04 oktyabr 2019 10:38
253

Gün gələcək işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq

Regionun aparıcı dövləti kimi Azərbaycanın nüfuzunun daha da artması, hərbi qüdrəti, Ermənistanın qeyri-konstruktiv siyasəti fonunda mövqelərinin zəifləməsi bu əminliyə bir daha əsas verir

Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun “Şərq şəfəqləri və dünya siyasi quruluşu” mövzusunda XVI illik iclası bir çox məqamlara, ən əsası işğalçı dövlətin qeyri-konstruktiv siyasəti ucbatından beynəlxalq aləmdə zəifləyən mövqeyinə bir daha işıq saldı.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Dağlıq Qarabağ prosesinin nizamlanması haqqında sualı cavablandırarkən söylədiyi fikirlər Rusiya-Ermənistan münasibətlərində yaranmış soyuqluğun göstəricilərindəndir. Bunun başlıca səbəbləri bir tərəfdən Nikol Paşinyanın yürütdüyü anlaşılmaz, qeyri-konstruktiv siyasət, onun verdiyi müxtəlif səpkili məsuliyyətsiz bəyanatlar, digər tərəfdən isə Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi, regionun aparıcı dövləti kimi Azərbaycanın nüfuzunun daha da yüksəlməsi, dünyada etibarlı, səmimi tərəfdaş imicini qazanmasıdır. Sergey Lavrov bildirib: “ATƏT-in Minsk qrupunun həmsədrləri sıx dostluq şəraitində çalışırlar. Onlar bu il üç dəfə xarici işlər nazirləri ilə görüşüblər, o cümlədən bu ilin aprelində mənim iştirakımla Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüş keçirilib. İndi vəziyyət bir il əvvəlkindən sakitdir. Lakin siyasi proses yavaşıyıb və hələlik bu ləngiməni aradan qaldıra bilmirik. Tərəflər yetərincə ciddi bəyanatlar, o cümlədən Qarabağın Ermənistanın olması barədə bəyanatlar verirlər. Şübhəsiz ki, belə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmir.”

Rusiya Xarici İşlər Nazirliyinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə işlədiyini vurğulayan S.Lavrov bunu da əlavə edib ki, bu, az sayda hallardan biridir ki, bizim məsələyə baxışımız tamamilə eynidir, bizim baza sənədlərimiz var: “Bizim dəfələrlə müzakirə olunmuş baza prinsiplərimiz var. Bu prinsiplər əsasında məsələnin həllini axtaracağıq. Amma məsələnin həlli birbaşa dialoq yolu ilə tapılmalıdır. Əlaqələr var, lakin nizamlanmaya dair dialoq hələlik bərpa olunmur. Mən burada döyüş əməliyyatlarının yenidən başlanması üçün aşkar təhlükə görmürəm. Biz bunun baş verməməsi üçün hər şeyi edəcəyik.”

Göründüyü kimi, geniş şərhə ehtiyac yoxdur. Ermənistanın işğalçılıq siyasəti, təbliğatını yalan üzərində qurması artıq beynəlxalq aləmdə böyük narazılıqla qarşılanır, ən əsası havadarlarının da ondan üz döndərməsini şərtləndirir. Ermənistanın baş naziri Nikol Paşinyanın ilk gündən əsassız iddiaları, sərsəm bəyanatları işğalçı dövlət üçün yaxşı heç nəyin vəd olunmadığını nümayiş etdirir. Belə ki, Nikol Paşinyan ilk gündən münaqişənin həlli istiqamətində aparılan danışıqların formatında heç bir əsasa söykənməyən dəyişiklik etmək istəsə də, Azərbaycan dövlətinin sərt reaksiyası, eyni zamanda, beynəlxalq səviyyədə yeni formata təpki onun bütün çirkin niyyətlərini boşa çıxardı. Danışıqlar prosesində qondarma rejimin də tərəf kimi iştirakının vacibliyini iddia edən N.Paşinyan bu cəhdi ilə Dağlıq Qarabağı müstəqil dövlət kimi beynəlxalq ictimaiyyətə təqdim etmək istəyini nümayiş etdirsə də, belə bir danışıq formatının mümkünsüzlüyü rəsmi Bakı tərəfindən ən yüksək tribunalardan bəyan edildi. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında da bu məqam öz əksini tapır ki, baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi. Belə bir fikirlər səslənirdi ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Azərbaycan dərhal belə cəhdləri rədd etdi: “Əlbəttə ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və öz fikirlərini bildiriblər. Nəticə etibarilə danışıqlar prosesi bərpa edildi.”

