12 yanvar 2021 16:11
850

İgidliyi ilə tarix yazan qəhrəmanımız - FOTO

BAŞ LEYTENANT SEYMUR HÜSEYNOĞLU MÜQƏDDƏS VƏTƏN MÜHARİBƏMİZDƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLİB

Azərbaycanın hərb tarixinə Qələbə ili kimi daxil olan, Azərbaycan oğullarının qəhrəmanlıq salnaməsini yaddaşlara əbədi həkk edən 2020-ci il xalqımızın yenilməzliyini, birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Bu yolda əsl qəhrəmanlıq nümayiş etdirən, şücaət və igidliyi ilə tarix yazan, torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımız azadlıq və yenilməzlik simvoluna çevrildilər, vətənpərvərliyin ən ali məqamına yüksəldilər...

Belə qəhrəmanlarımızdan biri də Vətən torpaqlarının azadlığı uğrunda mərdliklə vuruşan və şəhadət məqamına yüksələn baş leytenant Seymur Hüseynoğludur. Seymur 20 oktyabr 1993-cü ildə Ordubad rayonunda anadan olub. İlk təhsilə 2000-ci ildə Ordubad şəhər 3 nömrəli orta məktəbdə başlayıb. Qorxmazlığı, cəsarəti, əxlaq və tərbiyəsi ilə hər zaman seçilən Seymur kim deyərdi ki, gün gələcək igidliyi və şücaəti ilə də tarix yazan qəhrəmanlarımızdan olacaq,  “Mən qəhrəman olacağam!” deyərək qatıldığı haqq savaşımızda göstərdiyi igidliklə dillərdə, ürəklərdə əbədi yaşayacaq...2008-ci ildə qəhrəmanlığa gedən yolun ilk mərhələsi başlanır Seymur üçün...Ordumuz üçün peşəkar hərbçilər yetişdirən Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunur. 3 il burada oxuduqdan sonra 2011-ci ildə Bakıdakı Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. 2015-ci ildə buranı da uğurla bitirən Seymur Hüseynoğlu leytenant rütbəsi alır. Naftalan, Tərtər və Bakı şəhərlərində xidməti vəzifəsini yerinə yetirən igidimiz tariximizin şanlı və şərəfli səhifələrindən olan, ordumuzun zabit və əsgərlərinin hünər və rəşadətləri ilə tarix yazdığı aprel döyüşlərinin də iştirakçısı olur, Lələ təpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid general-mayor Polad Həşimovun rəhbərliyi ilə böyük şücaət göstərir. 2017-ci il 12 avqust tarixində döyüş hazırlığında, qoşun xidmətinin təşkilində əldə etdiyi nailiyyətlərə və nizam-intizamı yüksək səviyyədə saxladığına görə təltif olunan Seymur Hüseynoğlu 2018-ci ildə isə baş leytenant rütbəsinə layiq görülür. 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı şəhid olan general-mayorumuz Polad Həşimovun şəhadətə qovuşmasından dərin narahatlıq keçirən, onun intiqamını almaq arzusu ilə yaşayan Seymur hardan biləydi ki, bir neçə ay sonra əbədiyyət zirvəsində komandirini əsl qəhrəman döyüşçü, qalib ordunun yenilməz sərkərdəsi kimi salamlayacaq...

27 sentyabr da başlayan Vətən müharibəmizə digər oğullarımız kimi, Seymur da əsl qəhrəman kimi yollanır. Ailəsi ilə 27 sentyabrda sağollaşaraq qızğın döyüşlərin başladığı Füzuli rayonuna gedir. Seymur Hüseynoğlu ilə  xidmət zamanı çiyin-çiyinə vuruşan zabitimiz baş leytenant Qayıb Əliyev döyüşə getdikləri məqamları belə xatırlayır: “Sentyabr ayının 27-si Seymurla birlikdə Bakıdan Qarabağa yollanarkən onunla maraqlı söhbətlərimiz oldu. Yolboyu Seymur qətiyyətlə deyirdi ki, müharibə gələcək nəsillərə qalmamalı, övladlarımız sülh və firavanlıq içində yaşamalıdır!”. Füzuli, Hadrut, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edərək əsl qəhrəmanlıq nümunəsi göstərən, torpaqlarımızın azad olunması uğrunda son nəfəsinə qədər vuruşan igidimizin “Mən istəyirəm hər şey kökündən həll olunsun! Daha uşaqlar atasız qalmasın! Gələcək nəsil rahat yaşasın deyə indi biz varıq! Nə etmək lazımdırsa, edəcəyik, canımı belə fəda etməyə hazıram!” sözləri mərd, igid Azərbaycan oğlunun bütün nəsillərə örnək olacaq qəhrəmanlığının təcəssümü, mərdliklə vuruşan əsgərlərimizin zəfərə gedən yolda inamla səsləndirdikləri qalibiyyət nəğməsi, zəfər səsi idi...Bu amal idi Azərbaycan əsgərini düşmən qarşısında qorxusuz, yenilməz edən...Ailəsi ilə 11 oktyabrda son danışığı zamanı da Seymur eyni inam və cəsarətlə deyir: “Mən hansısa bir qəzada, yaxud ürəyi dayanaraq ölən biri deyiləm, mən döyüşçüyəm, döyüşdə də ölməliyəm!”. Qəhrəmanımızın hər zaman söylədiyi, həyatının əsas məramını ifadə edən bu sözlər bu gün dillər əzbərinə çevrilərək, Vətənə sevginin, qorxmazlığın, cəsarətin ən gözəl nümunəsi kimi yaddaşlara əbədi həkk olunub.

