15 may 2019 14:07
342

Hikmət Şikarov: Ölkəmizlə bağlı məkrli istəklər heç vaxt baş tutmayacaq

“Brüsseldə Avropa İttifaqının Şərq tərəfdaşlığı Sammiti ərəfəsində bəzi qərb dairələrinin və erməni lobbisinin sifarişlərini yerinə yetirən bir qrup mühacirin qəfildən peyda olub şou yaratmaq cəhdləri bir daha həmin ünsürlərin xalqımıza və dövlətimizə qarşı ermənilərlə eyni səngərdə yer aldığını təsdiqləmiş oldu.” Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib.

H.Şikarov vurğulayıb ki, bu gün Azərbaycanın necə sürətli inkişaf etdiyi dünyaya məlumdur: “Bu inkişaf Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edir. Azərbaycanın istər daxili, istərsə də xarici siyasəti xalqın istəyinə uyğundur. Nəticədə isə Azərbaycanın dünyada nüfuzunun artmasından, daim yüksələn xəttlə artan inkişafından, anbaan güclənməsindən və bölgənin super inkişaf etmiş ölkəsi olmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatlıq hissi keçirən xarici  və daxili məkrli dairələr radikal düşmən möqeyində dayanaraq Azərbaycana və xalqımıza qarşı kəskin şəkildə qərəzli olduqlarını və Azərbaycanın beynəlxalq arenadakı uğurlarını gözlərinin götürmədiyini öz əməlləri ilə sübut  eləyirlər.  Belə olan təqdirdə isə Azərbaycanın qazandığı uğurların miqyası artdıqca Avropaya sığınıb ölkəmizə qarşı qarayaxma kampaniyalarını davam etdirən "siyasi mühacirlər" də milli maraqlarımızı düşmən erməniyə satmaqla bir daha mənəviyyatsızlıqlarını nümayiş etdirirlər. Məlum olduğu kimi belə ünsürlərin bütün fəaliyyəti anti-dövlətçilik və anti-millətçilik siyasəti üzərində qurulub və ermənipərəst qüvvələrin dəstək və sifarişləri ilə səfərbər olaraq xalqımızın bütün ali dəyərlərini zədələməyə və baltalamağa yönəlib. Müxtəlif mərkəzlərdən idarə olunan bu kimi şəxslər ölkənin milli maraqlarının qorunmasının nə olduğunu bilmir və başa düşmürlər. Eyni zamanda da unudurlar ki, öz havadarlarının icazəsi olmadan bir fikir bildirə bilməyən kəslər heç bir zaman ictimai rəyi çaşdıra bilməz və beynəlxaq ictimaiyyətdə artıq formalaşmış olan imicimizi heç cürə ləkələyə bilməzlər.”

YAP Pirallahı rayon təşkilatının sədri onu da diqqətə çatdırıb ki, məlum çevrələrin vaxtaşırı olaraq, Azərbaycana qarşı qarayaxma kampaniyaları həyata keçirdiyini, xüsusilə əhəmiyyətli tədbirlər ərəfəsində onların fəallaşmağa başladığını nəzərə alsaq, heç şübhəsiz, ölkəmizi nüfuzdan salmağa çalışan qüvvələr öz çirkin əməllərini bundan sonra da davam etdirməyə çalışacaqlar: “Ona görə də, Azərbaycan xalqı onların belə tərbiyəsizlik və mənəviyyatsızlıqlarına cavab olaraq Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək sabitlik şəraitində, sürətli inkişaf yolunda yeni böyük müvəffəqiyyətlərə imza atacaq. Buna cavab olaraq isə birmənalı şəkildə demək olar ki, nə xaricdə olan bəzi qüvvələrin, nə də ki, daxildə olan müxalifətin ölkəmiz ilə bağlı məkrli istəkləri heç vaxt baş tutmayacaq.”

Orxan Vahidoğlu, “İki sahil”