Bir müddət öncə Ermənistanın baş nazirinin  Brüsselə səfəri zamanı ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin danışıqlar prosesində iştirakı ilə bağlı ziddiyyətli açıqlaması da  ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən bəyanatla cavablandırıldı. Belə ki, həmin bəyanatda danışqlar prosesinə hər hansı şərtin qoyulmasının yolverilməz olduğu qeyd edildi. Bildirildi ki, prosesi pozmağa cəhd edən aqressiv ritorikalar aradan qaldırılmalıdır, həmçinin danışıqlar prosesinin indiki vəziyyətində onun gələcəyini şərtləndirəcək fikirlərin söylənilməsi kimi yanaşmalar doğru deyil. Bəyanatda münaqişənin mərhələli yolla həlli konsepsiya olaraq qeyd edilmişdir. Azərbaycan da illərdir bu istiqamətdə ciddi səylər göstərir.  Burada əsas məqam Dağlıq Qarabağ bölgəsi ətrafında işğal olunan rayonlardan Ermənistan qoşunlarının çıxarılması, soydaşlarımızın öz doğma yurd- yuvalarına qayıtmasıdır.

Xatırlasaq, işğalçı Ermənistan yenə də ənənəsinə uyğun olaraq bu bəyanatı öz xeyrinə təhlil etməyə başladı. Heç zaman həqiqətlə barışmayan, saxta tarix yazıb bu günə qədər fakt qarşısında acizliklərini ört-basdır etmək üçün sərsəm bəyanatları ilə gündəmdə olan Ermənistan hakimiyyətindən  belə yanaşmalar başadüşüləndir. Qarşı tərəf daim danışıqlar prosesində maraqlı olmadığını müxtəlif bəyanatlarla büruzə verib. Sonrakı mərhələlərdə Paşinyan Qarabağın Ermənistan olması barədə sərsəm bəyanatı ilə gündəmdə oldu.

Ermənistanın işğalçılıq siyasətinin dünya birliyi tərəfindən pislənildiyi artıq bu günümüzün reallıqlarındandır. Düşünmək olar ki, Nikol Paşinyan Soçidə yaşadıqlarından bir nəticə çıxarar. Amma bu da real görünmür. Sərsəm bəyanatların müəllifi kimi tanınan N.Paşinyan ölkəsini hər bir baxımdan uçuruma yuvarlatdığının fərqindədir. Bu günün reallıqları fonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən daha çox hansı tərəfin əziyyət çəkdiyi göz önundədir. Azərbaycan müharibə şəraitində yaşasa da düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində hər sahədə davamlı uğurlara imza atır. Bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alıb. Ölkəmiz demokratik inkişafı ilə dünyanın diqqətindədir. Beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Ölkəmizdə iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlar davamlılığı ilə diqqət çəkir.  Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanır. Beynəlxalq təşkilatlarda ölkəmizin mövqeləri daha da möhkəmlənir. Azərbaycanın son diplomatik uğurlarına diqqət yetirmək kifayətdir. Ötən il dövlətimizin başçısı İlham Əliyevin Belçikaya səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlığın prioritetləri” adlı sənəd də dövlətimizin Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyinə dəstəyin göstəricisidir. Həmin sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunub. Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı öz fikrini birmənalı şəkildə ortaya qoyub. Həmçinin keçən il NATO-nun Zirvə görüşündə də qəbul edilmiş yekun Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək əksini tapmışdır. Bu mühüm hadisəni də qeyd edək ki, bu il Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək və Azərbaycan təşkilata sədrlik edəcək. 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycanın BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına sədrlik etməsi nüfuzunu daha da artıracaq, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət təsirini göstərəcək. Hər bir diplomatik uğur Azərbaycanın ədalətli mövqeyinin təqdimatıdır.

