KÖŞƏ

Qvami Məhəbbətoğlu

Hamıya və hər kəsə dəstək tədbirləri...

09 aprel 2020 17:38
2352

Xəbər verildiyi kimi, ölkəmizdə dünyanı sarsıdan koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alınıb, diaqnostik alətlər və tibbi ləvazimatlar vaxtında ölkəyə gətirilərək tibb müəssisələrinə təhvil verilib. Lakin Azərbaycan dövləti təkcə bu bəla ilə mübarizə aparmır, həmçinin  Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına əsasən ölkəmizdə koronavirus pandemiyasının iqtisadiyyatımıza ehtimal olunan mənfi təsirindən yarana biləcək məşğulluq, eləcə də sosial problemlərin həlli istiqamətində də fəal siyasət həyata keçirir. Həmin sənəddə iş yerlərinin, eləcə də sosial sabitliyin qorunması istiqamətində vəsaitlərin ayrılması nəzərdə tutulur.

Belə ki, dövlət və özəl sektorlar üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi üçün aprel-may aylarında müvafiq işlər həyata keçirilir. Bu istiqamət üzrə görüləcək işlər dövlət sektorunda 910 min , qeyri-dövlət sektorunda   isə 664 min işçini əhatə edir. Bunlardan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 min haqqı ödənilən ictimai iş yerinin (2020-ci ilin aprel-may ayları) yaradılması vasitəsilə həmin iş yerlərində işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin ediləcək. Bu məqsəd üçün 30 milyon manat vəsait nəzərdə tutulur.

Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 200 min nəfərə isə  2020-ci ilin aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə  veriləcək. Bunun üçün 70 milyon manat nəzərdə tutulur. Yeri gəlmişkən, son məlumata əsasən, işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) ailədə əmək qabiliyyətli, lakin faktiki işsiz olan və sosial ödəniş almayan övladlara da şamil ediləcək. Yəni,  əgər ailədə ər və arvad ikisi də işsizdirsə, onlardan birinə, eyni zamanda, ailənin digər üzvləri (məsələn, ailənin oğlu və ya qızı) işsizdirsə və sosial ödəniş almırsa, onlara da veriləcək.

Üstəlik, İşsizlikdən Sığorta Fondu, BMT İnkişaf Proqramı və Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi də təmin olunacaq. Proqram bu il üzrə 11 min nəfəri əhatə edəcək və İşsizlikdən Sığorta Fondu hesabına bu məqsəd üçün 70 milyon manat ayrılması nəzərdə tutulur.

Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi də diqqət mərkəzindədir. Belə ki, cari ilin aprel-may ayları üzrə bu xidmətlər 14 min nəfəri əhatə edəcək.

Bu prosesdə sahibkarlar da diqqət mərkəzindədir. Belə ki, pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Onu da qeyd edək ki, bu maliyyə yardımı ötən il vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil olunacaq.

Şübhəsiz, bütün bu dəstək tədbirləri, sahibkarlığa kredit-zəmanət mexanizmi, vergi güzəştləri ilə bağlı qanunverici təşəbbüslər iqtisadi fəallığın qorunmasına yönəlib və ölkənin gələcək iqtisadi artımını təmin etmək üçün zəruri bazanı və elementləri özündə əks etdirir. Bütün bunlar isə o deməkdir ki, ölkəmizin bütün vətəndaşları bu tədbirlərdən bəhrələnəcəklər.

Bir daha xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı pandemiyanın milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, sosial istiqamət üzrə  geniş tədbirləri əhatə edir. Həmin istiqamətlər üzrə 3 milyard manat vəsait yönəldiləcək.

Yaqut Ağaşahqızı
Biz birlikdə güclüyük!
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?