08 aprel 2020 17:04
1150

Hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır

Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, qəbul edilmiş qərarlar  bu ağır sınaqdan az itkilərlə çıxmağa və vətəndaşlarımızı maksimum dərəcədə qorumağa xidmət edir

Dünyanı bürüyən, insanları   təhdid edən, sosial və iqtisadi fəsadları gündən-günə dərinləşdirən koronavirus pandemiyası, eyni zamanda, hər bir sahənin önəmini, ölkəmizin hərtərəfli inkişafı, insanların sağlamlığının, təhlükəsizliyinin təminatı üçün önəmini də açıqladı, həmin istiqamətdə atılacaq addımların, həyata keçiriləcək islahatların daha da dərinləşdirilməsinin vacibliyini ortaya qoydu. Bu gün  ölkəmizdə vətəndaş-dövlət birliyi fonunda koronavirus bəlasından az itki ilə çıxmaq üçün zəruri olan addımlar atılır və beynəlxalq səviyyədə təqdir edilir.  Təbii ki, bu mübarizədə çoxminli həkim ordusunun üzərinə böyük məsuliyyət düşür. Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün çıxışlarında, xalqa müraciətlərində həkim əməyinə yüksək dəyər öz ifadəsini tapır.

Sağlamlığımızın keşikçiləri olan həkimlərimiz  öz həyatlarını təhlükə qarşısında qoyaraq gecəli-gündüzlü  koronavirus infeksiyasının qarşısını almaq, bu xəstəliyə yoluxan insanların sağalıb ailələrinə dönməsi üçün bütün imkanlardan maksimum istifadə edir, ən əsası peşələrindən irəli gələn məsuliyyət hissinin ağırlığını daha dərindən dərk edirlər. Bu gün  sağlamlımız uğrunda gedən mübarizənin əsas qəhrəmanları, öncülləri şəfalı əlləri ilə insanlara xidmət edən, hər gün, hər saniyə xalqımız tərəfindən alqışlanan həkimlərimizidir. Dövlətimizin başçısı İlham Əliyevin Bakıda «Yeni klinika» tibb müəssisəsinin açılışında qeyd etdiyi kimi, həkimlər öz vəzifə borcunu yerinə yetirmək,  Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirir və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər: «Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək.»  Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə, o cümlədən gözəl Bakımızın  küçələrində yerləşdirilən  reklam lövhələrində  həkimlərin əməyinə verilən yüksək dəyər aydın şəkildə nümayiş olunur. «Eşq olsun Azərbaycan həkimlərinə», «Evdə qalaq həkimlərə dəstək olaq» kimi çağırışların yer aldığı həmin  təqdimatlardan hər bir Azərbaycan vətəndaşı böyük qürur hissi keçirir. Bu əminlik yaranır ki, dövlətimizin dəstəyi, həyata keçirilən tədbirlərin miqyasının genişləndirilməsi, həkim heyətinin  səyləri nəticəsində  koronavirus  pandemiyasına qarşı mübarizə qalib olacaq, bu sınaqdan az itki ilə çıxacağıq.