16 oktyabrda Cəbrayıl uğrunda gedən döyüşlərin birində Seymur Hüseynoğlu ayaq, qarın və baş nahiyəsindən ağır yaralanır. 41 gün komada qalan igidimiz noyabrın 26-sı şəhadətə qovuşur və İkinci Fəxri xiyabanda torpağa tapşırılır.

“Qəhrəman olacam!” dedin və oldun,

Döyüşdə ucaldın, nəhəng dağ oldun,

Ey cəsur komandir, qəhrəman igid!

Xalqın yaddaşında əbədi qaldın.

Vətən uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Seymur həm də komandir idi. Tabeliyində olan əsgərlərə hər zaman nümunə olan, igidliyi, cəsarəti, düzgün əmrləri ilə onları ən ağır döyüşlərdən sağ-salamat çıxarmağı bacaran qəhrəmanımız onların da xatirəsində silinməz izlər qoydu. Onun cəsur əsgərlərindən biri Tağıyev Rüfət öz komandirini bu sözlərlə yad edir: “Hüseynoğlu Seymur bizim igid komandirimiz idi. Heç yadımdan çıxmaz, bir gün o, döyüş zamanı bizim səngərə gələrək dedi: “Mənim dediklərimi etsəniz, burnunuz belə qanamadan  evlərinizə sağ-salamat, qəhrəman kimi qayıdacaqsınız”. Mənim şəhid komandirim! Sizin düzgün əmrlərinizlə biz evimizə sağ-salamat qayıdırıq. Siz bizim ürəyimizdə həmişə bir qəhrəman kimi qalacaqsınız!”. Əsgər Novruzov İslam isə son döyüşlərinə yollanarkən komandirinin onlarla olan söhbətini xatırlayır və onu hörmətlə yad edir: “Komandirimiz baş leytenant Hüseynoğlu hər gün olduğu kimi, bu səhər də ayağa qalxıb bizə dedi: “Bu, həmin gündür! Qəhrəman olmağın vaxtı çatdı!”. Elə həmin gün uğurlu əməliyyatların birinə rəhbərlik edən komandirimiz döyüş zamanı ağır yaralandı. Allah sizə rəhmət eləsin, cəsur komandirim! Sizi heç vaxt unutmayacağıq!”.

İşğal altında olan torpaqları azad edən, bu yolda son damla qanlarına qədər vuruşan, qeyrət mücəssəməsinə çevrilən bütün igidlərimiz kimi, Seymur Hüseynoğlunun da Vətən, torpaq qarşısında göstərdiyi hünər, igidlik dövlətimiz tərəfindən layiqli şəkildə qiymətləndirildi. Qəhrəmanımız ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi və göstərdiyi şücaət və qəhrəmanlığı Azərbaycan xalqının qəlbinə əbədi həkk olundu.

Vətənə və xalqa xidmətin ən ali məqamına yüksələn Seymur Hüseynoğlunun ruhu bu gün şaddır. Vətən övladları atasız qalmasın deyə, öz körpə balasını bizlərə əmanət edən qəhrəmanımızın yarımçıq qalan mübarizəsi müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində uğurla tamamlandı, 30 il həsrətini çəkdiyimiz torpaqlarımız geri qaytarıldı. İnanırıq ki, şəhidlərimizin qanı hesabına alınan müqəddəs Vətənimizin bütün övladları kimi, şəhidimizin yadigarı Hüseyn balamız da bu torpaqlarda xoşbəxt böyüyəcək... Atasını xatırlamasa da, onun dillərə dastan olan qəhrəmanlığını, fədakarlığını dinlədikcə qürurlanacaq, hər zaman başını dik tutaraq atası ilə fəxr edəcək...Bütün Azərbaycan xalqının qəhrəman oğullarını fəxarətlə yad etdiyi kimi...Allah sizlərə rəhmət eləsin, Vətənimizin şücaətləri ilə tarix yazan ölməz qəhrəmanları!

Sahab Əliyeva,

AMEA Naxçıvan Bölməsi
Elmi Kitabxanasının direktoru