02 dekabr 2019 21:58
83

Hindistanın Azərbaycandakı səfiri Qubaya səfər edib

Hindistanın ölkəmizdəki səfiri Vanlalvavna Bavitlunqun rəhbərlik etdiyi nümayəndə heyəti Qubada olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti ilə Quba Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib. Rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Xudaverdiyev qonaqlara Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.

Səfir Vanlalvavna Bavitlunq Hindistan-Azərbaycan münasibətlərinin intensiv inkişaf etdiyini bildirərək, ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin qurulduğunu diqqətə çatdırıb.

Görüşdən sonra qonaqlar Quba “ASAN həyat” Kompleksi, “Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodu, “Qədim Quba” xalçaçılıq müəssisəsi, “ABAD Factory” istehsalat kompleksi və dağ yəhudilərinin kompakt şəkildə yaşadığı Qırmızı qəsəbə ilə yaxından tanış olublar.