24 may 2019 16:04
285

Gənclərin ölkənin ictimai-siyasi həyatında rolu artır - FOTO

YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib

Mayın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib.

Konfransda Milli Məclisin deputatı Sabir Hacıyev, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, texnika elmləri doktoru, professor Mustafa Babanlı və Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov iştirak ediblər. Qonaqlar və konfrans iştirakçılarının bir qrupu əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək  önünə gül-çiçək dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən konfransda  əvvəlcə Dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin və vəfat etmiş YAP üzvlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov konfransı giriş sözü ilə açaraq ölkəmizdə gənclər siyasətinin əsasının ulu öndər Heydər Əliyevin hakimiyyətinin ilk illərində qoyulmasından və bu gün Prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. Yeni Azərbaycan Partiyasının intellektual, yüksək təhsilli Azərbaycan gəncliyini öz sıralarında birləşdirdiyini qeyd edən Cavid Osmanov partiyanın Ağdaş rayon təşkilatı Gənclər Birliyinin ən böyük rayon təşkilatlarından biri olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Şahmuradov geniş məruzə ilə çıxış edərək IV konfransdan keçən dövr ərzində görülmüş işlər haqqında məlumat verib. Məruzədə qeyd edilib ki, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyində 7346 nəfər gənc birləşib ki, bu da partiyanın rayon təşkilatında qeydiyyatda olan 17331 nəfər üzvünün  42,4 faizi deməkdir. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyi üzvlərindən 2656 nəfəri  ali təhsilli, 2891 nəfəri  orta ixtisas təhsilli, 1799 nəfəri isə orta təhsillidir. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyi üzvlərinin 3847 nəfəri qadınlardır. Ağdaşlı gənclərin ölkəmizdə keçirilən seçkilərin hər birində yüksək fəallıq nümayiş etdirdikləri qeyd edilib, YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyi üzvlərinin  internet resurslarından səmərli istfadə etdikləri və sosial şəbəkələrdə kifayət qədər fəal olduqları vurğulanaraq, gələcəkdə qarşıda duran vəzifələrdən danışılıb.

Məruzə ətrafında Xosrov kənd İcra nümayəndəsinin müavini Teymur Əmirli, Şəmsabad kənd tam orta məktəbinin direktor müavini Orxan Məmmədov və Qarağan Şıxlar kənd İcra nümayəndəsinin müavini  İsa Seyidov çıxış edərək YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyi tərəfindən görülən işlər, eyni zamanda, Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı haqqında konfrans iştirakçılarına məlumat veriblər.

Konfransda təşkilati məsələlərə baxılıb. 19 nəfərdən ibarət YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri seçilib. Konfransda  gizli səsvermə yolu ilə Teymur Mabud oğlu Əmirli YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Orxan Əjdər oğlu Məmmədov və İsa Mahir oğlu Seyidov YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyi sədrinin müavinləri, həmçinin YAP Gənclər Birliyinin V konfransına  nümayəndələr də seçiliblər.

Anar Şahmuradova Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri vəzifəsində səmərəli fəaliyyətinə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə YAP Ağdaş rayon təşkilatının Fəxri fərmanı və hədiyyəsi, YAP Gənclər Birliyinin Fəxri fərmanı təqdim olunub.

Konfransda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin deputatı Sabir Hacıyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı və Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov çıxış edərək yeni seçilən tərkibi təbrik ediblər. Natiqlər Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində gənclərimizin qazandıqları nailiyyətlərdən danışıblar. Bildirilib ki, Yeni Azərbaycan Partiyasında gənclərə öz fəaliyyətlərini daha da genişləndirmələri üçün lazımi şərait yaradılıb.

Orxan Vahidoğlu, “İki sahil”