10 iyul 2020 13:55
438

Hicran Hüseynova: Məhdudlaşdırıcı tədbirlər vəziyyətə uyğun atılır

“Hazırda dünya çox həssas bir dövr yaşayır. Koronavirus pandemiyası dövlətlərin iqtisadiyyatına, həyatın bütün sferalarına, o cümlədən insanların psixoloji vəziyyətinə də təsir etməkdədir. Bu bir reallıqdır ki, hazırda pandemiyanın yayılması və insanların kütləvi surətdə bu virusa yoluxmasının qarşısının alınmasında məhdudlaşdırıcı tədbirlər əsas rol oynayır və müsbət nəticələnir. Bu istiqamətdə ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi çevik tədbirlər və zamanında qəbul edilmiş qərarlar mühüm yer tutur. Məhz bunun nəticəsidir ki, bugün ölkədə vəziyyət nəzarətdə saxlanıla bilir. 6 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışında iştirak ediblər.”

İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib: “Ölkə başçısının müsahibə zamanı qeyd etdiyi məqamlara xüsusi diqqət yetirməliyik. Cənab Prezidentin də qeyd etdiyi kimi, COVID-19 xəstələrinin sayı artır və bu da əlavə çarpayıların artırılmasını və bu istiqamətdə işlərin gücləndirilməsini tələb edir. Buna görə də dövlət tərəfindən vaxtında lazımi işlər görülür. Eyni zamanda, növbəti aylarda 2 mindən çox xəstəyə xidmət edəcək xəstəxanına da istifadəyə verilməsi də diqqətə çatdırıldı. Təbii ki, bütün bunlar koronavirus infeksiyası ilə mübarizədə bizə əlavə imkanlar yaradacaq. Prezident İlham Əliyev həmçinin modul tipli xəstəxanaların inşasının davam etdirilməsini də diqqətə çatdırdı və qeyd etdi ki, biz hər bir vəziyyətə hazır olmalıyıq, çünki dünyada heç bir ölkə baş verə biləcək bu vəziyyətə əvvəlcədən hazır deyildi.”

Komitə sədri vurğulayıb ki, hazırda ölkədə karantin rejiminin qüvvədə olması mövcud vəziyyətə uyğundur: “Təbii ki, hamımız başa düşürük ki, evdə qalmaq indiki vaxtda o qədər də asan deyildir və bu insanlara psixoloji olaraq təsir edir. Ancaq, ölkə Prezidentinin də qeyd etdiyi kimi, məhdudlaşdırıcı tədbirlər vəziyyətə uyğun atılır və bu gün karantin rejiminin qüvvədə qalması düzgün addımdır. Biz əgər dünyada bəzi ölkələrə diqqət yetirsək görərik ki, onlar karantin rejiminin yumşaldılmasından sonra yenidən sərt formaya qayıtmaq məcburiyyətində qaldılar. Məsələn, bu yaxınlarda Britaniya ölkədə karantin rejimini yumşaltdı, kafe, restoranlar müştərilərə açıq elan edildi. Ancaq bir neçə gün sonra bəzi kafeləri bağlamağa məcbur oldular, çünki orada koronavirus aşkarlanan müştəri olmuşdur. Avstraliyada da bu vəziyyəti müşahidə edə bilərik. Ölkənin ikinci ən böyük Melburn şəhəri növbəti dəfə sərt karantin rejiminə qayıtmaq məcburiyyətində qaldı. Bunlar bir daha göstərir ki, mövcud vəziyyətin idarə edilməsində heç də bütün ölkələr uğurla nəticələnməyib.”

H.Hüseynova qeyd edib ki, hazırda ölkəmizdə vəziyyətin nəzarətdə saxlanılması, insanların sağlamlığının qorunması istiqamətində atılan addımlar, mövcud nəzarət tədbirləri ən doğru addım hesab edilir və təbii ki, bu işdə ölkə rəhbərinin uğurlu liderliyi açıq-aydın görünür.

Orxan Vahidoğlu, “İki sahil”