14 yanvar 2020 16:24
527

Gürcüstanda məktəbin yerində idman meydançasının tikilməsi azərbaycanlıları narazı salıb

Gürcüstanın Marneuli rayonunun Sabirkənd kəndində yerləşən 2 saylı 9 illik ictimai məktəbin yerində idman meydançasının tikintisinə başlanılıb.

Bu, yerli azərbaycanlılar arasında böyük narazılıq yaradıb.

Kənd sakinləri bildiriblər ki, qəzalı və yararsız vəziyyətdə olan təhsil müəssisəsinin sökülərək yerində yeni məktəb binasının inşa olunacağı gözlənilirdi. Azərbaycandilli məktəbin yerində idman meydançasının salınması isə yerli sakinlər üçün gözlənilməz olub.

Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov məsələ ilə bağlı “Report”a açıqlamasında deyib ki, Sabirkənd 2 saylı məktəb 10 ildir fəaliyyət göstərmir: “Həmin məktəb qəzalı vəziyyətdə olduğundan 2010-cu ildə Gürcüstanın Təhsil və Elm Nazirliyinin müvafiq qərarı ilə Sabirkənd 1 saylı məktəbə birləşdirilib”.

Onun sözlərinə görə, məktəb binasının yerində stadion tikintisini yerli idarəetmə orqanı həyata keçirir və yararsız tikili demontaj olunacaq.

K.Ömərov əlavə edib ki, Sabirkənd 1 saylı məktəb də qəzalı vəziyyətdə olduğundan onun yerində yeni bina tikiləcək: “Artıq layihə təsdiqlənib və bu il ərzində tikinti işlərinə başlanılacaq. Sabirkənd məktəbinin şagirdləri iki ilə yaxındır Algeti kənd məktəbinin ikinci növbəsində təhsil alırlar”. 

“Report”