17 iyul 2019 16:39
222

Habbl sabitinin yeni ölçmələri yalnız sirri gücləndirir

Astronomlar, əvvəlki ölçmələrdə tətbiq olunmayan tam fərqli ulduz siniflərindən istifadə edərək, Kainatın genişlənmə sürətinin yeni ölçməsini aparıblar. Habbl (Hubble) kosmik teleskopu vasitəsilə alınan bu yeni verilənlər fundamental qiymət üçün əvvəlki ölçmələrdən təyin olunan qiymətdən fərqli nəticə verir. Bu isə Kainatın fundamental xassələrinin yeni təfsirlərinə gətirə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytında yer alıb. Məlumatda bildirilir ki, Kainatın genişlənməsi, daha doğrusu, hər saniyədə qalaktikalar arasındakı məsafənin artması tədqiqatçılara təxminən 100 ildir məlumdur. Lakin Kainatın genişlənmə sürətini müəyyən edən Habbl sabitinin qiyməti isə indiyədək dəqiq təyin olunmayıb.

Hazirda Habbl sabitinin təyini üçün iki əsas üsul var. Onlardan biri Sefeid adlanan dəyişən ulduzların parlaqlığının ölçülməsinə əsaslanır və bu üsul Habbl sabiti üçün 74 (km/san) Mpk qiymətini verir. İkinci isə relikt şüalanma adlanan Kainatın antik şüalanma parametrlərinə əsasən modelin qurulmasından irəli gələn üsuldur ki, bu halda sabit üçün 67,4 (km/san) Mpk alınır. Bu iki üsulla aparılan hesablamaların yoxlanması və dəqiqləşdirilməsi, alınan nəticələrin üsullar arasında əlaqələndirilməsinə imkan verməyib.

ABŞ-ın Çikaqo Universitetinin professoru Vendi Fridmanın (Wendy Freedman) rəhbərliyi ilə alimlər qrupu yeni tədqiqatlarında Habbl sabitinin qiymətinin müəyyən olunması üçün qırmızı nəhənglər sinfinə daxil olan ulduzların parametrlərinin təyininə əsaslanan, asılı olmayan hesablanma üsulu təklif edib.

Qrupun hesablamalarına görə, bizim qalaktikanın kənarlarında Kainatın genişlənmə sürəti 70 (km/san) Mpk-dən azca kiçik olmaqla əvvəl alınan qiymətlərin heç biri ilə üst-üstə düşmür. Tədqiqatın müəllifləri izah edir ki, bu qiymət Avropanın Plank (Plank) peykinin köməyi ilə relikt şüalanmanın parametrlərinə əsasən alınan qiymətə yaxındır.

Tədqiqat “Astrophysical Journal” jurnalında dərc olunub.