22 aprel 2019 10:16
146

Haçiyoci festivalı böyük maraqla qarşılanıb

Yaponiyanın Haçiyoci şəhərində keçirilən “Güllər və yaşıllıqlar şəhərinin inkişafı” festivalı yerli sakinlər və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

AZƏRTAC xəbər verir ki, aprelin 20-21-də təşkil edilən festivalda güllərdən düzəldilən kompozisiyaların nümayişi ilə yanaşı, yerli sənətkarlar da öz qabiliyyətlərini göstəriblər.

Festivalın təşkilatçısı “Junior Chamber İnternational Japan” təşkilatının nümayəndəsi Koiçi Murata agentliyin Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, yaz fəslində bütün Yaponiyada olduğu kimi, Haçiyoci şəhərində də yaşıllaşdırma işlərinə başlanır. Tədbirin əsas məqsədi də şəhər sakinlərini, şəhərimizin qonaqlarını həmin tədbirlərə cəlb etməkdir. Artıq ənənəyə çevrilən festival çərçivəsində Haçiyoci stansiyasının yaxınlığındakı küçə boyunca yerləşdirilən rəngarəng çiçək çələngləri, müxtəlif əyləncə yerləri, milli adət-ənənələri əks etdirən stendlər ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır. Bu çələnglər müxtəlif müsabiqələrin qalibləri tərəfindən hazırlanır. Bayram çərçivəsində çiçəklərlə bağlı müxtəlif tədbirlər, musiqi nömrələri, məktəblilərin iştirakı ilə kütləvi çiçəkəkmə aksiyaları təşkil edilir. Məqsədimiz isə şəhərimizi daha da gözəlləşdirmək, onu çiçəklər və yaşıllıqlar məskəninə çevirməkdir.

Haçiyoci şəhərinin “Hoşasen dori” küçəsi boyunca yerləşdirilən çadırlarda yerli sakinlərin məşğul olduğu sahələr üzrə təqdim etdikləri sənət nümunələri də ziyarətçilərin böyük marağına səbəb olub. Burada yerli kulinarların bişirdikləri şirniyyatlar, milli kimano geyimi məşqi, bəzək əşyalarının düzəldilməsi, çiçəklə saçların bəzədilməsi və digərləri festivala qatılanlar tərəfindən maraqla qarşılanıb.

Çiçəklərlə saçların bəzədilməsi stendinin nümayəndəsi Suzuki Ayuko bildirib ki, bu sənət öz kökü ilə çox qədimlərə gedib çıxır. Təbii çiçəklərdən düzəldilən kompozisiyalar həm uşaqlar, həm gənc qızlar, həm də yaşlı xanımlar tərəfindən çox yüksək qiymətləndirlir: “Bu kompozisiyaların hazırlanması zamanı ustalarımız tərəfindən saçın və sifətin rənginə, başın quruluşuna uyğun çiçəklər seçilir. Gördüyünüz kimi, ustalarımızın əl işləri festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanır”.

Yaponiya xanımlarının milli geyimi olan kimano ondan istifadə edənlərdən böyük bacarıq tələb edir. Xanımların kimano geyimi üzrə usta Cunko Hiquçi Kələntər bunun bir nəfərin görə biləcəyi iş olmadığını söyləyib: “Görünüşü nə qədər sadə olsa da, kimanonu geyinmək hər adamın işi deyil. Şəxsən mən bunu öyrənmək üçün 3 aylıq kurslara qatılmışam. Yalnız kursu bitirdikdən sonra mənə müvafiq sertifikat verilib. Gördüyünüz kimi, festivala qatılan yapon xanımlar böyük məmnuniyyətlə bizim təcrübəmizdən istifadə etməyə çalışırlar”.

Müxtəlif musiqi qruplarının qatıldığı festivalda həm müasir, həm də milli musiqi nömrələri səslənib. Xüsusən gənclərin sevimlisi olan musiqi qruplarının ifaları alqışlarla qarşılanıb.