11 iyun 2019 12:52
182

Gürcüstanda özünəqəsd və intihar halları artıb

Son illər Gürcüstanda özünəqəsd və intihar halları artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Hüquq Müdafiəçiləri Birliyinin sədri Nikolaz Mjavanadze ölkənin Daxili İşlər Nazirliyinə (DİN) istinadla məlumat yayıb. Onun sözlərinə görə, Hüquq Müdafiəçiləri Birliyi ölkədə son 8 ildə intihar hallarının statistikası ilə bağlı DİN-ə müraciət edib. Əldə olunan məlumatlarda deyilir ki, 2011-ci ildən 2018-ci ilədək ölkədə 2905 nəfər intihar edib. Statistikaya görə, ən çox intihar 2016-cı ildə qeydə alınıb – 469 hal. Özünəqəsd hallarının təhlükəli həddə çatdığını vurğulayan sədr deyib ki, hər il qeydə alınan intiharların sayı 365-dən çoxdur. İntihar halları ən çox paytaxt Tbilisidə, Sameqrelo və Acarıstan regionlarında baş verib. İntihar edənlər ən çox 23-50 yaş arasında olublar. Son dövrlər 16-20 yaş qrupundan olan gənclər arasında intihar hallarının artdığı müşahidə edilir.

Hüquq müdafiəçisi deyib ki, intihara ən çox ağır sosial-iqtisadi şərait səbəb olub. Sədr çox maraqlı bir fakta da toxunaraq bildirib ki, BMT Gürcüstanı “təhlükə altında olan” millətlərin siyahısına daxil edib. O deyib: “2050-ci ildə biz çox ağır vəziyyətdə olacağıq. Amma ağır vəziyyət bizi daha tez haqlaya bilər. Miqrasiya artır, intihar hallarının da artması vəziyyəti daha da ağırlaşdırır”.

BMT-nin İqtisadi və Sosial məsələlər Departamenti 2016-cı ildə Gürcüstanı “təhlükə altında olan” və “dili məhv olan” millətlər siyahısına daxil edib. Hesabatlara görə, 2050-ci ildə Gürcüstan əhalisinin sayı 28 faiz, etnik gürcülərin sayı isə 2 dəfə azalacaq. Sovet dövründə aparılmış siyahıyaalınmaya görə, 1989-cu ildə Gürcüstan əhalisinin sayı 5 milyon 400 min nəfər olub. 2014-ci ilin hesabatına görə isə əhalinin sayı 3,7 milyon nəfərə qədər azalıb.

Nikolaz Mjavanadze hökuməti təcili tədbirlər görməyə dəvət edib.