaycan birliyinin son illərdə daha da möhkəmlənən tərəfdaşlığının  dünya siyasətinə təsiri bütün istiqamətlərdə hiss olunur. Türk dövlətləri arasında  həmrəyliyin  möhkəmlənməsinə töhfə verən bu əməkdaşlıq Qərbin formalaşdırdığı islamofobiyanın qarşısının alınmasında yenilməz qüvvədir.  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) yaradılması ilə  müsəlmanlar, İslam dini haqqında aparılan təxribat kampaniyası, formalaşdırılan zərərli  yanaşmaların qarşısı  türk xalqlarının  birliyi nəticəsində  alınır.  Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci iclasının Bakıda keçirilməsi ölkələrimizin  təhlükəsizliyinin möhkəmləndirilməsi və regional sabitliyin təmin olunması baxımından  mühüm əhəmiyyət kəsb edir.  Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq işğalçılıq siyasətini davam etdirən  Ermənistana qarşı  sərt tədbirlər məhz Türkiyə tərəfindən görülmüşdür. Beynəlxalq tədbirlərdə,  hər iki dövləti təmisl edən  diaspor təşkilatlarının eyni mövqedən çıxış etməsi bu birliyin təzahürüdür.  Reallaşan qlobal enerji, nəqliyyat  layihələrinin istismarı nəticəsində hər iki dövlətin iqtisadiyyatının inkişafına Türkiyə-Azərbaycan  qardaşlığı baxımından yanaşılması   əməkdaşlığı daha da möhkəmləndirir.   Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini təqdim edərkən Prezident İlham Əliyevin söylədiyi «Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı» sözləri qardaş  Türkiyə mətbuatının manşetinə çıxarıldı. Bu birlik   gərginləşən geosiyasi maraqlara qarşı mübarizədə də   üstünlüyünü qorumaqdadır. Dünyanın enerji və nəqliyyat xəritəsini yenidən tənzimləyən, Azərbaycanın təşəbbüsləri ilə reallaşan layihələrin ardınca Türkiyənin də zəngin təbii enerji  ehtiyatına  malik olması  bu iki qardaş ölkənin dünyanın siyasi, iqtisadi sistemindəki rolunu daha da möhkəmləndirir.

Humanitar sahədə əməkdaşlığın daha bir nümunəsi Azərbaycan –Türkiyə Media  Platformasının  (ATMP) yaradılmasıdır. Hər iki qardaş dövlət arasında  mənəvi körpü,  informasiya mənbəyi olan  Platformanın yaradılmasında məqsəd  türk dövlətlərinin birliyinə, türkdilli ölkələrin siyasi, iqtisadi inkişafındakı   yeniliklərin dünya ictimaiyyətinə operativ çatdırılmasına nail olmaqdır. Xüsusilə  mediada yayılan dezinformasiyalar və  xarici mənbələrdən gələn qara piarlara qarşı birgə mübarizədə  vahid strategiyanın yaradılması hazırkı dövrün əsas tələblərindəndir.  Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi gündən xalqımızla həmrəyliyini bütün sahələrdə bildirən Türkiyənin son zamanlarda ölkəmizlə daha  sıx birlik nümayiş etdirməsi hər iki xalqın ortaq düşməni olan dünya erməniliyinə qarşı mübarizənin  əsas istiqaməti, “Bir millət, iki dövlət””””””” aforizminin reallığıdır. Bu mübarizədə ideoloji silah Türkiyə- Azərbaycan Media Platformasıdır.

Sentyabrın 27-dən etibarən Ermənistanın təxribatları nəticəsində başlanan müharibədə Azərbaycanla daim  bir olan Türkiyənin  xalqımıza    mənəvi dəstəyi artır. Son günlərdə Rusiyanın, Fransanın televiziya kanallarına müsahibələrində də  Türkiyə- Azərbaycan qardaşlığının sarsılmazlığından bəhs edən  Prezident İlham Əliyev  qardaş köməyini yüksək dəyərləndirir.     

“Rossiya-1”” telekanalında yayımlanan “60 dəqiqə””” proqramında jurnalistin Türkiyənin   ölkəmizə dəstəyi ilə bağlı sualını cavablandıran Prezident İlham Əliyev  bildirdi ki,  döyüşlərin ilk saatlarından onu hərbi müstəvidən siyasi müstəviyə, siyasi prosesə çevirmək üçün  Azərbaycanın çox açıq və dəqiq mövqeyi belədir ki, Türkiyə mütləq bu işlərdə olmalıdır:  “Mən onu da bildirmişdim ki, faktiki olaraq Türkiyə prosesdə var. Ona görə bizim mövqeyimiz bundan ibarətdir ki, Türkiyə mütləq olmalıdır. Hansı statusda olacaq, bu, texniki məsələdir. De-fakto artıq Türkiyə var. Onsuz da Türkiyə Minsk qrupunun üzvüdür…Biz mövqeyimizdə qalırıq və əlbəttə, ümid edirik ki, bu məsələ tez bir zamanda masa arxasında həll edilsin. Türkiyə mütləq bu işlərdə fəal rol oynamalıdır və əminəm ki, oynayacaqdır.»