Amma təəssüflə qeyd etməliyik ki, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğu qərar və qətnamələrdə təsdiqlənsə də, konkret məqam yetişəndə dünya dövlətləri, beynəlxalq təşkilatlar susmağa üstünlük verirlər. Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan edir ki, beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlər üçün eyni şəkildə tətbiq olunmalı, vahid icra mexanizmi müəyyənləşdirilməlidir. Dünyanın ikili siyasətinin münaqişənin həlli prosesinin uzanmasında oynadığı rol inkaredilməzdir. Nə zamana qədər işğalçı Ermənistana beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğuna, həmçinin qərar və qətnamələrə məhəl qoymadığına görə təzyiq göstərilməyib, dünya dövlətlərindən və beynəlxalq təşkilatlardan ədalətli yanaşma gözləmək sadəlövlük olar. Bu günlərdə BMT Baş Assambleyasının 74-cü sessiyasında da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərt bəyanatlarla çıxış etdi: “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları hələ də Ermənistanın işğalı altındadır. Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir. Cənubi Qafqaz dünyanın problemli bölgələri sırasından çıxarılmalıdır.”

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyimizdən bir addım da geriyə atmamışıq. Bizim prinsipial mövqeyimiz daha da güclənir” bəyan edən dövlətimizin başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq, bu torpaqlarda prezident seçkiləri keçiriləcək, Azərbaycan Prezidenti seçiləcəkdir. O da bildirilir ki, qarşıya qoyulan bu məqsədlərə nail olmaq üçün biz daha güclü olmalıyıq.

İşğalçılıq siyasəti ucbatından Ermənistanın yaşadıqları dünyanın maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. İşğalçı Ermənistan ən kasıb ölkələr sırasında yer alır. Bütün enerji layihələrindən kənarda qalan, büdcəsini yalnız iyanələr hesabına formalaşdıran bir dövlətin güclü iqtisadiyyatdan danışması gülüncdür. Ölkəni kütləvi tərketmələr intensiv xarakter alıb. Ermənistan bu gün heç bir maraq doğurmayan ölkədir, bunun nəticəsi olaraq  investisiya yatırılmır. Baxmayaraq ki, işgalçı dövlətin keçmiş prezidenti S.Sarkisyan Fransa Şirkətlər Hərəkatının biznes şurasının üzvləri ilə görüşündə Ermənistanı innovasiyalar ölkəsi kimi təqdim etmişdir. Xatırlasaq, S.Sarkisyandan sonra Fransada səfərdə olan dövlətimizin başçısı İlham Əliyev Fransa Şirkətlər Hərəkatının biznes şurasının üzvləri ilə görüşündə Ermənistan prezidentinin səsləndirdiyi utopik fikirlərə münasibətini belə ifadə etmişdir:  “O, innovasiyalar barədə danışdı, deyirdi ki, Ermənistan innovasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var - əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan... Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin... Əgər bu ölkə belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar.”

Mövqeyinin dəyişməz olduğunu bütün beynəlxalq təşkilatların tribunasından bəyan edən rəsmi Bakı münaqişənin həllində hərb variantının istisna edilmədiyini də bildirir. Dövlətimizin başçısının işğalçı Ermənistana, onun havadarlarına ciddi mesaj kimi qəbul olunan hər bir bəyanatında bu məqam xüsusi yer alır ki, xalqın səbri tükənməz deyil.

Yeganə Əliyeva, “İki sahil”