26 aprel 2019 10:26
291

İçərişəhər xalqımızın müqəddəs tarixi kimi qorunur

Son günlər bir sıra qaragüruhçu şəxslər və qərəzli kütləvi informasiya vasitələri tərəfindən İçərişəhərin Qala divarlarına guya zərər yetirən tikinti işlərinin aparılması barədə uydurma məlumatlar yayılıb. Məhz bu uydurma və böhtan dolu məlumatları təkzib edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) bildirib ki, sosial şəbəkələrdə son günlərdə yayımlanan fotoşəkil hazırda ərazidə görülən işləri əks etdirmir. Həmin fotoşəkil 2018-ci ilin noyabr ayında çəkilib və orada görünən kərpic və digər materiallar qətiyyən Qala divarları ilə əlaqəli deyil. Hazırda sözügedən ərazidə yalnız yüngül metaldan ibarət dayaqlar mövcuddur. Hər hansı yenidənqurma işlərinin Qala divarına bitişik olması haqqında məlumatlar həqiqəti əks etdirmir. Yaradılan dayaqlar abidədən 1,5 metr aralıda quraşdırılıb.

Dövlət Tarix-Memarılıq Qoruğu İdarəsi bildirir ki, sosial şəbəkələrdə və müəyyən saytlarda qala divarlarına zərər vurulması ilə bağlı məlumatlar əsassızdır. Çünki məhz Qoruq İdarəsi Qala divarlarının bir hissəsini son illərdə bərpa edib və onların dayanıqlığı möhkəmləndirilib. İçərişəhər canlı bir orqanizmdir. Burada 3 minə yaxın insan yaşayır və həyat öz axarı ilə davam edir. Məhz bu füsunkar məkanın dünyanın bir çox tarixi şəhərlərindən başlıca fərqi də odur ki, o, ətraf mühitdən təcrid olunmayıb, əksinə özünün coşqun həyatı ilə milyonlarla insanı özünə cəlb edir. Odur ki, onun ərazisində istər sakinlərin iş fəaliyyəti ilə məşğul olması, istərsə də xarici qonaqların istirahəti üçün ictimai iaşə obyektlərinin olması faydalı və əhəmiyyətlidir. Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi xüsusilə vurğulayıb ki, qoruq ərazisində tarixi-mədəni və əyləncə məfhumları arasında olan balansı daim nəzarətdə saxlayır və heç bir halda bu tarazlığın pozulmasına imkan verilməyəcək.

Məhz bu uydurma və böhtan dolu iddiaları əsaslı şəkildə təkzib edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi aprelin 24-də ölkənin aparıcı KİV-lərinin nümayəndələrinin iştirakı ilə ekskursiya təşkil edib. Ekskursiya zamanı jurnalistlərin də canlı müşahidə etdiyi kimi, burada hər hansı dağıntı və söküntü işlərinə rast gəlinməyib. Əksinə müşahidə edilmişdir ki, DTMQİ dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılmasını, bu məqsədlə onlarda vaxtaşırı bərpa və konservasiya işlərinin aparılmasını öz fəaliyyətində əsas prioritet kimi qorumuşdur.

Xüsusilə son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri bunun bariz nümunəsidir. İdarənin hər il yenilənən bərpa və konservasiya proqramına əsasən, Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir.

İdarənin mətbuat sözçüsü Rahib Azəri jurnalistlərə bildirib ki, ötən ilin sonundan etibarən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca uzun illər həmin ərazidə yerləşən və abidələrə heç bir zərər yetirməyən kafe-terrasların genişləndirilməsi layihəsi həyata keçirilir. Layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur.

Bu üslubda təmir-bərpa işləri Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də Qala divarının dayanıqlılığına və görünüşünə xələl gətirmir. İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız idarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir.

İdarə rəsmisi Qala divarlarındakı fərqli daşlardan olan tikinti işlərinə də aydınlıq gətirərək qeyd edib ki, Qoruq hazırda bərpa işləri zamanı həmin daşlardan istifadə etmir: “O bərpa işləri 2007-ci ildən əvvəl olub”.

R.Azərinin sözlərinə görə, “İçərişəhər” Tarix-Memarlıq Qoruq İdarəsinin daxilində hal-hazırda heç bir bürc bərpa edilmir. İçərişəhərdə tarixən 23 bürc olub və bu bürclərdən biri ötən əsrin 50-ci illərində Bakının baş memarı, əslən erməni Mamexonov tərəfindən ləğv edilib. Həmin o bürcün yeri dəqiqliklə tapılıb və 2012-ci ildə tam bərpa edilib. Hazırda heç bir yerdə bərpa işi aparılmır. Sosial şəbəkələrdə yayılan foto həmin bürcün bərpası zamanı 2012-ci ildə çəkilib.

Ekskursiyada o da diqqətə çatdırılıb ki,  paytaxtımızda ilk dəfə olaraq İçərişəhər ərazisində Qoruq İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Fotoqrafiya Evi yaradılıb. Böyük Qala və Qüllə küçələrini bir-birindən ayıran bina 1890-cı ildə tacir Məmmədhəsən Həsənov tərəfindən tikdirilib və neoklassizm üslubunda inşa edilib. Hazırda binanın fasadında əks olunan qadın heykəli, Klio tarix ilahəsi olaraq insanları zamanın sehrinə səyahət etməyə çağırır. Artıq Bakı Fotoqrafiya Evində sərgilər açılır, müsabiqələr keçirilir, ustad dərsləri təşkil olunur. Burada, həmçinin Bakının fotolarından ibarət köhnə kolleksiya da nümayiş edilir.

Təbii ki, ekskursiyanın Bakı Fotoqrafiya Evindən başlanması ekskursiya iştirakçılarında görülən işlərin bir qismi haqqında olduqca aydın təsəvvür yaradıb. Sonra iştirakçılar İçərişəhərin Qoşa Qala qapısı yaxınlığında XVII əsrə aid olan, hazırda restavrasiya edilən köhnə hamamla tanış olublar. Ekskursiya Qoşa Qala qapısının yaxınlığında yerləşən qala divarının önündə davam edib. Burada köhnə restoranlar sökülərək, əvəzində yenilərini tikmək üçün bir platforma hazırlanıb. Beton platforma qala divarlarından aralı düzəldilib ki, divara maneə törətməsin. Bəzi ittihamların olmasına baxmayaraq burada divara müdaxilə olunmayıb.

Qeyd edək ki, abadlıq işləri nəinki adı çəkilən yerlərdə, eyni zamanda, son illər ərzində Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi kimi yerlərdə uğurla tamamlanıb. Vurğulanıb ki, Qoruq İdarəsi bərpa və konservasiya işlərinin mükəmməl surətdə aparılması, həmçinin xarici təcrübənin öyrənilməsi məqsədilə Almaniyanın “Remmers” və Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətləri ilə sıx əməkdaşlıq edir.

Daha sonra mətbuat nümayəndələri Qoşa Qala meydanında yerləşən XVII əsrə məxsus Yeraltı hamamı ziyarət etmiş, bu orta əsr memarlıq nümunəsinin xarici və daxili quruluşu, orada aparılan konservasiya işləri barədə ətraflı məlumatla tanış olmuşlar. Eyni zamanda iştirakçılar hal-hazırda konservasiya işlərinin aparıldığı və tezliklə muzey olaraq fəaliyyətə başlayacaq Bakı Xanları Evi ilə tanış olmuş, abidədə aparılan yenidənqurma işlərini izləmişlər.

Elçin Zaman, “İki sahil”