Media Platformasının  vasitəsi ilə iki ölkə mediasının inteqrasiya  şəkilində  hərəkəti,  xalqların məlumatlandırılması məsələsində səmərəli fəaliyyəti artıq hiss olunur. Prezident İlham Əliyevin  Ali Baş Komandan kimi Türkiyənin NTV, “Haber Türk”, “Haber Global”, “A Haber”” televiziya kanallarına müsahibələri Azərbaycanın davam edən döyüşlə bağlı  beynəlxalq ictimaiyyətə mesajıdır. Qarşılıqlı olaraq Azərbaycanın  politoloqları,  deputatları, jurnalistləri Türkiyə televiziyalarının videoformatda keçirdikləri  canlı yayımlarda iştirak edirlər. Hər iki qardaş ölkənin media mənsublarını birləşdirən Media Platforması  çərçivəsində həyata keçirilən layihələrdə  iştirak edən jurnalistlər Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın mülki azərbaycanlılara qarşı  törətdiyi terrorlar barədə məlumatlar dünya ictimaiyyətinə hadisə yerindən birbaşa çatdırılır.  O da bildirilir ki,  döyüşlər başlanan gündən ermənipərəst qüvvələr tərəfindən   Azərbaycana  göstərilən təzyiqlərin qarşısı Azərbaycanla Türkiyənin birlik və həmrəyliyi ilə alınır.
Türkiyə ilə Azərbaycan  arasında  çox geniş hüquqi sənədlər bazası olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev müsahibələrində dəfələrlə bildirib ki, qardaş ölkə ilə  birlikdə imzalanan,  bir çox sahələri  əhatə edən müqavilələrdə hərbi sahədə işbirliyi və qarşılıqlı yardımla bağlı maddələr vardır.” “Bu, bizim haqqımızdır. Əgər belə bir vəziyyət, Azərbaycan üçün çox ciddi təhlükə yaranarsa, təbii ki, Türkiyə bizim müttəfiqimizdir və biz bu imkanlardan istifadə edə bilərik… Bizim hərbi sahədə işbirliyimiz ildən-ilə güclənir. Təkcə keçən il 10 birgə hərbi təlim keçirilmişdir. Çünki bu təlimlər hər hansı bir ölkəyə qarşı hazırlıq xarakterli təlimlər deyil. Bu təlimlər bizim hərbi sahədə işbirliyimizin möhkəmləndirilməsi, Azərbaycan Ordusunun təkmilləşdirilməsi, Türkiyə Ordusunun standartlarına yaxınlaşması və Türkiyənin hərbi quruculuq sahəsində müsbət təcrübəsinin öyrənilməsi mənasını daşıyır.»

Ermənistanın  törətdiyi təxribatlar nəticəsində  başlanan və Azərbaycan Ordusunun üstünlüyü ilə davam edən döyüşlər göstərir ki,  Türkiyə-Azərbaycan  istənilən anda bir-birinin yanındadır.  Azərbaycan Türkiyəyə,  Türkiyə isə Azərbaycana  güvənir.  Yəni, Türkiyə-Azərbaycan birliyi dünya siyasətinin reallığıdır. “Bununla hər kəs barışmalıdır. Nə qədər çox vaxt keçsə, bizim birliyimiz daha da güclənəcək. Çünki Türkiyənin potensialı, Azərbaycanın təbii resursları, bizim aramızda olan nəqliyyat layihələri, Türkiyə və Azərbaycan vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, Orta Asiyadan, Əfqanıstandan Azərbaycan və Türkiyə ərazilərindən yeni nəqliyyat layihələrinin icra edilməsi - bütün bunlar yenilikdir.”

Prezident İlham Əliyevin müsahibələrində ən çox diqqət çəkən məqam birmənalı və  dəyişilməzdir: Türkiyə ilə  Azərbaycanın müttəfiqliyi   hər iki qardaş dövlət üçün böyük sərvətdir:” “Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik. Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq.»

Xuraman İsmayılqızı, «İki sahil»