11 sentyabr 2019 10:29
105

Fındıqçılıq: vəziyyət qənaətbəxşdirmi?

“Avropa ölkələrində Azərbaycanın fındıq ixrac etdiyi əsas bazarları İtaliya və Almaniyadır. İtaliya və Almaniyanın Azərbaycandan idxalı ümumilikdə 8-12 min ton arasındadır “. Bunu “Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri İsmayıl Orucov bildirib.

Onun sözlərinə görə, İtaliya və Almaniyanın Azərbaycandan fındıq idxalı ilə bağlı istəkləri böyükdür: “Lakin bizim gücümüzün də həddi var. Düşünürəm ki, bu ayın sonunda Avropa bazarlarına ixrac reallaşacaq”.

İ.Orucov əlavə edib ki, ənənəvi bazarlar sırasında isə Rusiya dayanır və bu ölkə qiymət baxımından ən rahat bazardır.

Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında ölkədən 72 milyon 67,02 min ABŞ dolları dəyərində 13 min 167,44 ton fındıq (ləpə) ixrac edilib. 2018-ci ildə 93,5 milyon dollar dəyərində fındıq ixrac edilib ki, bu da 2017-ci ildəkindən (114,5 milyon dollar)  18,34  faiz azdır.

Ümumilikdə götürdükdə isə son illərdə fındığın ixrac qabiliyyətliliyinin yüksəlməsi ölkə ərazisində fındıq bağlarının sahəsinin artmasına səbəb olub. Təkcə onu demək kifayət edir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə ölkədə fındıq bağlarının sahəsi 32 min 723,8 hektar olduğu halda 2017-ci ildə bu göstərici 2 dəfədən çox - 67 min 651,9 hektara yüksəlib.

Qiymətinə gəlincə, sosial şəbəkələrdə yayılan məlumatlardan aydın olur ki, fermerlərdən alınan fındığın qiyməti bir müddət əvvəl daha yüksək olsa da, hazırda nisbətən ucuzlaşıb. Məsələ bundadır ki, hava şəraitinin məhsuldarlığa təsiri səbəbindən qiymətlərdə artım olsa da, Avropa bazarındakı ucuzlaşma yerli alış qiymətindən də yan keçməyib. 

Ucuzlaşmaya səbəb kimi, dünyanın ən böyük fındıq istehsalçısı  Türkiyədə məhsul bolluğu, eyni zamanda, ən böyük fındıq alıcısı olan İtaliyanın şokolad və qənnadı məhsulları istehsal edən məşhur “Ferrero” şirkətinin alış qiymətini endirməsi göstərilir.

Xatırladaq ki, ötən ay  dünya fındığının 75  faizini istehsal edən Türkiyə, Azərbaycan və Gürcüstanın kənd təsərrüfatı nazirlikləri fındıq sahəsində əməkdaşlıq barədə sənəd imzalayıblar. Əməkdaşlıqda məqsəd  qiymətləri yüksək səviyyədə saxlamaq olub.

Bununla yanaşı, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə fındığın alış qiymətini növlərindən asılı olaraq 15,5-17 lirə (təxminən 4,6-5 manat) arası müəyyən edib. Lakin bu günlərdə qardaş ölkədə fındığın qiymətinin hətta 13 lirə səviyyəsinə (3,86 manat) qədər ucuzlaşması qeydə alınıb.

Paris Universitetinin Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Naciyə Selin Şenocaq Türkiyədəki ucuzlaşmanın səbəbini Avropadakı inhisarçı şirkətlərin apardıqları “qara piar”la əlaqələndirib. Onun sözlərinə görə, belə şirkətlər bu yolla dünyanın ən böyük fındıq istehsalçısının və ixracatçısının məhsulunu ucuz almağa çalışırlar.

Qeyd edək ki, fındıq ixracı Türkiyənin kənd təsərrüfatı ixracının 15 faizini təşkil edir və istehsalın 90 faizi bu istiqamətə yönəldilir. Arxada qalan ixrac mövsümündə bu ölkədən fındıq ixracı kəmiyyət ifadəsində 6 faiz, dəyər ifadəsində isə 10 faizdən çox azalıb. 

Fermerlərin sosial şəbəkələrdə yazdıqlarından belə qənaətə gəlmək olur ki, hazırda Azərbaycanda qabıqlı fındığın onlardan alış qiyməti keyfiyyət göstəricisindən asılı olaraq orta hesabla 3,1-5 manat arasında dəyişir. 

Bu ilin birinci rübündə Azərbaycan  12 ölkəyə 7 060 ton soyulmuş fındıq ixrac edib. Ümumi ixracın 3213,8 tonu və ya 45,52 faizi Rusiyanın payına düşüb. Yerdə qalan hissəsi isə İtaliya (1710 ton), Almaniya (1447,2 ton), Polşa (146 ton), Estoniya (88 ton), Litva (87 ton), Fransa (80 ton), Gürcüstan (80 ton) və digər ölkələrə göndərilib. 

Belə görünür ki, Avropa bazarındakı qiymət təlatümlərinin müqabilində Rusiyaya fındıq ixracı ixracatçılar üçün həm qiymət, həm də coğrafi baxımdan daha əlverişli olmaqda qalacaq. Bu faktor fermerlər üçün xüsusilə də aşağı məhsuldarlıq dövründə olduqca aktualdır.

Ceyhun Piriyev,

“İki sahil”