15 oktyabr 2019 11:00
296

Heydər Əliyev adına NEZ-in qurğularında irimiqyaslı təmir işləri aparılır

Məlum olduğu kimi, uğurlu nəticələrə, yüksək məhsuldarlığa nail olunmasında aparılan cari və əsaslı təmirlərin böyük əhəmiyyəti vardır. SOCAR-ın və Şirkətin Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) rəhbərliyinin, baş mütəxəssislərin və kollektivin gərgin əməyi sayəsində əsas istehsal sahələrinin texnoloji sxemlərində edilmiş dəyişikliklər, aparılmış yenidənqurma, cari və əsaslı təmir işləri və s. texniki-təşkilati tədbirlər böyük iqtisadi səmərə ilə müşayiət olunur. Müəssisədə istehsal məsələlərinin kompleks həllinin təmin olunması inkişafa zəmin yaradır.

Oktyabr ayının əvvəlindən Heydər Əliyev adına NEZ-in əsas texnoloji qurğularında eyni vaxtda irimiqyaslı təmir işləri aparılır. Odur ki, bu günlər zavodun ərazisi çox böyük tikinti meydanını xatırladır. Əgər nəzərə alsaq ki, müəssisənin yenidənqurulması və modernizasiyası layihəsi çərçivəsində yeni texnoloji qurğuların inşa olunması davam edir, aparılan təmir-tikinti işlərinin böyük həcmini təsəvvür etmək çətin olmaz.

Hal-hazırda SOCAR və zavod rəhbərliyinin, baş mütəxəssislərin, mühəndis-texniki işçilərin nəzər-diqqəti təmir işləri gedən 55№-li katalitik krekinq, 21 №-li ilkin emal, 43№-li tədrici kokslaşdırma, 31№-li katalitik riforminq qurğularına yönəlmişdir.

Təmir dövründə müxtəlif təyinatlı briqadalar işləri vaxtında başa çatdırmaq üçün uzadılmış iş rejimində, sözün əsl mənasında, fədakarlıqla  çalışaraq gərgin əmək sərf edirlər.

Əsaslı təmirə saxlanılmış qurğuların texniki tələblərə uyğun, etibarlı vəziyyətə gətirilməsi üçün SOCAR-ın “Neftqaztəmirtikinti” Tresti, müəssisənin təmir-quraşdırma üzrə 13№-li sahəsi, o cümlədən zavodun 1, 6, 9, 11, 12, 14, 17, 19, 20, 23, 25 №-li sahələrdən çilingər briqadaları səfərbər edilmişdir.

Məqsəd aydındır: təxminən bir ay müddətində qurğular əsaslı təmir olunmalıdır. Bəs qarşıya qoyulmuş məqsədin nəzərdə tutulmuş vaxtda yerinə yetirilməsi mümkün olacaqmı?

Elə bu suala cavab tapmaq üçün istehsalatların qurğularına yollanırıq.

Hələ 2 №-li istehsalatın məşhur ED-AVQ-6 qurğusunun ərazisinə daxil olmadan, zavodun 5 №-li istehsalatının 55 №-li katalitik krekinq qurğusunda olarkən uzaqdan gözə dəyən texniki vasitələr, səyyar köşklər, çoxsaylı işçilərdən ibarət mənzərədən belə bir rəy yaranır ki, burada irihəcmli işlər görülür. Təmir, tikinti, quruculuq işlərində əvəzedilməz kranlar, müxtəlif traktorlar, ekskavatorlar, müvafiq nəqliyyat vasitələri qurğunun daxilinə, ətrafına cəmlənib. Dəfələrlə olduğumuz bu qurğunun yerləşdiyi əraziyə çatanda orada gedən təmirin səs-küyünü, maşın-mexanizmlərin uğultusunu eşidirik. Daha sonra əzəmətli mürəkkəb kompleksin qarşısında ayaq saxlayırlar. Şübhəsiz, belə vaxtda istehsalat, qurğu rəisini, mexaniki tapıb, onlardan məlumat almaq heç də asan deyil. Buna görə də müşahidələrimizə və bir də 55 və 21 №-li qurğuların arasında yerləşən səyyar köşkdə (bunu həmçinin “ştab” da adlandırırlar) baş mütəxəssislərdən aldığımız məlumatlara əsasən təmir haqda təsəvvürlərimizi formalaşdırmaq məcburiyyətində qalırıq. Bütövlükdə müsahiblərimizin məlumatlarında qurğuya cəlb edilmiş təmir briqadaları, təchizat, təmir işlərinin gedişinə aydınlıq gətirilir.

Söhbət texnoloji qurğuların əsaslı təmirini həyata keçirənlər haqda düşəndə zavodun baş mexaniki Arif Bəndəliyev müəssisənin təmir-quraşdırma üzrə 1 3№-li sahəsinin rəisi Elşən Əliyevin rəhbərliyi ilə kollektivin böyük və səmərəli əməyini xüsusi vurğuladı. Eləcə də “Neftqaztəmirtikinti” Trestinin, zavodun digər sahələrinin təmirçi briqadalarının, əsaslı tikinti xidmətinin, mexanika, energetika, metrologiya, texniki nəzarət, texniki və nəqliyyat şöbələrinin işi haqda xoş sözlər söylədi, razılıq ifadə etdi. Baş mühəndisin müavini Ramazan Qəribovun rəhbərliyi ilə texniki və istehsalat şöbələrinin (rəis Soltanəli Allahverdiyev) bütün işçilərinin səfərbər olaraq təmirə böyük önəm verdiklərini söylədi. Təmirin təhlükəsizlik qaydalarına uyğun aparılmasına, habelə təmir dövründə işçilərin və mütəxəssislərin xüsusi geyimlə təmin olunmasına nəzarət edən Əməyin təhlükəsizliyi və keyfiyyətə nəzarət departamentinin (rəis Güləli Ağamirov) rolunu qeyd etdi.

