11 iyul 2019 14:29
138

Gədəbəyin daha 3 yaşayış məntəqəsi qazlaşdırılıb

Gədəbəy rayonunun yaşayış məntəqələrinə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, ölkə başçısının tapşırığına əsasən, birlik tərəfindən cari ildə ucqar kəndlərin qazlaşdırılması məqsədilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq Gədəbəy rayonunun 8 yaşayış məntəqəsinin mərhələli şəkildə qazlaşdırılması da nəzərdə tutulub.

Dağlıq relyef olduğundan texnikanın çətinliklə işlədiyi ərazilərdə, qaz borularının işçilər tərəfindən həmin ərazilərə əlləri ilə daşınması, hava şəraitinin qeyri-sabit, yağıntılı keçməsinə baxmayaraq, artıq görülən işlər nəticəsində cari ilin iyununda Gədəbəy rayonunun Yenikənd, Çobankənd və Köhnəqışlaq kəndləri “mavi yanacaq”la təmin olunub.

İyulun 11-də isə daha 3 yaşayış məntəqəsinə - Novoivanovka, Çiçəkli və Şahdağ kəndlərinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 996 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün “bir pilləli” sistem əsasında ümumi uzunluğu 88 min 456 metr müxtəlif diametrli polad borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac eləcə də fərdi tənzimləyici quraşdırılıb. Hazırda rayonun Qurudərə və Sarıköynək kəndlərində qazlaşdırma işləri aparılır, tezliklə tikinti quraşdırma işləri yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Qeyd olunan bölgədə yerləşən yaşayış məntəqələrinə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına, ekologiyanın qorunmasına xidmət edir və qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq olunur. Bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə eləcə də istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Tədbirdə çıxış edən sakinlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.