15 mart 2019 15:53
90

Humanist kampaniyalar davam etdirilir - FOTO

SOCAR-ın «Neftqazelmitədqiqatlayihə» İnstitutunun əməkdaşları qanvermə aksiyasında fəal iştirak etdilər

SOCAR respublikada bir çox layihə və proqramların, humanist aksiyaların ən fəal iştirakçılarındandır. Ölkənin hərtərəfli inkişafında böyük əməyi olan SOCAR hər dəfə həyata keçirdiyi humanitar layihələrlə nəinki neftçilərin, peşəsindən asılı olmayaraq ehtiyacı olan hər bir kəsin qayğısına qaldığını nümayiş etdirir. Dövlət Neft Şirkətinin müəssisələrində talassemiyadan əziyyət çəkən uşaqlara humanitar yardımla bağlı Heydər Əliyev Fondunun təşəbbüsü ilə start götürən aksiyalar öz müsbət nəticəsini verməkdədir.

Bu gün isə SOCAR-ın «Neftqazelmitədqiqatlayihə» İnstitutunda qanvermə aksiyası keçirildi. Səhər saatlarında başlayan aksiyaya bir çox insan qoşulmuşdu. İlk olaraq «Neftqazelmitədqiqatlayihə» İnstitutunun direktoru Fəxrəddin İsmayılov, baş mühəndis-direktorun birinci müavini Fazil Həsənov, ümumi məsələlər üzrə direktor müavini Arif Qədirov qan verdilər.

Aksiya barədə məlumat verən «Neftqazelmitədqiqatlayihə» İnstitutunun ümumi məsələlər üzrə direktor müavini Arif Qədirov qeyd etdi ki, SOCAR-ın bütün  idarə və təşkilatları bu aksiyaya qoşulublar. Hər zaman SOCAR tərəfindən təşkil olunan qanvermə aksiyalarında neftçilərin fəallığını vurğulayan A.Qədirov qeyd etdi ki, talassemiyadan əziyyət çəkən uşaqlara humanitar yardımla bağlı Heydər Əliyev Fondunun təşəbbüsü ilə start götürən aksiyalar öz müsbət nəticəsini verməkdədir. A.Qədirov vurğuladı ki, «Neftqazelmitədqiqatlayihə» İnstitutunda keçirilən bu humanist aksiyada isə 150-dən çox neftçi qan verdi.

Tədbirdə Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının həkim briqadası donorlara xidmət edirdi.

İnstitutun İqtisadiyyat və Uçot Departamentinin rəisi, baş mühasib Knyaz İbrahimov, İnsan resursları şöbəsinin rəisi Murad İsayev,  Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəisi Ofelya Hüseynova, institut direktorunun köməkçisi Telman Əlirzayev, Smeta və enerji resursları normativlərinin işlənməsi şöbəsinin rəis müavini Elmira Əliyeva, böyük mühəndis Eldəniz Əmirov, mühəndislərdən Famil Bayramov, Kamilə Məmmədova və digərləri qanvermə aksiyasına fəal qoşularaq bu kimi kampaniyaların davamlı keçirilməsinin vacibliyini vurğuladılar.

Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), 
«İki sahil»