13 avqust 2019 14:56
91

Güclü “Krosa” tufanı Yaponiyaya yaxınlaşır

Çox güclü “Krosa” tufanı Yaponiyanın cənubu ilə hərəkət edərək şimal-qərb sahillərinə yaxınlaşır. Onun avqustun 15-də Yaponiyaya çatacağı gözlənilir.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, ölkənin qərbində və şərqində tufan torpağa çatmamış güclü yağışlar olacağı gözlənilir. Bildirilir ki, avqustun 14-də və 15-də Yaponiyanın qərb sahillərinə çatan tufan daha da güclənəcək. Yaponiyanın qərb və şərq sahilləri boyunca güclü küləklər əsəcək. Küşü adasının cənubunda küləyin sürətinin saatda 108 kilometrə çatacağı gözlənilir.

Artıq geniş ərazilərdə nəhəng dalğalar müşahidə edilir. Şikoku yaxınlığında dalğaların hündürlüyünün 10 metrə çatacağı proqnozlaşdırılır.

Avqustun 14-də səhər saatlarında Tokio rayonuna 300 millimetr, Kansay regionuna 200 millimetr, Küşü və Şikokuya 100-150 millimetr yağıntı düşəcəyi bildirilir.

Avqustun 15-də 24 saat ərzində Şikokuya 400 millimetrdən 600 millimetrədək, Küşüyə və Kansaya 300 millimetrdən 500 millimetrədək, Tokaya isə 300-400 millimetr yağıntı düşəcəyi gözlənilir.

Sinoptiklərin bildirdiyinə görə, bəzi rayonlara 1000 millimetrdən çox yağıntı düşəcək.

Bununla bərabər, ənənəvi “O-bon” bayramı zamanı insanların yay tətilinə hazırlaşdığı ərəfədə güclü qasırğa barədə də xəbərdarlıq edilib.