04 oktyabr 2019 10:23
296

Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir

Dövlətimizin başçısı İlham Əliyev ölkəmizdə keçirilən növbəti siyahıyaalınmada iştirak edərək siyahıyaalma və sorğu vərəqələrinin suallarını cavablandırarkən bildirmişdir ki, Azərbaycanda əhalinin artması ölkəmizin mövqelərini möhkəmləndirir

Hərtərəfli inkişafı şərtləndirən əsas amillərdən biri kompleks tədbirlərin həyata keçirilməsi, ayrı-ayrı sahələri əhatə edən Dövlət proqramlarının qəbulu və uğurlu icrasıdır. Hər bir sənədin icrasının uğurlu sonluqla başa çatması yeni proqramın qəbulunu zərurətə çevirir. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında bu məqam öz əksini tapır ki, Dövlət proqramlarında qarşıdakı dövr üçün vəzifələr müəyyənləşdirilməklə yanaşı, icra mexanizmləri, həmçinin ayrılacaq maliyyə vəsaiti öz əksini tapır.

Cənab İlham Əliyevin imzaladığı Sərəncam əsasında təsdiqlənən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” 2006-2015-ci illəri əhatə edən Məşğulluq Strategiyasının davamı kimi dəyərləndirilir. Belə ki, qeyd olunan strategiyanın icrası müddətində işsizlik səviyyəsi 7,3 faizdən 5 faizədək, yoxsulluq səviyyəsi 29,3 faizdən 4,9 faizədək azalıb, əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə, orta aylıq nominal əməkhaqqı 3,8 dəfə artıb. İşsizlərin, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması və rəqabətqabiliyyətliliyinin artması, iqtisadi fəallığın yüksəlməsi üçün əlverişli şərait yaradılması sahəsində mühüm tədbirlər həyata keçirilərək uğurlu nəticələr əldə olunub. Son 16 ildə 1,96 milyon yeni iş yeri yaradılıb ki, bunun da 73,3 faizi daimi iş yerləridir. Yeni iş yerlərinin 70 faizdən çoxu regionların, mütləq əksəriyyəti qeyri-neft sektorunun payına düşür. Strategiyanın həyata keçirilməsində əsas hədəflərdən biri işsizlik səviyyəsini 2030-cu ilə qədər 4 faizə, qadınlar və gənclər arasında minimuma endirməkdir. Qeyd edək ki, işsizlər arasında qadınların və gənclərin payının yüksək olması əmək bazarında müşahidə edilən əsas problemlərdəndir. Hədəflərdən biri 2025-ci ilədək bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olmaqdır. O da qeyd edilir ki, əmək bazarında və ya təhsildə olmayan gənclərin xüsusi çəkisi 2030-cu ilədək 15 faizə endirilməlidir.

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Çünki ölkədə ardıcıl həyata keçirilən və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi, icra olunan Dövlət proqramları demoqrafiya və əhali sakinliyinin inkişafında öz müsbət təsirini göstərməkdədir.

Görülən işlərə, əldə olunan uğurlara qısa baxış keçirməyimiz səbəbsiz deyil. Ölkə Prezidenti İlham Əliyevin 7 sentyabr 2016-cı il tarixli Fərmanına əsasən cari ilin 1-10 oktyabr tarixlərində ölkəmizdə əhalinin növbəti siyahıyaalınması keçirilir. BMT-nin metodologiyasına görə, ölkə ərazisində yaşayan bütün şəxslər haqqında sosial-iqtisadi, coğrafi-demoqrafik və etnik-mədəni əlamətlərinə görə məlumatların toplanması, ümumiləşdirilməsi və yayılması əhalinin siyahıyaalınmasının əsas məqsədidir. Siyahıyaalınmanın bütövlükdə həm ölkə, həm də regionlar üzrə aparılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, əhalinin tərkibinin müxtəlif əlamətlər üzrə öyrənilməsi ölkəmizin sosial-iqtisadi inkişafı üçün gələcək plan və proqramların hazırlanmasında önəmli rol oynayır.

Ulu öndər Heydər Əliyev Azərbaycanın ən başlıca sərvətlərini qeyd edərkən qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən insanları xüsusi vurğulayırdı: “Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da-bütünlükdə hamısı azərbaycanlıdır. Azərbaycanlı sözü bizi həmişə birləşdirib.”

