30 yanvar 2020 11:14
1327

Günümüzün tələbi: İdarəçilikdə, şəffaflıqda, hesabatlılıqda yeni yanaşma

Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bunu mümkün edən güclü siyasi dəstəyimiz vardır

Dövlətimizin başçısı İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında “Həyatlarının yaxşılaşdırılmasını istəyən azərbaycanlılar üçün Siz yeni hökumətin onlara nələr verəcəyinə ümid edirsiniz, onlar növbəti bir və ya iki ildə hansı fərqləri müşahidə edəcəklər” sualına cavabı ölkəmizin bugünkü uğurlarının, eyni zamanda, təkmil islahatların fonunda qarşıdakı illərin aydın mənzərəsini yaradır.

“Hesab edirəm ki, əvvəllər biz əsasən infrastruktur layihələrinə sərmayə yatırmışıq. Buna görə yenə də Davos Forumuna əsasən Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir. Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir. Biz 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa etmişik. Lakin bunlar dövlət sərmayəsinin bir hissəsi idi. İndi bizə nə lazımdır? Bizdən yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşması üçün yeni yanaşma tələb olunur” söyləyən cənab İlham Əliyev qeyd etmişdir ki, bu, mümkündür. Çünki bizim güclü siyasi dəstəyimiz var. Azərbaycan hökumətinin strateji baxışını 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını isə dünyada 11-ci yerə layiq görən Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsini önə çəkən dövlətimizin başçısı bildirmişdir ki, yeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək. İqtisadi artım əhalinin artımına uyğun gəlməlidir.

Bir əsas məqamı xüsusi qeyd etməliyik ki, ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, zəngin idarəçilik təcrübəsinə malik rəhbəri vardır. Bu fikir beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr vardır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu, təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Ötən il dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndəni Bakıda bir araya gətirən BMT-nin Dövlət Xidmətləri Forumunun keçirilməsində də məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsi idi. Forum Azərbaycanın yenilikçi, innovasiyalar ölkəsi olduğunu bir daha dünyaya nümayiş etdirdi. “ASAN xidmət”, bu layihənin davamı olaraq   ABAD, DOST adı altında digər sosialyönümlü xidmətlərin fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.  400-ə yaxın üzvü olan ABAD regionlarda işsizlik məsələlərinin həlli üçün mühüm bir vasitəyə çevrilib.

Dövlətimizin başçısı İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin prioritetliyi xüsusi olaraq önə çəkilir. “Ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var” söyləyən ölkə Prezidenti qeyd edir ki, hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək.

Təbii ki, uğurlarımızın əsasında islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşməsi, gələcəyə hesablanmış strategiyamızın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırlanması əsas yer tutur. Ölkə Prezidenti İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki, hazırda iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işlərə başlanılıb. Bu prosesə qabaqcıl beynəlxalq mütəxəssislərin, alimlərin cəlb edilməsi yeni inkişaf strategiyasının uğurlu nəticələrə yol açmasına hesablanıb. Təbii ki, gələcəyə nikbinliklə baxmağa əsas verən əsas amil bugünkü uğurlarımızdır. Hədəflərə yüksək səviyyədə nail olmaq üçün regionların potensial imkanlarından maksimum istifadə etmək məqsədilə Regional inkişaf proqramlarının uğurlu icrası nəticələrdən də aydın görünür. “Növbəti beşillik proqram - Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bu gün hələ də görə bilmədiyimiz bütün layihələri icra edəcəyik. Bu, möhkəm bir zəmindir. Biz bu zəmin üzərində yeni iqtisadi inkişaf modeli qurmalıyıq və qururuq. Bizdə həm təcrübə, həm də iradə var” söyləyən cənab İlham Əliyev həyata keçirilən siyasətin aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dəstəkləndiyini hesabatlara istinadən diqqətə çatdırır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumları ölkəmizin iqtisadi inkişaf modelini yüksək dəyərləndirir, ən əsası Azərbaycan ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirir.

Atılan addımlar günümüzün əsas çağırışlarından olan sahibkarlığın inkişafına da geniş yol açır. Həyata keçirdiyi siyasətin önündə yeniləşməni, modernləşməni əsas amil kimi önə çəkən Azərbaycan hər zaman ilklərə imza atan ölkə kimi tanınır və nüfuz qazanır. “ASAN xidmət”, “ABAD”, “DOST” layihələri şəffaflığın artırılmasına, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə,  elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.

Hər bir layihə özlüyündə inkişaf, tərəqqi deməkdir. Atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir. Ailə təsərrüfatlarının inkişafına dəstəyi asan şəkildə həyata keçirən “ABAD”, hər bir vətəndaşın yaxın dostuna çevrilən “DOST” idarəetmədə şəffaflığın qorunmasını, rəqabətin güclənməsini şərtləndirir.  Dövlətimizin başçısının bu fikirlərini də xatırlatmaq istərdik: “Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz.”

Biznesin sadələşdirilməsi, “bir pəncərə” prinsipinin tətbiqi şəraitində əldə olunan uğurlar və təcrübə beynəlxalq səviyyədə də qiymətləndirilir, öyrənilir və tətbiq olunur. Lazımsız yoxlamaların aparılmasına, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən hüquq mühafizə orqanlarının bəzi hallarda sahibkarlara problem yaratmasına, lisenziyaların sayının həddən artıq çox olmasına və digər məsələlərə hər zaman çıxışlarında diqqət yönəldən cənab İlham Əliyev qeyd olunan istiqamətlərdə atdığı addımları ilə sahibkarlığın inkişafına yaradılan imkanları daha da genişləndirir.

Əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin başçısı İlham Əliyevin son “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı, həyata keçirilən kadr və struktur islahatları gələcək planların uğurlu icrasını şərtləndirir. Ölkəmizin iqtisadi inkişafı fonunda ayrı-ayrı sahələrdə həyata keçirilən islahatlar önə çəkilərək, təkmilləşmənin vacibliyi diqqətə çatdırılır. Bu məqsəd açıqlanır ki, dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsi prioritetdir.

İdarəçilik sistemində təkmilləşmənin yol açdığı uğurlardan geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev bir daha bildirir ki, görülmüş işlər düzgün yolda olduğumuzu söyləməyə əsas verir.

Təkmil islahatların davamı kimi dövlətimizin başçısı İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanını da qeyd etməliyik. “Elektron məhkəmə” informasiya sisteminin yaradılması məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edəcək. Ölkə Prezidenti bildirir: “ Hesab edirəm ki, onun icrası bu sahədə də ciddi dönüşə səbəb olacaq. Yəni, biz gərək hər bir sahədə irəli gedək. Yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir. Nəzərə almalıyıq ki, bizim neft-qaz sektorumuz da iqtisadiyyata böyük dəstəkdir. Nəzərə almalıyıq ki, biz indi nəqliyyat mərkəzlərindən birinə çevrilirik.” Ötən il Çində keçirilən “Bir kəmər, bir yol” Forumu Azərbaycanın tranzit ölkə kimi möhkəmlənən mövqeyinə, eyni zamanda, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji, nəqliyyat layihələri ilə ölkələr, dövlətlər arasında dostluq əlaqələrinə işıq salmışdır. Bu mühüm Foruma diqqətə əsas verən amil bu günlərdə Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel iclaslarında, görüşlərdə Azərbaycanın gerçəkliyə çevirdiyi layihələrlə regional və beynəlxalq əməkdaşlığa töhfələrinin təqdir olunması, ən əsası Çinin “Bir kəmər, bir yol” layihəsinə dəstəyinin yüksək dəyərləndirilməsidir. Qeyd olunan Forumda Azərbaycanın iştirakı bir daha onu göstərdi ki, ölkəmiz bu önəmli layihənin tərkib hissəsidir. Cənab İlham Əliyev bütün sahələri əhatə edən, Azərbaycanın hərtərəfli inkişafına xidmət göstərən təkmil islahatlara, uğurlu nəticələrə əsaslanaraq, bu əminliyi ifadə edir ki, biz 2020-ci ili də uğurla başa vuracağıq.

Azərbaycanın innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi yaratdığını xüsusi qeyd edən beynəlxalq ekspertlər, siyasətçilər bildirirlər ki, dünyaya səs salan “ASAN xidmət” kimi layihələr  sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafəni qısaldıb və dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı ünsiyyəti şəffaflaşdırıb. Dövlət bu misilsiz nəticəni xidmətlərin göstərilməsini müasirləşdirməyə bütün hökumət qurumlarının birgə yanaşması, ASAN mərkəzlərin yaradılması və yenilikçi e-hökumət xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə əldə edib.

Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüşlərdə, iclaslarda dövlətimizin başçısı İlham Əliyevə ünvanlanan sualların mahiyyətində Azərbaycanın təkmil islahatlar yolu ilə qazandığı uğurlar və perspektivlər dayanır. Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsində də ölkəmizin bu uğurlarının beynəlxalq münasibətlərin formalaşmasında və yerinin möhkəmlənməsində roluna işıq salınır. Ümumi fikir budur ki, Azərbaycan əldə etdiyi uğurlarla kifayətlənmir, daim irəliyə baxır. Müasirlik, yenilik, təkmil idarəçilik dövlət siyasətinin əsasını təşkil edir. Eyni zamanda, çoxşaxəli və açıq xarici siyasət kursu həyata keçirən Azərbaycan dünyanın çoxqütblülüyünün tərəfdarıdır. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etmişdir ki, ölkələr özləri üçün birqütblülüyü təmin etməyə çalışmamalı, əksinə, hamı üçün sərfəli olan əməkdaşlıq elementləri tapmalıdırlar.

Regional çərçivədən beynəlxalq əməkdaşlığa doğru davamlı addımlar atan Azərbaycan dövləti daim bildirir ki, birgə səylərin göstərilməsi hədəflərin gerçəkləşdirilməsində əsasdır. Regional əməkdaşlığın əsas nümunələrindən olan BTC, BTƏ neft-qaz kəmərlərinin, BTQ dəmir yolunun istifadəyə verilməsindən sonra beynəlxalq əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas tərkib hissələrindən olan TANAP-ın istifadəyə verilməsi, cari ildə digər seqmenti olan TAP-ın istifadəyə verilməsinin nəzərdə tutulması bir daha bu reallığa işıq salır ki, ölkəmiz hər bir layihənin uğurlu sonluqla başa çatmasında maraqlıdır, bütün məsələlərdə qarşılıqlı maraqlar və hörmət prinsipləri əsas götürülür.

Yeganə Əliyeva, “İki sahil”