23 may 2019 14:34
340

Hikmət Şikarov: “Amnesty İnternational” idmandan  siyasi alət kimi istifadə edir

“Artıq inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutan Azərbaycanda sosial – iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər onun qüdrətini daha da artırmaqdadır. Sivilizasiyalararası dialoq məkanı kimi tanınan Azərbaycanın bu gün mötəbər tədbirlərə ev sahibliyi etməsi, təşkilatçılıq sahəsində mükəmməl təcrübəyə yiyələnməsi, ən əsası, malik olduğu imkanlar ölkəmizdə hər bir beynəlxalq idman yarışının keçirilməsi üçün münbit şərait yaradır. Məhz bu uğurlar, reytinqlər, ölkəmizə göstərilən yüksək etimadlar artdıqca, bəzi dairələr, xüsusən də antiazərbaycan şəbəkələr yaman “əl-ayağa” düşürlər. Çünki ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu dost ölkələri sevindirsə də, belə antiazərbaycan şəbəkələri, ölkəmizə qarşı ikili standartlardan çıxış edən bəzi beynəlxalq təşkilatları “narahat” edir. Xarici antiazərbaycan şəbəkə və onların əlaltıları, bəzi yerli dairələr də ölkəmizdə keçiriləcək olan UEFA Avropa Liqasının final matçı ərəfəsində  öz simalarını açıb göstərirlər.” Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib.

H.Şikarov qeyd edib ki, bütün bu kampaniyaların arxasında erməni lobbisi, diasporu, Azərbaycanı sevməyən və uğurlarını qısqanan qüvvələr dayanır: “Həyata keçirmək istədikləri planlar hər dəfə alt-üst olsa da, bu çirkin əməllərindən yenə də əl çəkmirlər. Bu gün “demokratiya çətiri” altında pərdələnən “Amnesty İnternational” adlı bir təşkilat da idmandan  siyasi alət kimi istifadə etməyə çalışır və “qara piar” kampaniyasına başlayıb. Əfsuslar olsun ki, belə antiazərbaycan təşkilatlar öz ölkələrindəki insan haqları problemlərindən diqqəti yayındırmaq, beynəlxalq ictimai rəyi məşğul etmək üçün Azərbaycan kimi ölkələri hədəf alırlar. Ancaq hər dəfə məqsədləri, niyyətləri ürəklərində qalır. “Amnesty İnternational” kimi ermənipərəst təşkilatların yaydıqları qərəzli bəyanatlar, ikili standartlar prinsipi, “qara piar” kampaniyası  heç bir nəticə verməyəcək, qərəzli çağırışların heç bir effekti olmayacaq. Çünki nəyəsə etiraz edəndə ilk öncə onun səbəbini ortaya qoymalısan. Onların ortaya qoyduğu səbəbləri isə  bizlər görürük və müəyyən edirik ki, bütün bunlar tamamilə əsassız və mənasızdır, sadəcə, suyu bulandırmaq naminə kampaniya aparırlar. Sadəcə olaraq, bu, düşmənin xarakteri və xislətidir. İndiyədək “Amnesty İnterntional” kimi təşkilatlar bir dəfə olsun belə Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyona yaxın insanın hüquqlarının pozulduğunu dilə gətirməyiblər. İnsanların hüquqlarının kütləvi şəkildə pozulmasında günahkar olan Ermənistan dövlətinə bir dəfə formal olsa belə çağırış etməyiblər. Odur ki, adıçəkilən bu təşkilatın hər hansı bəyanatı Azərbaycan üçün meyar sayıla bilməz. Həmişə olduğu kimi, bu dəfə də belə təşkilatların çirkin kampaniyaları uğursuz və rüsvayçılıqla sona çatacaq, Azərbaycan isə inamla sabaha doğru irəliləyəcək və dünyada artan nüfuzu dövlətimizə yeni uğurlar qazandıracaq.”

Orxan Vahidoğlu, “İki sahil”