Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Sevinc Azadi

Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır

08 may 2020 16:25
2918

Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi koronavirus infeksiyasına sürətli yoluxma halının qarşısını alınmasına öz müsbət təsirini göstərdi. İnfeksiyaya yoluxmuş insanlar dərhal aşkarlanaraq müvafiq xəstəxanalara yerləşdirildi, onların əksəriyyəti aparılan   müalicə üsulları nəticəsində sağalaraq evlərinə qayıtdılar. Daha bir vacib məqam odur ki, mümkün vasitələrdən istifadə olunmaqla, fəaliyyətlər onlayn rejimdə həyata keçirilərək həyatın iş axarı dayanmadı. Bu isə xüsusi karantin rejiminin yumşaldılması üçün şərait yaratdı.

Artıq bir neçə gündür ki, xüsusi karantin rejimindən çıxaraq yumşalma ilə bağlı qərar verilib. Bir sıra sahələrin fəaliyyəti bərpa olunub, qadağalar aradan qaldırılıb. Ancaq bu qərarlar heç kimi arxayınlaşdırmamalı, vətəndaşlar pandemiya təhlükəsinin tam olaraq aradan qalxmadığı gerçəkliyini anlamalı, belə bir düşüncədən kənar olmalıdırlar. Əks halda, infeksiyaya yoluxma halının azalmasını göstərən statistik rəqəmlər yenidən arta və əhalinin sağlamlığına mənfi təsir göstərə bilər. Yenidən neqativliklə üz-üzə gəlməmək üçün isə dövlət tərəfindən tətbiq edilən qaydalara məsuliyyətlə riayət olunmalı, vətəndaşlarımız üzərlərindəki məsuliyyətlərini hiss etməlidirlər. Yumşalma dövründə nəzərəçarpan məsuliyyətsizliklər yenidən koronavirus pandemiyasının başlanğıc dövründə həyata keçirilən tədbirlərin təkrarlanması tələbini ortaya qoyur. Çünki koronavirus pandemiyasının ikinci dalğasının ayaq açıb yeriməsinə imkan vermək olmaz. Vətəndaşlar daha bir reallığı da anlamalıdırlar ki, COVID-19 xəstəliyi təhlükəsinin aşkar edilən tərəflərindən biri də onun uzunmüddətli olmasıdır. Bu baxımdan tələb olunan qaydalara əməl edilməli, gigiyena qaydaları, dezinfeksiya vasitələrindən istifadə maksimum şəkildə həyata keçirilməli, həmin amillərə məsuliyyət hissi ilə yanaşılmalıdır.

Acı reallıqlarla və tükürpədən faciələrlə üz-üzə qalmış ölkələrin təcrübəsi göstərir ki, ayrılıqda götürülmüş fərdin sağlamlığı hamının, bütün cəmiyyətin sağlamlığı dərəcəsinə yüksəlib. Hər kəsin şəxsi məsuliyyət dərəcəsi heç zaman olmadığı qədər əhəmiyyət və dəyər kəsb etməyə başlayıb. Amansız virusun törətdiyi insan faciələri qarşısında aciz qalan ölkələrin acı təcrübəsi hər birimizə ibrət dərsi olmalıdır. Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır. Söhbət nə qədər şəxsi sağlamlığından, yaxınların sağlamlığından gedirsə, o qədər də dövlət və milli maraqlardan gedir.

“Əfsuslar olsun ki, bəzi adamlar karantin rejiminə əməl etmirlər. Yumşalma tədbirləri yalnız bir məqsədi güdürdü ki, insanların öyrəşdiyi həyat tərzi müəyyən dərəcədə bərpa olunsun. Karantin rejiminin yumşaldılması o demək deyil ki, karantin başa çatıb, xeyir. Karantin rejimi ən azı mayın 31-nə qədər qüvvədə olacaq və ondan sonra əgər lazım olarsa, uzadılacaq. Ona görə son günlərin mənzərəsi, sözün düzü, məni çox üzür və narahat edir. Çünki son 2-3 gündə xəstələnənlərin sayı sağalanların sayından çoxdur və əgər bu dinamika kəskin artarsa, - mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin, - biz məcbur olub karantin rejimini əvvəlki vəziyyətə gətirəcəyik, sərtləşdirəcəyik, qaydaları pozanlara qarşı da daha ciddi cəza tədbirləri görüləcək ki, biz vəziyyəti daim nəzarətdə saxlayaq.” Bu fikirləri Prezident İlham Əliyev Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında söyləyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan dövlətinin siyasəti və Operativ Qərargahın bu işlərə gündəlik rəhbərlik etməsi əsas bir məqsədi güdür ki, biz vətəndaşların həyatını, sağlamlığını qoruyaq: “Eyni zamanda, bu məhdudlaşdırıcı rejim çərçivəsində insanlara maksimum imkan yaradaq ki, onlar öyrəşdiyi gündəlik həyat tərzindən çox da uzaqlaşmasınlar. Ona görə biz bu yumşaldıcı tədbirləri görmüşük. Aprelin 27-dən, sonra mayın 4-dən daha da yumşaq rejim qüvvədədir. Ancaq biz nəyi görürük? Onu görürük ki, bəzi məsuliyyətsiz vətəndaşlar heç bir qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, özlərini elə aparırlar ki, sanki virus artıq məhv olub. Buna qətiyyən yol vermək olmaz. Ona görə bu adamlara qarşı ciddi tədbirlər görüləcək. Hamı bunu bilsin və nəticə çıxarsın. Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşsün. Qətiyyən mümkün deyil.”

Baş verən son proseslər dövlətin, həmrəylik hissinin, milli birliyin cəmiyyət üçün nə qədər böyük dəyərlər olduğunu göstərdi. Bu ağır günlərdə Azərbaycan xalqı olaraq güclü, çətin sınaqlarda vətəndaşlarını qorumağı bacaran bir dövlətə sahib olmaq duyğusunun qürurunu bir daha yaşamış olduq. İnanırıq ki, məhz dövlətimizin gördüyü tədbirlər nəticəsində Azərbaycan bu pandemiyadan ən az itkilərlə çıxmış ölkələrdən olacaq. Amma bu təkcə dövlətin işi deyil, vətəndaş olaraq hər birimiz də öz fərdi davranışlarımız, şəxsi məsuliyyət hissimizlə buna kömək göstərə bilərik və göstərməliyik. Çətin sınaqlar dövründə həmrəyliyə, milli birliyə nail olmaqdan ötrü hər kəs üzərinə düşəni yerinə yetirməyə borcludur. Biz birlikdə güclüyük. Heç bir çətinlik, problem, sınaq bu birliyin gücündən üstün deyil. Biz milli həmrəyliyimizin yaratdığı inamla, bir-birimizə qarşılıqlı dəstəyimizlə bu sınağı da tezliklə geridə qoyacağıq.

Nurəddin Muğanlı
Bura Vətəndir...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?