31 avqust 2019 16:06
348

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər üçün növbəti imtahan keçirilib

Dövlət Gömrük Komitəsində gömrük təmsilçiliyi fəaliyyəti ilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün 5-ci imtahan keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, imtahan prosesində Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, imtahan komissiyasının üzvü olan Baş İdarə rəisləri və aidiyyəti qurumların nümayəndələri iştirak edib.

Qeyd edək ki, imtahanlar gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, fəaliyyətin mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə keçirilir.

İmtahanda 93 nəfər iştirak edib.

Ümumilikdə isə indiyə qədər keçirilən imtahanlarda iştirak etmək üçün 600-ə qədər müraciət daxil olub və namizədlərdən 145-i yüksək nəticələr əldə edib.