19 iyun 2019 17:31
275

Fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi

İyunun 19-da Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Mərasimdə təhsil naziri Ceyhun Bayramov, Milli Məclisin deputatları, bir sıra dövlət qurumlarının, təhsil müəssisələrinin və media orqanlarının rəhbərləri, tanınmış ziyalılar, təhsil ekspertləri, münsiflər heyətinin üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət xorun ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib. Bildirib ki, fənn olimpiadalarına maraq ildən-ilə artır. 2018-2019-cu tədris ilində olimpiadaya 30000-dən çox şagird qatılıb. Olimpiadanın nəticələrinə görə, 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc olmaqla ümumilikdə 299 nəfər qalib elan edilib.

Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov ölkə Prezidentinin təhsilin infrastrukturunun yaxşılaşdırılması, yeni təhsil müəssisələrinin tikintisi və müəllimlərin əməkhaqqının artırılması ilə bağlı imzaladığı sərəncamların təhsil sahəsinə göstərilən diqqət və qayğının daha bir bariz nümunəsi olduğunu vurğulayıb. Nazir qalibləri təbrik edərək son illərdə olimpiadalar və istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Təhsil naziri bildirib ki, bu sahədə islahatlara 2014-cü ildən başlanılıb və qısa müddətdə istedadlı uşaqların aşkara çıxarılması üçün bir sıra sistemli işlər görülüb.

İstedadlı uşaqların aşkar edilməsi istiqamətində görülən işlərdən də danışan Ceyhun Bayramov çıxışının sonunda bütün qalibləri bir daha təbrik edib və onlara uğurlar arzulayıb. 

Mərasimdə Respublika fənn olimpiadaları iştirakçılarının və onların müəllimlərinin bilik yarışmasının təşkili və keçirilməsi ilə bağlı təəssüratlarının əks olunduğu videoçarx nümayiş edilib.

Mərasimdə Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 8 qızıl medalçıya – “Birincilərin birincisi”nə, ümumilikdə olimpiada qaliblərinə mükafatlar təqdim olunub. 

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.