KÖŞƏ

Sevinc Azadi

Heç bir ölkə Dağlıq Qarabağ adlı qanunsuz qurumu tanımır

27 fevral 2020 11:10
1988

Bu kontektdə Ermənistan rəhbərliyinin bir-birini inkar edən bəyanatları danışıqlar prosesinə böyük zərbədir

Türkiyənin sabiq prezidenti Turqut Özalın bir deyimi var - “Böyük siyasətin taleyi küçələrdə həll oluna bilməz”. Küçələrdə nüfuzu olan, lakin böyük siyasət barədə təsəvvürü belə olmayan Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən məsuliyyətsiz bəyanatları ilə ölkəsini tələyə salmaqda davam edir. Xüsusilə də “Qarabağ danışıqları”nda özünü necə aparmaq lazım olduğunu anlamayan baş nazir diplomatik etiketi pozmaqla yanaşı, ifrat populist bəyanatları ilə vəziyyəti daha da çətinləşdirir. Qeyd edək ki, Paşinyanın baş nazir seçilməsi ilə Qarabağ danışıqlarında “taym-aut” götürüldü. Bir müddət münaqişə barədə ümumiyyətlə danışmayan, “Mən Ermənistanın başçısıyam, “DQR”in öz rəhbəri var” deyən N.Paşinyan ictimai rəydə nüfuzunun düşdüyünü anladı, yenidən Qarabağ mövzusunda danışmağa başladı, məntiqsiz bəyanatlara start verdi. İndiyədək Ermənistan özünü məzlum, yazıq ölkə kimi təqdim edirdisə, Dağlıq Qarabağın işğalında həlledici iştirakını ört-basdır etməyə çalışırdısa, artıq Paşinyanın son bəyanatları bu ölkənin əvvəlki yalan və saxtakarlıqlarının üstünü açır. Baş nazir isterik düşüncəsi və çaşqınlığı ilə ağlına gələni danışır. O, işğal faktına hüquqi don geyindirmək üçün gah Dağlıq Qarabağla bağlı separatçılığı Azərbaycanın SSRİ-dən ayrılması ilə eyniləşdirir, gah açıq-aşkar ölkəmizə hədə-qorxu gəlir, gah da xəyallarında “qüdrətli Ermənistan” qurur. Siyasi ritorikaya qapılmış kəmağıl baş nazir unudur ki, Azərbaycan SSRİ-yə Dağlıq Qarabağın ərazisi ilə, müstəqil, müttəfiq dövlət kimi daxil olub, bu ittifaqdan da həmin ərazi ilə birlikdə çıxıb, dünya birliyinə də ərazi bütövlüyü tanınmaqla qəbul edilib. Azərbaycanın bu siyasi hüququndan Ermənistan da eyni dərəcədə istifadə edib. Dağlıq Qarabağ isə muxtar vilayət kimi Azərbaycan SSRİ-yə daxil ediləndən sonra onun tərkibində yaradılıb. Azərbaycanlıların da yaşadığı bu tarixi vilayətin kimdənsə “ayrılmaq”, “müstəqilliyini təyin etmək” və kiməsə “birləşmək” hüququ olmayıb.

Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi, Ermənistan rəhbərliyinin çox ziddiyyətli və bir-birini inkar edən bəyanatları danışıqlar prosesinə böyük zərbədir: “Onlar gah deyirlər ki, Dağlıq Qarabağ Ermənistandır, gah deyirlər ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Belə çıxır ki, onlar özləri də bilmirlər Dağlıq Qarabağ nədir? Bilmirlərsə, biz deyə bilərik: Dağlıq Qarabağ Azərbaycandır. Bunu biz deyirik, bunu bütün dünya deyir. Bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və heç bir ölkə Dağlıq Qarabağ adlı qanunsuz qurumu tanımır. Əlbəttə ki, münaqişə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı çərçivəsində öz həllini tapmalıdır”.

Paşinyanın sərsəm bəyanatları açıq-aşkar beynəlxalq hüququn prinsiplərinə zidd olsa da, o, ölkə rəhbəri kimi konkret məsuliyyət daşısa da ikili standartları dünyada gizli normaya çevirmiş dairələr, güc mərkəzləri bunu görməzliyə və eşitməzliyə vururlar. Məsələ aydındır: Ermənistan təzyiq aləti kimi onların işinə yarayır. Analitiklər qeyd edirlər ki, Nikol Paşinyanın hakimiyyətə gəlişindən bu yana Qarabağ məsələsinə dair çox vaxt bir-birini təkzib edən, əsasən pafosa və əlçatmaz xəyallara söykənən tezisləri artıq onun qeyri-ciddi siyasətçi obrazının formalaşmasına səbəb olub. Belə görünür ki, bu adam köhnə hay-küylü, pafoslu jurnalistika vərdişlərindən əl çəkə bilmir. Dünya ictimaiyyəti isə münaqişə üzrə danışıqlarda indiyə qədər daim konstruktiv mövqe göstərən regionun lider ölkəsi olan Azərbaycanın ədalətli mövqeyi ilə təcavüzkar Ermənistanın atdığı addımları yaxşı görür.

Ermənistan və xüsusilə cinayətkar xunta rejimi vəziyyəti dəyərləndirərək nəticə çıxarmalı və hesablanmamış atılan addımlara görə məsuliyyət daşıdıqlarını dərk etməlidir. Təcavüzkar Ermənistan tərəfindən işğalın nəticələrini “möhkəmləndirmək” üçün atılan istənilən addım beynəlxalq hüquqa ziddir və heç bir fayda verməyəcək. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri bərpa olunduqdan və ölkəmizin işğal olunmuş ərazilərindən qovulmuş yüzminlərlə azərbaycanlı geri döndükdən sonra iki icmanın sülh şəraitində birgə yaşayışını müzakirə etmək olar. Ermənistan illərdir ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaqla regionda keçirilən beynəlxalq layihələrdən də məhrum olur, bu isə işğalçı ölkənin iqtisadi inkişafına da, sözsüz ki, öz təsirini göstərir. İqtisadi durumun çətinləşməsi ilə paralel olaraq sakinlərin ölkəni tərk etməsi prosesi davam edir. Artıq sıravi vətəndaşlar ümidlərini üzərək öz dolanışığını başqa ölkələrdə axtarmağa üstünlük verirlər. Üstəlik, işğal edilmiş Azərbaycan torpaqlarında xidmət etmək istəməyən gənclər də miqrantlar arasında üstünlük təşkil edirlər. Erməni diasporunun ianələri hesabına ayaqda qalmağa çalışan ölkədə demoqrafik və sosial vəziyyət isə getdikcə gərginləşir.

Yaqut Ağaşahqızı
Biz birlikdə güclüyük!
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?