KÖŞƏ

Zahid Rza

İfşa olunmuş buyruq qullarının iflası qaçılmazdır

25 noyabr 2019 20:03
800

Son vaxtlar radikal müxalifət düşərgəsində təmsil olunan partiyaların vəsiqə və arayışları ilə Qərb ölkələrinə ixrac olunan “siyasi mühacirlərin” cinayətkar əməlləri ilə təkzibolunmaz fakrların üzə çıxması bəzi qaranlıq mətləblərin aydınlığa qovuşmasına təkan verdi. Bəlli oldu ki, məlum “siyasi mühacirlər” cinayətkar dəstələr yaradaraq insan alveri, miqrant biznesi ilə məşğul olaraq qeyri-qanuni yollarla külli miqdarda pul qazanıblar.

Ermənipərəst dairələrin, anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilən digər qrupa aid “siyasi mühacirlər”in sosial şəbəkələrin yaratdığı geniş imkanlardan istifadə edərək xəyanətkarcasına Azərbaycan əleyhinə  qarayaxma kampaniyası aparırlar. Artıq bəlli olub ki, erməni lobbisi bəzi beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycanın dövlət maraqlarının əleyhinə təbliğat aparan bu qaragüruha ianə adı ilə külli miqdarda pullar verir, həmin “müstəqil bloqerlər”in ofis, ev xərclərini ödəyir, onlara  hər cür şərait yaradırlar. Xəyanətkar, satqın “müstəqil bloqerlər”in dağıdıcı müxalifətlə sinxron fəaliyyəti, onların internet televiziyalarının maddi təchizat baxımından geniş imkanlara malik olması bəzi qaranlıq məqamları üzə çıxarır. Bəlli olur ki, bütün bunlar Azərbaycan əleyhdarı olan  bəzi dairələrin vahid bir mərkəzdən sistemli şəkildə idarə etdiyi prosesdir.

Dağıdıcı müxalifətin sırasında yer alan bəzi siyasi partiyaların başbilənlərinin köməyi ilə xarici ölkələrdə siyasi mühacir adı ilə məskunlaşan, necə deyərlər, bir həsir, bir məmmədnəsir olan Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qənimət Zahid, Sevinc Osmanqızı, Vidadi İsgəndərli, Qabil Məmmədov və digərlərinin Qərb ölkələrində öz gücləri ilə yüksək səviyyədə təmin olunmuş internet TV-lər yaratmaları absurddur. Şübhəsiz, bu xəyanətkar dəstənin arxasında dayanan qüvvələr var. Həmin qüvvələr pərdə arxasından hər cür dəstək verərək öz çirkin niyyətlərini də belə satılmış ünsürlərin əli ilə həyata keçirməyə çalışırlar.

  “Sapı özümüzdən olan baltalar”ın Azərbaycan əleyhdarlarının dəyirmanına su tökən Vətən, millət dönüklərinin  bu mənəviyyatsız, namərd əməllərinə nə ad vermək olar?  Bütün etik-mənəvi, əxlaqi dəyərləri tapdalayaraq millətinə, respublikamızın rəhbərliyinə, dövlət adamlarına şər-böhtan, təhqir yağdıran, millətin ziyalısını, sayılıb-seçilən insanlarını mənəvi və fiziki təhqirlərə məruz qoyan bu satqın söyüş makinaları cəmiyyətimizin böyük təpkisi və ictimai qınağına tuş olduqları üçün daha da aqressivləşiblər. Bu rəzil kampaniyanın lap əvvəlindən hiss olunurdu ki, həmin  xəyanətkarların başlatdıqları  normal, sivil siyasi mübarizə yox, ölkəmizin milli mənafe və maraqlarına qarşı yönləndirilən, beynəlxalq imicini korlamağa çalışılan, pərdəarxası qüvvələr tərfindən məharətlə idarə olunan məkrli və zərərli bir oyundur. Bunların əməlləri kimi leksikonları da insanda ikrah və nifrət hissləri yaradır.

Qərb ölkələrində siyasi mühacir adı ilə maskalanan, özünü xalqımıza “demokratiya”, “insan haqları” uğrunda “mübariz” kimi sırımağa cəhd edən bu merkantillərin iç üzü, həqiqi mahiyyəti getdikcə daha çox üzə çıxır. Bütün bunlar isə bu satılmışlar “qvardiyasının” və onlarla işbirliyində olan radikal müxalifətin iflasını daha da yaxınlaşıdırır.

Yaqut Ağaşahqızı
Biz birlikdə güclüyük!
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?