24 aprel 2019 12:03
183

Fiziki məşqlər zehni inkişaf etdirirmiş

Boston Universitetinin alimlərinin fikrincə, müntəzəm fiziki fəallıq təkcə insanın bədən formasını deyil, koqnitiv sağlamlığını da təmin edir. Belə ki, fiziki məşq beynin qocalmasını gecikdirir və demensiya xəstəliyinin yaranması riskini azaldır.

Aparılan tədqiqatlar göstərir ki, adicə gəzinti kimi fiziki fəallığa davamlı olaraq vaxt ayıran insanlar əqli geriliklə çox nadir hallarda üzləşə bilərlər.

Ekspertlər hesab edirlər ki, həftədə ən az 150 dəqiqə fiziki məşq lazımi faydanın əldə edilməsi üçün kifayət edir.

“Əslində biz fiziki məşqlə beynin sağlamlığı arasında əlaqəni hələ təzə kəşf etmişik.Müəyyən etdik ki, fiziki cəhətdən fəal hər əlavə saat beynin həcminin artmasına səbəb olur”,-deyə tədqiqatçı Nikol Spartano bildirib.

Fiziki fəallığın zehni fəallığı dəstəkləməsi qan dövranının sürətlənməsi və yuxunun yaxşılaşması mexanizmi sayəsində baş verir.

Daha əvvəlki elmi tədqiqatlar da göstərirdi ki, qaçış, üzgüçülük, velosiped sürməklə müntəzəm məşğul olan insanların beyninin həcmi böyük olur. Ən əsası da bu, beynin öyrənmə və emosiyaları tənzimləyən hipokamp adlı hissəsinə, düşünməni təmin edən prefrontal qabığına təsir edir.

Fiziki fəallıq yuxunun keyfiyyətini yaxşılaşdırır, stressi azaldır, psixi sağlamlığa yaxşı təsir edir və koqnitiv bacarıqları gücləndirir.