01 iyun 2020 17:51
492

Fərid Şəfiyevin məqaləsi nüfuzlu “Historia”da dərc olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin Polşanın nüfuzlu “Historia” nəşrində Rusiya imperiyasının köçürmə siyasəti və bunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə təsirinə dair məqaləsi dərc olunub.

Trend-in məlumatına görə, məqalədə ilk olaraq Rusiya imperiyasının 19-cu əsrdə erməniləri Cənubi Qafqaza köçürmə siyasətinin əsas məqamları nəzərdən keçirilir. Yazıda, həmçinin regionda baş vermiş demoqrafik dəyişikliyin 20-ci əsrdə Ermənistanla Azərbaycan arasında şiddətlənən münaqişəyə təsiri təhlil edilir.

Müəllif bildirir ki, 19-cu əsrin əvvəllərində Qacarlar və Osmanlı imperiyası ilə sərhəddə yerləşən Cənubi Qafqaz Rusiya üçün vacib strateji əhəmiyyət daşıyırdı. Bu baxımdan, Rusiya imperiyası ermənilərin regiona köçürülməsi barədə qərar qəbul edir. Fərid Şəfiyev qeyd edir ki, ilk köçürmə 1828-ci ildə 16 mart və 11 iyun tarixləri arasında baş tutub. Bu zaman 40 min erməni Qafqaza köçürülüb.

Köçürmənin ikinci dalğası isə 1829-cu ildə həyata keçirilib. Bildirilir ki, 19-cu əsrdə Rusiya imperiyası tərəfindən həyata keçirilən köçürmə kampaniyaları Cənubi Qafqazda radikal dəyişikliklərə səbəb olub. Bundan isə daha çox azərbaycanlılar əziyyət çəkib. Belə ki, əraziləri ilə yanaşı, iqtisadi və sosial inkişafı məhz imperialist ideyaları naminə üstünlüyü ermənilərə verən Rusiya tərəfindən idarə olunub. Müəllif köçürülmə siyasəti ilə etnik-ərazi münaqişələri arasında bağlılığı qeyd edərək yazır ki, qeyri-bərabər demoqrafik dəyişiklik Bakı kimi böyük şəhərlərdə də qeyri-stabilliyə səbəb olub və 1905-1906-cı illərdə etniklərarası qanlı toqquşmalar baş verib. “Demoqrafik vəziyyət, yəni yaşadıqları ərazilərdə say üstünlüyü etnik qrupları həmin torpaqlara iddia etməyə həvəsləndirib”,- deyə müəllif qeyd edir.

Daha ətraflı: https://historia.uwazamrze.pl/artykul/1149420/polityka-migracyjna-imperium-rosyjskiego