Azərbaycanın mübarizə tədbirlərinə ilk andan başlaması  Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri tərəfindən də yüksək dəyərləndirildi. Tədbirlər sistemli xarakteri ilə diqqət çəkdi.  Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Təhsil müəssisələrinin, bağçaların, ticarət mərkəzlərinin fəaliyyəti dayandırıldı. Ciddi karantin rejimi tətbiq olunur. 65 yaşdan yuxarı insanların evdən çıxmasına  qadağa qoyuldu. Bu yaşda olan vətəndaşlarımız virusa yoluxmağa daha riskli qrup kimi diqqətə alındı.  Ümumdünya Səhiyyə Təşkilatı, eyni zamanda,  Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən insanların vacib olmadığı təqdirdə  evlərindən  çıxmaması tövsiyə olunur. Çünki bir nəfərin xəstəliyə yoluxması ümumilikdə ailəsinin, doğmalarının, ətrafındakı insanların yoluxmasına yol açır. Vətəndaşlara bu çağırışlar edilir ki, hər kəs özünün mənəvi həkimi olmalıdır. Bu baxımdan ki, lazım olan gigiyena və özünütəcrid qaydalarına əməl etsək, xəstəliyə yoluxmanın faizi  çoxalmaz, əhatə dairəsi genişlənməz. «Biz nə etməliyik» sualı ətrafında fikirlərini  açıqlayan cənab İlham Əliyev bildirir ki, qaydaların pozulmasına imkan verə bilmərik: «Biri deyir ki, mənə heç nə olmaz, biri deyir ki, mən qorxmuram. Söhbət ondan getmir ki, sənə heç nə olmaz, yoxsa olar. Birincisi, sənə bir şey olarsa, gərək ən azı 10 həkim sənə qulluq etsin, 10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına atsın bir məsuliyyətsiz adama görə. Bu, tamamilə qəbuledilməz bir fikirdir ki, “mən qorxmuram, mənə bir şey olmaz”. Hesab edirəm ki, belə adamlar məsuliyyətə cəlb edilməlidir. Biz maksimum çalışırıq ki, bu vəziyyətdə insanların narahatlığını anlayaq və kömək göstərək. Hər kəs üçün çətindir. Aydın məsələdir ki, evdə oturmaq çətindir. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Bakı şəhərində, bütün digər yerlərdə, rayonlarda gözəl parklar, istirahət zonaları salınıbdır, hava da yaxşıdır. Ancaq hər bir adam məsuliyyətli olmalıdır. Olmaz belə. Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə! Həmçinin 10-dan çox insan bir yerə toplaşmamalıdır. Bunu da pozurlar. Ona görə də bu tədbirlər daha da sərtləşdiriləcək.»

Karantin qaydalarının günün tələblərinə uyğun olaraq sərtləşdirilməsində də əsas məqsəd  insanların sağlamlığının təminatı, bunun məqsədlə onların  evdə qalmaları üçün tədbirlərin miqyasını genişləndirməkdir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, xaricdən gələn soydaşlarımız, həmçinin tələbələr  14 günlük karantin rejiminə yerləşdirilir. Onlar tibbi müayinədən keçirilir,  sonra evlərinə buraxılırlar. Karantin rejimi əsasən beşulduzlu otellərdə, turizm mərkəzlərində həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə açılışı olan «Yeni klinika» tibb müəssisəsi də  koronavirusa yoluxan insanların müalicəsi üçün onların ixtiyarına verilib. Təbii ki, bu kimi biri-birindən əhəmiyyətli addımların əsasında  dövlətimizin vətəndaşlarına diqqət və qayğısı, onların sağamlığının prioritetliyi dayanır. Vacib və əhəmiyyətli addımlardan biri kimi dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək  Fondunun yaradılmasını qeyd etməliyik. Ölkə Prezidentinin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir illik əmək haqlarını həmin fonda keçirmələri ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Sahibkarlar, ayrı-ayrı dövlət qurumları, o cümlədən sadə insanlar  fonda ianələr köçürdülər. Dövlətimizin başçısı İlham Əliyev «Yeni klinika» tibb müəssisəsinin açılışında bu mühüm məqamı xüsusi qeyd etmişdir: «Eyni zamanda, adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər. Mənə müntəzəm olaraq məlumat verilir. Elə adam var ki, bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. “Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk.»

Göründüyü kimi, dövlət dəstəyi, dövlət-vətəndaş birilyi, səhiyyə sisteminin inkişafı, həkimlərimizin yüksək məsuliyyəti koronavirus pandemiyasına qarşı mübarizədən az itki ilə çıxacağımıza  inamı daha da artırır. 

Son günlərin mühüm hadisləri sırasında  Sumqayıt Kimya Sənaye Parkında tibbi  maska istehsalı müəssisəsinin açılışını qeyd etməliyik. Bu baxımdan ki, sağlamlığımızın təminatı, virusa yoluxmanın qarşısının alınması üçün vacib amillərdən biri tibbi maskalardan istifadə edilməsidir. Maska çatışmazlığı bu gün təkcə ölkəmiz deyil, dünya üçün  problemdir. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq çox qısa zamanda, təxminən iki dəftədə ölkəmizdə maska istehsalına başlanılması təqdir olunan addımlar sırasındandır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi,  tibbi maska istehsalı həm  koronavirusla  mübarizəyə mühüm töhfədir, həm də  Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır.  Əsas məqsəd odur ki, insanların sağlamlığı təmin edilsin.