Bu gün Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsinin vacibliyi qeyd olunursa, bu, dövlətimizin uğurlu siyasətinin göstəricisidir. Bu günün reallıqlarını düzgün dəyərləndirmək hər zaman keçilən yola nəzər salmağa, düzgün təhlillər aparmağa böyük zərurət yaradır. Məlum olduğu kimi, ötən əsrin sonlarında sovetlərin dağılması                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                   ilə yaranan, dünya birliyi üçün yeni proses olsa da, çox sürətlə yayılan qlobal dəyişikliklər iqtisadi, siyasi, sosial, demoqrafik sahələrdə olduğu kimi, dini dözümlülük ənənələrinin qorunması üçün də əsl sınağa çevrildi. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərildi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı xalqlar və dinlərarası münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasında mühüm rol oynadı. Ölkəmizin ev sahibliyi etdiyi dini sammitlərdə, sivilizasiyalararası dialoqun gücləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda da tolerantlıq təcrübəsi yüksək dəyərləndirilərək bildirilir ki, Azərbaycanda milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət meyilləri respublikanın müasirləşməsinə, modernləşməsinə xidmət edir. Prezident İlham Əliyev bildirir ki, milli dəyərlərimizə sadiq olmalı, qloballaşma adı altında milli mentalitetə xas olmayan keyfiyyətlər aşılanmamalıdır. Sovetlər dövründə xalqımız nə qədər məhrumiyyətlərlə, çətinliklərlə üzləşsə belə dininə, mənəvi dəyərlərinə sadiq qalmışdır. Müstəqillik əldə etdikdən sonra dini ənənələrimizin təbliği, islami dəyərlərə hörmət və ehtiram güclənmişdir. Son on altı ildə ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli-mənəvi dəyərlərimizin inkişafı, azərbaycançılıq ideyasının təbliği istiqamətində mühüm addımlar atılır. Ölkəmizdə daim diqqət yetirilən vətəndaş birliyi, həmrəyliyi, dini, milli məsələlərin həllində əldə olunmuş uğurlar tarixi sərvətimiz, nailiyyətimizdir. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Əsrlər boyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Bizim çoğrafi yerləşməmiz və xalqımızın tarixi irsi Azərbaycanda xüsusi ab-hava yaratmışdır. Azərbaycan Avropa və Asiya arasında təbii coğrafi körpüdür. Əminəm ki, Azərbaycan hazırda Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır. Bizim cəmiyyətdə multikulturalizm ənənələri dərin köklərə malikdir. Siyasi quruluşdan asılı olmayaraq, Azərbaycan müxtəlif millətlərin, dinlərin və etnik azlıqların nümayəndələri hər zaman sülh və ləyaqət şəraitində yaşamışlar.”

Milli dövlətə mənsubluq əsrlər boyu hər bir xalqın kimliyinin, şərəfli mübarizə yolunun təqdimatı olub. Əvvəldə də qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu çağırışı etmişdir ki, harada yaşamasından asılı olmayaraq butün soydaşlarımız bir amal - azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidir. Ümummilli Lider milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Ulu Öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Ən əsası qeyd etdiyimiz kimi, azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməldir. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” bildirən ümummilli lider Heydər Əliyev azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Bu ideologiyanın xarakteri həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur. UNESKO-nun məlumatına görə, dünyada hazırda 40 milyondan çox azərbaycanlı yaşayır. Hesablamaların birində isə göstərilir ki, bu rəqəm 50 milyondur. Ümummilli lider Heydər Əliyev xarici ölkələrə səfərlərinin birində diaspor nümayəndələri ilə görüşündə söylədiyi bu fikirləri bir daha yada salmaq istərdik: “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan.”

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik ölkəmizin ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ümummilli mənafelər naminə səfərbər etmək Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilib.

Qısa təhlil əsasında bu ümumiləşdirməni apara bilərik ki, Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə, daim dünya birliyinin fəal üzvü kimi mövqeyini möhkəmləndirir, yeni əməkdaşlıq formatlarının yaradılmasında təşəbbüskar kimi çıxış edir. Dövlətimizin başçısı İlham Əliyevin ölkəmizdə keçirilən növbəti siyahıyaalınmada iştirak edərək siyahıyaalma və sorğu vərəqələrinin suallarını cavablandırarkən Azərbaycanda əhalinin artmasının ölkəmizin mövqelərini möhkəmləndirdiyini xüsusi qeyd etmişdir.

Bu gün fəxrlə qeyd etdiyimiz uğurlar sırasında 10 milyonluq ölkə olduğumuzu xüsusi qeyd edirik. Bu mühüm hadisə Azərbaycanın iqtisadi inkişafının, təkmil islahatların uğurlarının təqdimatı kimi dəyərləndirildi. Əvvəldə də qeyd etdyimiz kimi, hər kəsin Prezidenti olduğunu əməli fəaliyyəti ilə təsdiqləyən dövlətimizin başçısı İlham Əliyev insan amilinə böyük dəyər verir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, 12 istiqaməti əhatə edən Strateji yol xəritələrində, “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda nəzərdə tutulan hədəflər ümumilikdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir. 2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasından ötən müddət ərzində baş vermiş ictimai-siyasi və sosial- iqtisadi proseslər, əldə olunan uğurlar demoqrafik vəziyyətə təsir göstərərək əhalinin sayına, yerləşməsinə, sosial-iqtisadi və digər əlamətlər üzrə tərkibinin dəyişməsinə səbəb olub. Əhalinin sayı və onun strukturu daim zamana görə dəyişir. Bu dəyişikliklər iqtisadiyyatın, ümumilikdə ölkənin hərtərəfli inkişafına öz müsbət təsirini göstərir.

Yeganə Əliyeva, “İki sahil”