Bildirdi ki, boşdayanmalara yol verilməməsi, vaxtdan səmərəli istifadə olunması, qısa vaxt ərzində işlərin başa çatdırılmasına nail olmaq, operativliyi, çevikliyi təmin etmək üçün hər gün zavodun baş mühədisi Rasim İbrahimovun rəhbərliyi ilə mütəxəssislərin toplandığı səyyar köşkdə gündəlik təmir işlərinin gedişi, yekunları barəsində müşavirələr keçirilir. Zavodun direktoru Elman İsmayılov tez-tez qurğularda olur, təmirin gedişini xüsusi nəzarətində saxlayır və məsləhətlərini verir.

... İşin olduqca gərgin və vaxtının az olduğuna baxmayaraq, 2 №-li istehsalatın rəisi Şahin Əsgərovu bizə məlumat verməyə razı salırıq.

Təmir işlərini aparan iş icraçıları, mütəxəssislər ona tez-tez müraciət etdiyindən söhbətimizə fasilə vermək məcburiyyətində qalırıq.

Məlum olur ki, 21 №-li qurğuda öncədən təmirə hazırlıq işləri görülmüş, ilk növbədə vakuum bölməsi, sonra isə sobalar da daxil olmaqla qurğu tam təmirə saxlanılmışdır. Dörd sobanın hamısı təftiş olunmuş, qüsurlar aradan qaldırılmışdır. S-1/1 və S-1/2 müvafiq olaraq 6, 8 ədəd boru, o cümlədən S-1/2, S-1/3-də çıxış xətləri dəyişdiriləcəkdir. Sobalarda dağılmış torkret beton hissələri bərpa olunacaqdır. Vakuum kolonunun da sıradan çıxmış paketləri yeniləri ilə əvəz ediləcəkdir. Atmosfer bölməsində K-1, K-2 kolonlarının sıradan çıxmış boşqabları yeniləri ilə əvəz ediləcəkdir. İstidəyişdiricilərin boru dəstləri yuyulmuş, siyirtmələr yeniləri ilə əvəz olunacaqdır. Havasoyuducularının giriş və çıxış siyirtmələri də dəyişdiriləcəkdir. Səviyyəölçən cihazlar müasirləri ilə əvəz edilmişdir.

55 №-li katalitik krekinq qurğusunda isə məlumatları bizə 5 №-li istehsalatın mexaniki Ağamirzə Nəsibov çatdırır: 

- Reaktorda siklonların dayaqları,

“miqalka”ları (qapayıcı) yeniləri ilə əvəz edilmişdir. Daxili torkret beton izolə qatlarının sökülüb-dağılmış hissələri bərpa olunmuş, nəqliyyat xəttindəki kubot təmir edilmişdir. Su buxarı paylayıcısı dəyişdiriləcəkdir. Regeneratorda qüsurlu 9 ədəd hava paylayıcısı dəyişdiriləcək, eyni zamanda, sıradan çıxmış torkret-beton hissələri bərpa olunacaqdır. Hal-hazırda reaktor və regeneratorda təmir işləri yekunlaşmaq üzrədir. 100-cü bölmənin reaktorundan katalizator çıxarılacaq, ələnərək yenidən yerinə tökülməsi işləri yerinə yetiriləcəkdir. 300-cü bölmədə K-303/2-də şlyom xətti, K-303/1,2-də qüsurlu əlaqələndirici xətlər dəyişdirilir. Məşəl xətti və K-304, K-306-nın şlyom xətti dəyişdirilir. K-201-in 13 ədəd boşqabları yeniləri ilə əvəz olunacaqdır. 400-cü bölmədə Ek-401/1-4, Q-401/1,2-nin boru dəsti çöküntülərdən təmizlənmiş, buxar qızdırıcısının boru xətt dəsti çıxarılaraq təmir olunmuş, qüsurlu olanlar dəyişdirilmişdir. Qoruyucu klapanlar təmir edilmişdir. İstehsalatda yerinə yetiriləcək bu işlərdən əlavə, maye qazlar parkında və digər sahələrdə də müvafiq təmir işləri görüləcəkdir.  

...Təmir işlərinin gedişi ilə yerində tanış olur, icra edilən işləri nəzərdən keçiririk. Bu müşahidələrdən sonra yalnız onu demək olar ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun baş mütəxəssislərinin, istehsalatların, 13№-li sahənin və kənar təmir idarələrinin təmirçilərinin bacarığının şahidi olmaq üçün qurğularda apardıqları işlərə nəzər yetirmək kifayətdir.

Zavodun texnoloji qurğularında aparılan təmir işlərinin vüsətini, operativ təchizat, ciddi nəzarət, məsuliyyət və digər başqa amilləri nəzərə aldıqda, müəyyən olunmuş vaxt ərzində qarşıya qoyulmuş məqsədə nail olunacağına heç bir şübhə qalmır. İnanırsan ki, zavod müdiriyyəti və kollektivi bu sınaqdan da üzüağ çıxacaqlar.

Şamil Həşimov,
“Neftayıran” qəzetinin böyük redaktoru