Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Zahid Rza

Hamımız QARABAĞLIYIQ!

20 oktyabr 2020 18:04
642

Şanlı Azərbaycan Ordusunun zəfər yürüşü davam edir. İşğal altındakı torpaqlarımızın geri alınması ilə bağlı əməliyyat plan üzrə gedir. Dünən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində bildirdi ki, Füzuli rayonunun altı kəndi, Cəbrayıl rayonunun yeddi, Xocavənd rayonunun beş, Zəngilan rayonunun altı kəndi və Zəngilan şəhəri işğaldan azad olunub.

Təcavüzkar Ermənistanın başıpozuq, çaşqınlıq və vahimə içində qalan, ümidsiz silahlı qüvvələri artıq arxalarına belə baxmadan qaçırlar. Dövlətimizin başçısının dediyi kimi, biz onları torpaqlarımızdan elə qovuruq ki, dabanlarına tüpürüb qaçırlar. Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv etmişik. Təkcə PUA-larla işğalçı ölkənin silahlı qüvvələrinə 1 milyarddan çox zərər vurulub. Bütövlükdə döyüşlərin başladığı vaxtdan bu günə qədər düşmən Ermənistan tərəfinə təxminən 2 milyarda yaxın ziyan dəyib.

Döyüş meydanında məğlub olan Ermənistanın təkcə ordusu deyil, iqtisadiyyatı da məhvə məhkumdur. İqtisadçıların hesablamalarına görə, Azərbaycan Ordusunun əks-həmləsi Ermənistan üçün baha başa gəlib. Belə ki, ilk 4 gün ərzində düşmənə endirilən zərbələr nəticəsində Ermənistanın təxmini 1,2 milyard dollardan çox qiyməti olan hərbi texnika və sursatı məhv edilib. Ermənistanın hərbi itkilərinin maliyyə tutumu onun dövlət büdcəsində hərbi istiqamətə nəzərdə tutulmuş xərclərinin həcmini iki dəfə üstələyir. Eyni zamanda, ilk 4 gündə məhv edilən təkcə hərbi texnika və sursatın dəyəri Ermənistanın strateji valyuta ehtiyatlarının yarısına və dövlət büdcəsinin üçdəbirinə bərabərdir. Artıq Ermənistan milli valyutasının, dramın devalvasiyası və ərzaq qıtlığı kimi təhdidlərlə üzbəüzdür. Müzəffər ordumuzun uğurlu əks-həmləsi Ermənistanın onsuz da yüksək olan risk dərəcəsini bir qədər də artırır, ölkədən valyuta axınını sürətləndirir, yoxsulların sayının da kəskin artmasına səbəb olur. Proseslər belə gedərsə təcavüzkar Ermənistan qısa müddətdə iqtisadi, sosial və siyasi böhran məngənəsində boğularaq məhv olacaq.

Bütün bunları başda başsız N.Paşinyan olmaqla bütün erməni cəmiyyəti çox yaxşı anlayır. Elə bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Maryam Paşinyan sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı paylaşım edib. O, statusunda yazıb: “Xəyallarımız və hədəflərimiz puç oldu. Xəyallarımız isə əsgərlərimiz və vətənimizlə bağlı idi”.  Maryam Paşinyana sosial şəbəkələrdən ciddi təzyiq gəlib. Ermənilər həmin paylaşıma şərh yazaraq bildiriblər ki, məhz Maryamın Soros qulu olan atası bu ölkəni uçuruma sürüklədi.

Artıq erməni əsgərləri, eləcə də Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən erməni könüllüləri döyüşlərin gərginliyi və itkilərinin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşdən imtina edirlər. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağa cəbhə bölgəsinə yollanmaqdan imtina edib. Nəticədə yüzlərlə şəxsə cinayət işi açılıb, həbs olunanlar, işgəncəyə məruz qalanlar olub. Ümumiyyətlə, döyüş əməliyyatları başlayandan Ermənistanın ordu sıralarında 3 minədək fərari aşkar edilib. Cəbhə bölgəsində ard-arda itkilər verən Ermənistan artıq döyüşlərə birinci Qarabağ müharibəsinin iştirakçıları olan “qocalar”ı cəlb edir, həmçinin  yaşlı qadınları da döyüşə göndərirlər. İş o yerə çatıb ki, bu gün Ermənistan ordusu Dağlıq Qarabağda münaqişə zonasında düşdüyü çətin vəziyyətdən manekenlər vasitəsilə çıxmağa çalışır. Erməni hərbi forması geydirilmiş manekenin qurşağa kimi torpağa basdırılır. Onlar belə düşünürlər ki, bu manekenlər erməni əsgərlərdən fərqli olaraq döyüş meydanından qaçmayacaq. Budur uzun illər havadarlarına köpəklik edərək onların dabanlarını yalayan ermənilərin “müzəffər ordusu”.  Bu “ordu” haqqında mifi qəhrəman Azərbaycan Ordusu tamamilə darmadağın etdi. 

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təcavüzü, Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda Vətən müharibəsinə başlaması dünyada yaşayan azərbaycanlıları ayağa qaldırmışdır. Bu ağır və şərəfli günlərdə dünya azərbaycanlıları Prezident, Ali Baş Komandanı İlham Əliyevin ətrafında daha sıx birləsiblər. Hamımız yaxşı bilirik ki, məhz dövlətimizin başçısının qətiyyəti sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Milli Ordumuz cəsarətlə mübarizə aparır. Bu gün rəşadətli Azərbaycan Ordusuna xalqımız, bütün sülhsevər insanlar, dünya azərbaycanlıları hərtərəfli dəstək verirlər.

Şanlı Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın işğaldan azad edilməsi vətəndaşlarımız, eləcə də xaricdə yaşayan soydaşlarımız tərəfindən böyük sevinclə qarşılanır. Onlar sevinc hisslərini Prezident, Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda bildirirlər. Məsələn, Ağdaş rayon sakini Taleh Yunusov yazır: “Hörmətli cənab Prezident, Sizin uğurlu və uzaqgörən siyasətiniz nəticəsində bu gün Azərbaycan Ordusu sürətlə irəliləyir. Azərbaycan torpaqlarının azadlığa qovuşduğu bu günlər tarixə qızıl hərflərlə yazılır. Mən Sizinlə qürur duyuram, cənab Ali Baş Komandan. Dünyanın hər yerində Azərbaycanla bağlılığı olan hər bir kəs Sizinlə fəxr edir. Yaşasın Azərbaycan, yaşasın Prezidentimiz!”.

Bu gün bütün dünya azərbaycanlıları xalqımıza bu haqq işində, şərəfli mübarizədə zəfər arzulayır, daim var qüvvəsi ilə başda Ali Baş Komandanımız olmaqla Azərbaycan dövlətinin, ordusunun yanında olduğuğunu bildirir, qürur hissi ilə “Hamımız Qarabağlıyıq!” deyir.

Nurəddin Muğanlı
Bura Vətəndir...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?