Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
29 sentyabr 2020 19:43
444

Fərəc Quliyev: Bu gün Azərbaycan Ordusu öz torpağında ölkəmizin ərazi bütövlüyünü qoruyur

«Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribatlar törədərək Ağdam, Füzuli, Cəbrayıl, Tərtər istiqamətlərində ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və ordumuzun mövqelərini atəşə tutub, nəticədə mülki əhaliyə böyük ziyan dəyib. Prezident İlham Əliyev xalqa müraciətində vəziyyəti ətraflı təhlil etdi. Dövlətimizin başçısı Ermənistanın xüsusən son illər törətdiyi təxribatları diqqətə çatdıraraq bildirdi ki, işğalçı ölkə danışıqlardan yayınır. Azərbaycan xalqı iki əsrdir erməni təcavüzündən, milliyyətçiliyindən, terrorundan və işğalından əziyyət çəkir. Torpaqlarımızın işğalda qalması, ermənilərin sərhəddə mütəmadi olaraq təxribatlar törətməsi rəsmi Bakının, o cümlədən ölkə ictimaiyyətinin ciddi narahatlığına səbəb olub. Ölkəmiz işğala məruz qalıb və işğalçı cəbhədə təxribatlar törədir. Azərbaycanın bir ümumi problemi var, o da Dağlıq Qarabağ və ətrafında olan rayonların işğaldan azad edilməsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev işğal faktının tezliklə aradan qaldırılması üçün böyük səylə çalışır. Artıq Azərbaycan Ordusu, xalqı, dövləti münaqişəyə  son qoymağın vaxtının çatdığını düşmənə göstərdi. Bütün Azərbaycan xalqı vahid bayraq altında birləşib, vətəndaşlarımız ordumuzun yanındadır. İnanıram ki, hər bir əli silah tutan Azərbaycan övladı hazırdır ki, dövlət başçısının bir əmri ilə ordu sıralarına qoşulsun və nəhayət ki, bu münaqişə öz həllini tapsın, işğal altında olan torpaqlarımız azad olunsun. Xalq, ordu, dövlət birliyi, Vətən uğrunda milli mücadilə sayəsində işğal olunan torpaqlarımız tezliklə düşmən tapdağından azad ediləcək. Çünki bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur.»

Bu fikirləri «İki sahil» qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirib.

Fərəc Quliyev qeyd edib ki, məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində deyib: «Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”.»

Təbii ki, bu vəziyyətdə hər bir təşkilatın və vətəndaşın əsas vəzifəsi dövlət ətrafında birləşmək və mərkəzi hakimiyyətin qərarlarına tabe olmaqdır. Biz hakimiyyətin siyasi kursunu ən sərt şəkildə tənqid edən müxalifət partiyalarından biri olsaq da, hazırkı vəziyyətlə bağlı xalqa səslənirik ki, düşmən hücumları və yaratdığı təxribatlar hakimiyyətə qarşı deyil, dövlətimizə və xalqımıza qarşıdır. Ona görə də dövlətimizin-ordumuzun gücünə güc qatmaq xalq olaraq əsas qayəmizdir. Bunun üçün isə mərkəzi hakimiyyətin addımları diqqətlə izlənilməli və maksimum dəstək nümayiş etdirilməlidir. Ona görə də biz Milli Dirçəliş Hərəkatı Partiyası olaraq bütün üzvlərimizi dövlət ətrafında sıx birləşməyə çağırırıq.

F.Quliyev vurğulayıb ki, MDHP-nin bütün üzvləri Ali Baş Komandanın əmrindədir və əsgər kimi ordu sıralarına qatılmağa hazırdır. Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayması, həmçinin ölkəmizin qeyri-hökumət təşkilatlarının Birləşmiş Millətlər Təşkilatı, ATƏT, ATƏT PA, Avropa Şurası, AŞPA, NATO, NATO PA, Avropa Komissiyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, TÜRKPA, eləcə də bütün digər beynəlxalq təşkilatlara müraciət ünvanlamaları milli həmrəyliyin bariz nümunəsidir. Dəfələrlə təkrarlanan təcrübədən bilməliyik ki, Ermənistanın Azərbaycana qarşı təcavüzündə maraqlı olan digər dövlətlərin, ölkəmizdəki casusları təxribat xarakterli məlumatlar yaymaqda maraqlı olacaqlar. Ona görə də xalqı mərkəzləşmiş məlumat mənbələrindən yararlanmağa və təxribat xarakterli şayiələrə uymamağa çağırırıq. KİV-i isə xəbər qaydalarına və xəbər mədəniyyətinə riayət etməyə səsləyirik. Müdafiə Nazirliyinin yaydığı xəbərlərdən başqa cəbhədən gələn şayiələrin bir hissəsi dedi-qodu, bir hissəsi isə düşmən agenturasının yaydığı yanlış informasiyalar ola bilər.

F.Quliyev diqqətə çatdırıb ki, bunlardan əlavə, aktiv müharibə vəziyyətindən «5-ci kolon»un siyasi nümayəndələrinin və ya mənfəətçilərin kiçik siyasi maraqlar naminə yararlanmaları yolverilməzdir. Xalq olaraq cəbhədəki gərginlikdən siyasi yararlar çıxarmağa çalışanlara qarşı olmalıyıq və bu cür halları təxribat kimi qiymətləndirməyi bacarmalıyıq. Bütün sınaqlarında olduğu kimi, bu gün də bir dövlət və xalq kimi, birliyimiz müşahidə olunur ki, biz bu birliyi qorumağı bacarmalıyıq və təxribatlara uymamalıyıq. Reallıq budur ki, bu gün cəbhədə gedən döyüşlər Azərbaycan Ordusunun nəzarətindədir. Ordumuz düşmənin hücum təxribatına layiqli cavab verərək əks- hücuma keçib. Ordumuzun düşmənə ağır zərbələr vurduğunu qarşı tərəf gizlətməyə çalışsa da artıq erməni mətbuatına bu bərədə xeyli xəbərlər sızmışdır. Ən qısa zamanda xalqımızı BÖYÜK QƏLƏBƏ GÜNÜ münasibətilə təbrik edəcəyimizə əminik. İşğal altındakı torpaqlarımız tezliklə azad ediləcək və qələbə bayrağımız Lələtəpədə, Murovda  olduğu kimi, Şuşada və Xankəndidə dalğalanacaq.”

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva,
«İki sahil»