08 iyul 2019 13:18
201

Hikmət Şikarov: Azərbaycanın mədəni irs nümunələri bəşəri əhəmiyyət daşıyır

“Bu gün Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoqa  öz töhfəsini verir, mədəni irsi, dəyərləri ilə əhatəmizdə olan dünyagörüşlərini, mədəniyyətləri zənginləşdirir, eyni zamanda, onların ən mütərəqqi baxışlarını əxz edir. Azərbaycan öz mədəni irsi ilə Şərqə nə qədər bağlıdırsa, intellektual potensialı, elmi - mədəni yenilik və texnologiyaları geniş tətbiq etməsi ilə bir o qədər Qərb dünyasına yaxındır. Hazırda Azərbaycan dünyada zəngin milli-mədəni dəyərləri ilə yanaşı, həm də mədəniyyətlərarası ünsiyyət, anlaşma məkanı kimi tanınır. Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti Azərbaycan tərəfdən irəli sürülüb. Ötən müddətdə atılan əməli addımlar, irəli sürülən ideya və təşəbbüslər də bunu deməyə əsas verir.” Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov söyləyib.

H.Şikarov qeyd edib ki, mədəni irsin qorunması Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir: “Ölkəmiz 1992-ci ilin iyunundan UNESKO-ya üzv qəbul olunub. 1996-cı ildə isə UNESKO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir. Azərbaycanın mədəni və təbii irsinin qorunması məsələsi də UNESKO ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” naminasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil  edilməsi isə bir daha tariximizə və irsimizə verilən dəyərdir. Çünki Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Həqiqətən də fəxr etməli fakt  ondan ibarətdir ki, Azərbaycan memarlığı və tarixinin bir hissəsi, xalqımızın maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidə UNESKO tərəfindən ümumdünya irsi kimi qəbul olunub. Bu da Azərbaycanın dünya mədəni irsinə çox əhəmiyyətli bir töhfəsidir. Bununla da Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi təkcə Azərbaycanın deyil, bəşəriyyətin mədəniyyətinə və tarixinə məxsus olur. Bu maddi - mədəniyyət irsinin Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi bizi həm sevindirir, həm də üzərimizə böyük məsuliyyət qoyur. Bu qərara əsasən, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi beynəlxalq təşkilatların nəzarəti altında olacaq, onun qorunması və inkişaf etdirilməsi bəşəri əhəmiyyət daşıyacaq.”

YAP Pirallahı rayon təşkilatının sədri əminliklə bildirib ki, Azərbaycanın hələ bu siyahıya salınacaq xeyli abidələri var və yəqin ki, yaxın gələcəkdə həmin siyahı milli - mənəvi dəyərlərimizin böyük qismini də özündə əks etdirəcək.

Orxan Vahidoğlu, “İki sahil”