Ölkə Prezidenti bu müqayisəli təhlili diqqətə çatdırır ki, hazırda hətta ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və inkişaf etmiş ölkələrdə gündə minə yaxın insan vəfat edir. Əgər tibb sahəsi çox inkişaf etmiş ölkələrdə bu xəstəliklə bağlı belə böyük problemlər varsa, təsəvvür etmək çətin deyil ki, bizim üçün nə qədər böyük problem yarana bilər. Ona görə koronavirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün ölkəmizin ən müasir, ən gözəl xəstəxanaları  onların ixtiyarına verilir.

Ümumilikdə  son illərdə ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər göz önündədir. Statistkaya diqqət yetirsək görərik ki,  2004-cü ildən bu günə qədər 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib.  Bu gün Azərbaycanda elə şəhər yoxdur ki, orada müasir tibb mərkəzi, xəstəxana olmasın. Bir neçə şəhərdə  Mərkəzi Rayon Xəstəxanasının tikintisi davam edir,   yaxın vaxtlarda istifadələri nəzərdə tutulub.  Təkcə cari ilin ötən dövründə dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə  Qazax, Goranboy və Şəmkir şəhərlərində Mərkəzi Rayon xəstəxanalarının açılışı olmuşdur. Təbii ki, bu sahəyə diqqətin, Azərbaycan səhiyyəsinin inkişafının, peşəkar və təcrübəli həkim  kontingentinin olmasının nəticəsidir ki, dünyanı bürüyən və fəsadları daha da dərinləşən koronavirus infeksiyasına qarşı mübarizədən qələbə  ilə çıxacağımızı böyük əminliklə qeyd edirik. Dövlətimizin başçısı İlham Əliyevin 7 aprel 2020-ci il tarixli  «Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında»  Sərəncamı da  görülən tədbirlərin miqyasının genişləndirilməsinə, ən əsası  səhiyyənin inkişafına və  insanların sağlamlığının təminatına xidmət edən addımlar sırasındandır.  Sənəd koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə imzalanıb.  Hər birində 200 çarpayı olan modul tipli 6  xəstəxananın quraşdırılması nəzərdə tutulur.

Dövlətimiz hər zaman olduğu kimi, bu gün də həkimlərimizin əməyini yüksək dəyərləndirir.  Cənab İlham Əliyevin  18 mart 2020-ci il tarixli «Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında»  Sərəncamı da bu tərkibdəndir. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzalanan həmin sənədə əsasən,  işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə edildi.  Həmin Sərəncamda bu mühüm bənd də öz əksini tapmışdır ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtləri də müəyyənləşdirilsin.

Ölkə Prezidentinin bu tapşırığına uyğun olaraq  Baş Nazir Əli Əsədovun «Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi barədə» Qərarında  onlara  2020-ci il aprelin  1-dən aylıq 250 manat məbləğində mükafat nəzərdə tutulur.

«Əlbəttə ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm» söyləyən dövlətimizin başçısı İlham Əliyev  koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşının 3, 4, 5 misli məbləğində artırılmasını  dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürü kimi dəyərləndirməklə yanaşı, bu mühüm məqamı xüsusi qeyd edir ki, ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil.  Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər.

Müayinələrin sayına görə Azərbaycanın MDB və Cənubi Qafqazda birinci yerdə olduğu və bir çox Avropa ölkələrini qabaqladığı bildirilir. Bu, Azərbaycan dövlətinin koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir. Cənab İlham Əliyev bu çağırışı edir ki,  insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı hər şeydən üstüdür.  İnsanlar məsuliyyətli olmalı, nizam-intizamı, qaydaları pozmamalı, özlərini, yaxınlarını qorumalıdırlar.

Yeganə Əliyeva, «İki sahil»