22 iyul 2019 13:39
158

Gürcüstan “Kartli” külək elektrik stansiyasını özəlləşdirir

Gürcüstan hökuməti “Kartli” külək elektrik stansiyasını (KES) özəlləşdirir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş Nazir Mamuka Baxtadze sərəncam imzalayıb. Artıq Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə stansiyanın əmlakının 100 faiz özəlləşdirilməsi və auksionda satışının təşkili barədə tapşırıq verilib. Nazirlik özəlləşdirmə sənədlərini Gürcüstanın “Energetikanın İnkişafı Fondu” və “Neft–Qaz Korporasiyası” ilə birgə hazırlayıb hökumətə təqdim edəcək.

Ümumi gücü 20 MVt olan “Kartli” KES Qori şəhərindədir və 2016-cı ildə istifadəyə verilib. Layihənin ümumi dəyəri 34 milyon ABŞ dolları olub. Stansiyanın tikintisini Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyələşdirib.

“Energetikanın İnkişafı Fondu”nun məlumatına görə, “Kartli” ötən il 84,2 kilovat/saat elektrik enerjisi istehsal edib.