02 aprel 2020 13:24
873

İbrahim Məmmədov: Azərbaycanda fövqəladə hal elan oluna bilər

Azərbaycanda fövqəladə hal elan oluna bilər.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xudmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, pandemiya ilə bağlı vəziyyət yaxşı deyil:

"Ölkədə yayılma halları var. Xüsusi karantin qərarı elan olunub. Amma buna baxmayaraq, yoluxma halları sağalma sayından çoxdur. Buna görə də əhalini evdə oturtmağa çalışırıq. Çünki cəmi 26 nəfər sağalıb, amma yoluxma halı 300-dən artıqdır. Əgər bu hal davam edərsə, fövqəladə vəziyyət elan oluna bilər. Amma biz çalşmalıyıq ki, yoluxma halları artmasın".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.