KÖŞƏ

Ceyhun Piriyev
[email protected]

Humanizm siyasətinə sadiqlik nümunəsi

13 aprel 2020 10:42
3052

Ölkə başçısının son əfv Sərəncamının yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan 176 nəfər insana şamil olunması Azərbaycan vətəndaşının sağlamlığına, təhlükəsizliyinə göstərilən diqqət və qayğının növbəti təzahürüdür. Bununla da bir daha təsdiqləndi ki, Azərbaycan hökuməti cəmiyyətdəki statusundan asılı olmayaraq hər bir vətəndaşının yanındadır, insan amilini prioritet məsələ kimi diqqət mərkəzində saxlayır.

Sərəncamın məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətləri, eyni zamanda, məhkumların sağlamlıq vəziyyəti və cəza çəkdikləri müddətdə davranışları nəzərə alınmaqla yanaşı, humanizmə əsaslanması bu prinsipin dövlət siyasətinin təməlində dayanması ilə izah oluna bilər.

Bu addım, həmçinin Prezident İlham Əliyevin humanizm kimi ali dəyərə sadiq qaldığını növbəti dəfə nümayiş etdirdi. Bu da təsadüfi amil deyil. Belə ki, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir və 17 ildir davam etdirilən bu siyasətdə humanizm çalarları dəfələrlə özünü büruzə verib.

Azərbaycanda siyasətdə humanizm prinsipinə yer verilməsi isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra demokratikləşmə ilə yanaşı, cəmiyyətimizin bütövlüyünə xidmət edən humanizm ənənələrinin təməli qoyulub. Bununla da həmin dövrdən başlayaraq həyata keçirilmiş humanizm siyasətinin başlıca nümunələrindən biri də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycanda ölüm cəzasının icrasına moratorium qoyulması, 1998-ci ildə isə ölüm cəzasının ləğv edilərək cəza sistemindən çıxarılmasıdır.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirovun sözlərinə görə, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iradəsi sayəsində 1995-2003-cü illərdə minlərlə məhkuma şamil edilən  Amnistiya aktları qəbul edilib və əfv sərəncamları verilib.

Beləliklə də, Azərbaycanda dövlət siyasətinə humanizm prinsipinin gətirilməsinin tarixi 27 il əvvələ gedib çıxır. Ötən müddət ərzində insan və vətəndaşın hüquq və azadlıqlarının və vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ölkə Konstitusiyası ilə ahəngdar olan dövlət siyasəti və reallaşdırılan islahatlar ədalət, qanunçuluq, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipləri ilə yanaşı, humanizm prinsiplərinə də əsaslanır.

Bu mənada ölkə baçşısının son əfv Sərəncamı Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi. Eyni zamanda, hər zaman penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və alternativ cəza üsullarının tərəfdarı olan Prezident İlham Əliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətə bütün hallarda sadiq olduğunu bir daha nümayiş etdirdi.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?